Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1019/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Talqatovanın cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; məhkəmə aidiyyatı”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və tərcüməçi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “şikayət ərizəsinə baxılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (bundan sonra – cavabdeh) qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi göstərilməklə) məhkəməyə müraciət edərək “polisə nəzarət edilməsi və d.” öhdəliyin qoyulması tələbini irəli sürmüşdür.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müvafiq şikayət ərizələrinə baxılmır və heç bir tədbir görülmür. Paralel olaraq məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayətlər vermişdir. Hazırda dəfələrlə yeni aşılmış hal üzrə ərizələr vermişdir, lakin tədbir görülmür, nəzarət edilmir, iş görülmür.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarının 7.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
5. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 05 saylı qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi cinayət təqibini həyata keçirən orqanın cinayət prosessual fəaliyyəti ilə əlaqədardır. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı məhkəmə nəzarəti funksiyalarını həyata keçirən səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
7. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarı
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
24. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
25. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə xüsusi mümkünlük şərtinə, səlahiyyətli məhkəməyə müraciət olunub-olunmamasına düzgün hüquqi qiymət vermişdir.
28. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
31. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
32. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
33. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
34. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: - 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; - 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
35. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
36. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
37. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır.
40. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: - 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); - 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; - 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; - 449.1.4. müstəntiqin; - 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun.
41. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər.
42. Eyni Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: - 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; - 449.3.2. tutma və həbsdə saxlanılması; - 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; - 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; - 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; - 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; - 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; - 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; - 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; - 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; - 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması.
43. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.
44. Kollegiya yuxarıda adıçəkilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının xüsusi ittiham qaydasında cinayət işinin açılması, cinayət prosessual hərəkəti həyata keçirən vəzifəli şəxsin hərəkətlərindən şikayətləri “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyət olmaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. Hazırkı iş üzrə cavabdeh qismində qoyulmuş orqanla iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz.
45. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
46. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
47. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
48. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
49. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi).
50. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi).
51. Qeyd edilənlərə əsasən kollegiya işin məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, CPM-in 67.3 və 449.1-ci maddələrinin tələblərinə əsasən iddiaçının hazırkı tələblə ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır.
52. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14755/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.