Məhkəmə qərarları › İş №2-1(103)-1019/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1019/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1019/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və iddiaçının təsisçisi İddiaçı iştirakı ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı "xxxx" Kiçik Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə dəqiqləşmə ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının imzaladığı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 520 saylı sərəncamın ləğv edilməsi haqqında” xx.xx.2001-ci il tarixli 286 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 1 ünvanda yerləşən 0,036 ha torpaq sahəsi 1991-ci ildən "xxxx" kiçik müəssəsinin istifadəsindədir. 1992-ci ildə Bakı şəhər, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə, istifadələrində olan həmin torpaq sahəsində ticarət köşkü qurulmasına icazə verilmiş, bundan sonra burada köşk açılaraq ticarət mallarının pərakəndə satışı təşkil edilmişdir. xx.xx.2000-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə "xxxx" kiçik müəssəsi ofis binasının layihələndirməsi və tikintisinə icazə verilməsi barədə yazılı müraciət etmiş və həmin müraciətinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 520 saylı sərəncamı ilə müəssisənin istifadəsində olan, ünvan 2 ünvanda 960 saylı məhəllədə yerləşən 0,036 ha torpaq sahəsində ofis binasının layihələndirməsi və tikintisi üçün rəsmi qaydada icazə verilmişdir. Bunun üçün lazım olan bütün qanuni prosedurlar müvafiq qaydada həyata keçirilmiş, əlaqədar təşkilatların hər birinə ayrı-ayrılıqda yazılı şəkildə müraciət olunmuş, razılıq əldə olunmuş, və yazılı şəkildə razılıq alındıqdan sonra ofis binasının layihəsi hazırlanaraq təsdiq üçün Bakı şəhər İH-nin Memarlıq şöbəsinə təqdim edilmiş, lakin, uzun müddət keçməsinə baxmayaraq naməlum səbəbdən təqdim etdikləri layihə barəsində hər hansı qərar qəbul edilməsi onlara bildirilməmiş, bununla əlaqədar dəfələrlə müraciət etsə də layihənin təsdiq olunubolunmaması barədə məlumat ala bilməmişdir. Bundan sonra ailə vəziyyəti və maddi çətinliklə əlaqədar uzun müddət ofis binasının layihəsinin təsdiq etdirilməsi və tikintisinin həyata keçirilməsi ilə məşğul ola bilməmiş, hətta bir neçə il istifadələrində olan torpaq sahəsinə baş çəkməyə belə imkanı olmamışdır. Cari ilin avqust ayında ofis binasının layihəsinin aqibəti ilə maraqlandıqda cavabdehin xx.xx.2000-ci il tarixli, 520 saylı (ofis binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə) Sərəncamının sonradan digər xx.xx.2001-ci il tarixli 286 saylı Sərəncamı ilə ləğv edildiyi bildirilmişdir. Bundan sonra dəfələrlə müraciət edərək həmin Sərəncamın əslinin və ya təsdiq olunmuş surətinin eyni zamanda həmin Sərəncamın verilməsinin əsasını təşkil edən sənədlərin ona təqdim olunmasını xahiş etsə də, hər dəfə müxtəlif bəhanələrlə cavabdeh həmin sərəncamın təsdiq olunmuş surətinin rəsmi qaydada ona verməkdən imtina etmişdir. 2022-ci ilin avqust ayında hüquqi yardım üçün vəkilə müraciət etmiş və qanuna müvafiq qaydada vəkil sorğusu ilə cavabdehə müraciət edərək həmin sərəncamın surətinin ona verilməsini xahiş etmiş, lakin sonucu xx.xx.2023-cü il tarixli cavab məktub ilə inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhəkəmədə baxılmasını bildirmişdir. Torpaq sahəsinin taleyi ilə bağlı onlarda heç bir məlumat olmadığından, sənədlərin təqdim edilməsi ilə bağlı cavabdehə müraciət edilsə də sənədlər onlara təqdim olunmamışdır. Buna görə də, sənədlərin təqdim edilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətininin üzərinə qoyulması barədə məhkəmədə iddia qaldırmışlar. Məhkəmənin sorğusu əsasında sənədlər məhkəməyə rəsmi qaydada təqdim edilmişdir. Bu zaman onlara məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakmiyyəti Başçısının imzaladığı xx.xx.2000-ci il tarixli 520 saylı sərəncamı ləğv edilmişdir. İddiaçı hesab edir ki, həmin sərəncam qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı "xxxx" Kiçik Müəssisəsi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini İPM-in 39.1-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassıdır. 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncam məhkəmənin müvafiq sorğusu əsasında rəsmi qaydada əldə olunaraq bizə təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərəfimizdən poçt vasitəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunaraq (poçt qəbzi əlavə olunur) 16 aprel 2001-ci il tarixli 286 saylı sərəncamın ləğv olunmasını xahiş etmiş, müraciəti cavabsız qaldığı üçün 35 gün keçdikdən sonra sözügedən sərəncamın ləğv olunması barədə məhkəmədə iddia qaldırmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddia mümkünlük şərtlərinin yerinə yetirildiyi halda yolveriləndir. Yəni, iddia iddia müddəti çərçivəsində subyektiv hüququ olan şəxs tərəfindən, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilməsi mümkün olsun. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda, isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. İddiaçının tələbindən göründüyü kimi, mübahisəlndirmə iddia vasitəsilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 286 saylı sərəncamın ləğv edilməsini xahiş etmişdir. İlk öncə, qeyd olunmalıdır ki, inzibati icraat haqqında prosessual qanunvericilik qüvvəyə minənə qədəq (xx.xx.2011-ci il tarixinədək) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsində şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulurdu. Eyni zamanda, xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsi nəzərədə tutur ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 373.1-ci maddəsi isə nəzərdə tutur ki, ki, ümumi iddia müddəti 10 il təşkil edir. xx.xx.2011-ci il tarixinədən qüvvədə olan AR İPM-in 38.1-ci maddəsi isə nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. İddiaçı isə sözügedən hüquq normaları ilə müəyyən edilən hüquqi imkanlarından vaxtında istifadə etməmiş, qanunla müəyyən olunan bütün müddətləri ötürməklə, o cümlədən, 22 il keçdikdən sonra cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 286 saylı sərəncamının ləğv edilməsi tələb etmişdir. Bütün bunlara rəğmən isə hazırkı apellyasiya şikayətində bildirir ki, həmin sərəncamdan məlumatı olmamış və bunu belə əsaslandırır ki, cavabdehin ilkin xx.xx.2000-ci il tarixli, 520 saylı sərəncamı ilə müəssisənin istifadəsində olan, torpaq sahəsində ofis binasının layihələndirməsi və tikintisi üçün hazırlanmış layihə təsdiq üçün Bakı şəhər İH-nin Memarlıq şöbəsinə təqdim edilmiş, lakin, uzun müddət keçməsinə baxmayaraq naməlum səbəbdən təqdim etdikləri layihə barəsində hər hansı qərar qəbul edilməsi onlara bildirilməmiş, bununla əlaqədar dəfələrlə müraciət etsə də layihənin təsdiq olunubolunmaması barədə məlumat ala bilməmişdir. Bundan sonra ailə vəziyyəti və maddi çətinliklə əlaqədar uzun müddət ofis binasının layihəsinin təsdiq etdirilməsi və tikintisinin həyata keçirilməsi ilə məşğul ola bilməmiş, hətta bir neçə il istifadələrində olan torpaq sahəsinə baş çəkməyə belə imkanı olmamışdır. Keçən ilin avqust ayında ofis binasının layihəsinin aqibəti ilə maraqlandıqda mübahisələndirilən xx.xx.2001-ci il tarixli 286 saylı sərəncamla “ofis binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi barədə xx.xx.2000-ci il tarixli, 520 saylı sərəncamın ləğv edilməsindən xəbər tutmuşdur. Birincisi, iddiaçının qeyd olunan formal və əsaslandırılmamış cümlə düzümləri onun 22 il ərzində marağında olduğu və əmlak hüquqları əldə edə biləcəyi bir məsələni diqqətindən kənarda qoyması və mübahisləndirilən sərəncamdan məlumatı olmamasının inandırıcılığı istisna edilir. İkincisi, ən azından, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (Qanunun 67.6.1-i maddəsi nəzərdə tutur ki, rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda şəxs etimadın qorunması hüququna istinad edə bilməz). Üçüncüsü, İPM-in 24.4-cü maddəsi hətta onu da nəzərdə tutur ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beələliklə də, qeyd olunanlar baxımından, iddiaçı qanunla müəyyən edilən mübahisələndirmə müddətini keçirmişdir ki, belə olan halda da, onun cavabdehə qarşı hazırkı mübahisələndirmə haqqında iddia tələbinin İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Bu baxımdan, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə İPM-in 35.3-cü maddəsinin tələbi qaydasında iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar