Məhkəmə qərarları › İş №2-1(103)-102/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-102/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-102/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 21.04.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı 12.05.1979-cu ildən 25.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. SOCAR Neftqaztikinti trestinin **********80020123X00145 saylı 06.05.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 26.04.1976-cı ildən 02.05.1977-ci ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində yardımçı fəhlə, 03.05.1977-ci ildən 01.07.1978-ci ilə qədər əl ilə qaynaqda elektrik qaynaqçısı (1 il 1 ay 25 gün), 02.05.1994-cü ildən 30.06.1994-cü ilə qədər «Azərdənizneftinşaat» Tresti 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər mexanik, 22.12.1998-ci ildən 24.12.1998-ci ilə qədər N.Nərimanov adına NQÇİ 1 saylı NQÇS mexanik (4 il 5 ay 21 gün), 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər «Azərdənizneftinşaat» tresti 1 saylı Tikinti Quraşdırma İdarəsində mexanik (2 il 4 ay 7 gün), 01.05.2001-ci ildən 15.04.2007-ci ilə qədər «Azərdənizneftinşaat» trestin 1 saylı TTQTF mexanik (5 il 11 ay14 gün) vəzifəsində işləmişdir. Onun dəniz şəraitində ümumi iş stajı 13 il 11 ay 10 gün təşkil edir. Sığortaolunanın ümumi iş stajı barədə məlumatdan görünür ki, İddiaçı 26.04.1976cı ildən 03.05.1977-ci ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində yardımçı fəhlə, 03.05.1977-ci ildən 01.07.1978-ci ilə qədər əl ilə qaynaqda elektrik qaynaqçısı, 13.12.1978-ci ildən 26.02.1979-cu ilə qədər «Azərdənizneftinşaat» X1 sürücü, 05.03.1979-cu ildən 25.04.1979-cu ilə qədər «Azərdənizneftinşaat» Trestinin 1 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı, 01.08.1981-ci ildən 12.09.1984-cü ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, 17.10.1984-cü ildən 09.08.1985-ci ilə qədər 3 saylı Bakı Taksimotor Parkında sürücü, 28.10.1985-ci ildən 14.02.1990-cı ilə qədər «Azərdənizneftinşaat» Trestində sürücü, 01.03.1990-cı ildən 23.05.1990-cı ilə qədər «Azərdənizneftinşaat» trestində sürücü, 24.05.1990-cı ildən 04.09.1990-cı ilə qədər «Xəzərdənizneftsosialtikinti» Trestində sürücü, 05.09.1990-cı ildən 01.02.1992-ci ilə qədər «Azərrabitətikinti» Tresti Avtobazasında sürücü, 02.05.1994-cü ildən 01.07.1994-cü ilə qədər «Azərdənizneftinşaat» Tresti 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər mexanik, 22.12.1998-ci ildən 24.12.1998-ci ilə qədər N.Nərimanov adına NQÇİ 1 saylı NQÇS mexanik, 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər «Azərdənizneftinşaat» tresti 1 saylı Tikinti Quraşdırma İdarəsində mexanik, 01.05.2001-ci ildən 16.04.2007-ci ilə qədər «Azərdənizneftinşaat» trestin 1 saylı TTQTF mexaniki, 16.04.2007-ci ildən 01.05.2007-ci ilə qədər mühəndis, 02.05.2007-ci ildən 31.08.2007-ci ilə qədər «NEftqaztikinti» Tresti Xüsusi Texniki İdarəsinə sahə mexaniki, 07.12.2009-cu ildən 09.04.2010-cu ilə qədər «Neftqaztikinti» Tresti 7 saylı Tikinti Quraşdırma İdarəsində suvaqçı, 09.04.2010-cu ildən 20.02.2014-cü ilə qədər mühəndis, 20.02.2014-cü ildən 14.11.2014-cü ilə qədər polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, 17.11.2014-cü ildən 17.08.2015-ci ilə qədər «Neftqaztikinti» Tresti 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyib, 18.08.2015-ci ildən hazırki vaxta qədər SOCAR-ın «Neftqaztikinti» tresti 4 saylı Tikinti Quraşdırma Bölməsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı vəzifəsində işləyir. Əmək kitabçası üzrə onun ümumi iş stajı 35 il 1 ay 24 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 24.06.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilmiş sənədlərdən görünür ki, onun güzəştli iş stajı 12 il 6 aydan azdır. Qeyd olunanlar nəzərə alıaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyəti zamanı xüsusi şərtlərlə tələb olunan işlərdə işləmişdir. Xüsusi şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən müraciəti təmin olunmamışdır. İmtina kimi onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, «Neftqaztikinti» trestinin arayışına əsasən 13 il 11 ay 10 gün dəniz şəraitində iş şəraitində iş stajı olduğu qeyd olunsa da, cavabdeh imtinasında bu müddətin kifayət etmədiyini bildirmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 03.02.2017-ci ilə qədər hərbi xidmət müddəti də daxil olmaqla 31 il 0 ay 5 gün ümumi və 13 il 11 ay 10 gün güzəştli iş stajı olduğundan ona 57 yaşdan pensiya təyin olunmasından imtina edilməsi qanunsuz və əsassızdır. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq isə məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda pensiyanın birdəfəlik ödənilməsi müddəası mövcud olmadığından iddia bu hissədə əsassızdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında göstərilmişdir ki, iddiaçının 03.05.1977-ci ildən 01.07.1978-ci ilə qədər işlədiyi əl ilə qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21.06.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 2300000-19906 şifrinə, 02.05.1994-cü ildən 30.06.1994-cü ilə qədər işlədiyi usta vəzifəsi 22900000b-2341 şifrinə, 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər, 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər və 01.05.2001-ci ildən 15.04.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi ******* b-23485 şifrinə, 20.02.2014-cü ildən 14.11.2014-cü ilə qədər, 17.11.2014-cü ildən 03.02.2017-cü ilə qədər işlədiyi quraşdırıcı vəzifəsi isə 2290000a-14612 şifrinə uyğunlaşdırılmalıdır. Lakin məhkəmə iddiaçının 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər, 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər və 01.05.2001-ci ildən 15.04.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsini Nazirlər Kabinetinin ******* b23485 şifrinə uyğunlaşdırarkən səhvə yol vermişdir. Şəxsin işlədiyi güzəştli iş yeri müəyyən edilərkən təkcə Nazirlər Kabinetinin qeyd edilən siyahısında göstərilən vəzifələrlə eynilik təşkil etməsi yetərli deyil, eyni zamanda onun hansı istehsal sahəsində işlədiyinin də müəyyən edilməsi vacibdir. Belə ki, ******* b-23485 şifrinə baxdıqda həmin peşə 21303000 şifrəsi ilə qeyd edilən “Neftin, qazın, qaz kondensatının, kömürün və sistin emalı sahəsi”nə aid olan peşədir. İddiaçının əmək kitabçası və Socar tərəfindən tərtib edilmiş arayışından göründüyü kimi, iddiaçının işlədiyi müəssisə “Neftqaztikinti” 1 saylı Tikinti Quraşdırma İdarəsi olmuşdur. Həmin müəssisənin adından da göründüyü kimi, təmir müəssisənin fəaliyyət sahəsi tikinti sahəsidir və bu sahə siyahıda olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində qeyd edilən sahəyə uyğundur. Lakin, həmin sahədə qeyd edilən peşələrə baxdıqda həmin peşələr arasında iddiaçının işlədiyi mexanik peşəsi yoxdur. İddiaçıya SOCAR “Neftqaztikinti” tresti tərəfindən verilmiş arayışda onun adıçəkilən müəssisədə güzəştli deyil, ümumi iş stajının 13 il 11 ay 10 gün təşkil etdiyi qeyd olunmuşdur. İddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də İdarənin iddiaçıya ünvanladığı 24.06.2019-cu il tarixli **********3 nömrəli məktubu qanunauyğun hesab edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2020 saylı 11 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-87/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-597/2020 saylı 11 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onu təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdi. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsnin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 29.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 24.06.2019-cu il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 07.11.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı X5 tələbi onun 12 il 6 aydan çox güzəştli iş olması səbəbindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İş üzrə birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini və iş stajı barədə arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 12.05.1979-cu ildən 25.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçının 25 il ümumi iş stajının olması işin mübahisəsiz halına aiddir və bu cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. İş materiallarında olan Sığortaolunanın ümumi iş stajı barədə məlumatdan görünür ki, İddiaçı 26.04.1976-cı ildən hazırki dövrdə kimi müxtəlif vəzifələrdə işləmiş və onun ümumi iş stajı 35 il 4 ay 24 gün təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi sığorta stajına malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının güzəştli iş stajının kifayət qədər olmaması (12 il 6 aydan az olması) təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 87/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər, 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər və 01.05.2001-ci ildən 15.04.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsini 2 saylı Siyahıda göstərilən ******* b23485 şifrinə uyğunlaşdırarkən iddiaçının işlədiyi istehsalat sahəsini nəzərə almamış, bununla da onun işlədiyi istehsalat sahəsinin istinad edilən siyahıda nəzərdə tutulan istehsalat sahəsi ilə eynilik təşkil edib-etməməsi müəyyən edilməmişdir. Sözügedən dövrlə bağlı iddiaçı tərəfindən iş yerindən arayış təqdim edilsə də, həmin arayışla onun güzəştli iş stajının olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, arayışda sadəcə olaraq iddiaçının dəniz şəraitində ümumi iş stajının 13 il 11 ay 10 gün təşkil edildiyi qeyd edilmişdir. Odur ki, həmin arayış iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işdə işləməsini müəyyən edən sübut kimi qəbul edilə bilməz (i.v. 13). “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən İddiaçı “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələrində müxtəlif peşələrdə işlədiyi dövr nəzərə alınmaqla işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan hansı peşələrin funksiyaları ilə eynilik təşkil etməsi (kodu dəqiq göstərilməklə) və İddiaçı dəniz şəraitində güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün imkan verən güzəştli iş stajının ümumilikdə nə qədər olması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi üçün SOCAR “Neftqaztikinti” trestinə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 07.12.2021-ci il tarixdə SOCAR “Neftqaztikinti” tresti tərəfindən məhkəməyə daxil olmuş məktubdan görünür ki, İddiaçı “Azərdənizneftinşaat” trestində işlədiyi elektrik qaynaqçısı peşəsi, usta vəzifəsi, “Neftqaztikinti” trestində çalışdığı polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi AZərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüuqu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında öz əksini tapmışdır. İddiaçı qeyd olunan vəzifə və peşələrdə fəaliyyəti, həmin peşələrin Siyahıda nəzərdə tutulmuş peşələrə uyğunluğu aşağıdakı kimidir. “Azərdənizneftinşaat” trestində 03.05.1977-ci il tarixdən 01.07.1978-ci il tarixinədək və 05.03.1979-cu il tarixdən 25.04.1979-cu il tarixədək çalışdığı elektrik qaynaqçısı peşəsi Siyahının XXXİİİ ümumi peşələr bölməsində nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçıları (kod 23200000-19906) peşəsinin funksiyaları ilə eynilik təşkil edir və elektrik qaynaqçısı peşəsi üzrə iş stajı 1 il 3 ay 20 gündən ibarətdir. “Azərdənizneftinşaat” trestində 02.05.1994-cü il tarixdən 30.06.1994-cü il tarixədək işlədiyi usta vəzifəsi Siyahının XXVİİ Bina qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmir bölməsinin “b) rəhbər və mütəxəssislər” alt bölməsində nəzərdə tutulmuş tikinti və quraşdırma işlərinin ustaları (kod 229100b-23419) vəzifəsinin funksiyaları ilə eynilik təşkil edir və usta vəzifəsi üzrə iş stajı 1 ay 29 gündən ibarətdir. “Neftqaztikinti” trestində 20.02.2014-cü il tarixdən 14.11.2014-cü il tarixədək, 17.11.2014cü il traixdən 17.08.2015-ci il tarixədək, 18.08.2015-ci il tarixdən hazıradək işlədiyi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Siyahının XXVİİ Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmir bölməsinin “a) fəhlələr” alt bölməsində nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar (kod 22900000a-14612) peşəsinin funksiyaları ilə eynilik təşkil edir. Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 7 il 9 ay 13 gündən ibarətdir. İddiaçı Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun gələn elektrik qaynaqçısı peşəsi üzrə 03.05.1977-ci il tarixdən 01.07.1978-ci il tarixədək və usta vəzifəsi üzrə 02.05.1994-cü il tarixdən 30.06.1994-cü il tarixədək fəaliyyətini dəniz şəraitində yerinə yetirmişdir. Dəniz şəraitində elektik qaynaqçısı peşəsi və usta vəzifəsi üzrə ümumi iş stajı 1 il 3 ay 28 gün təşkil edir. SOCAR-ın 14.03.2007-ci il tarixli əmri ilə “Azərdənizneftinşaat” tresti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun yenidən təşkil olunaraq “Neftqaztikinti” trestinə verilmişdir. 05.01.2022-ci il tarixdə SOCAR “Neftqaztikinti” tresti tərəfindən məhkəməyə daxil olmuş SOCAR **********3490075X00480 saylı 24.12.2021-ci il tarixli sorğuya cavab məktubunda isə qeyd olunmuşdu ki, İddiaçı Cümali oğlunun işlədiyi mexanik vəzifəsi Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn “XXİİİ. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. Həmçinin “Neftqaztikinti” trestinin istehsalat sahələri Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının sorğuda göstərilən “21303000 3.Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” sahəsi ilə uyğunluq təşkil etmir. Məlumat üçün qeyd edilmişdi ki, “Neftqaztikinti” trestinin əsas fəaliyyəti SOCAR-ın müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində müasir tələblərə cavab verən tikinti – quraşdırma və təmir işlərinin, habelə həmin sahənin ehtiyacları üçün tələb olunan avadanlıq, qurğu və materialların istehsalının təmin edilməsindən ibarətdir. Göründüyü kimi, iddiaçının 03.05.1977-ci il tarixdən 01.07.1978-ci il tarixinədək və 05.03.1979-cu il tarixdən 25.04.1979-cu il tarixədək (1 il 3 ay 20 gün) çalışdığı elektrik qaynaqçısı və 02.05.1994-cü il tarixdən 30.06.1994-cü il tarixədək (1 ay 29 gün) işlədiyi usta vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün zərərli peşələrə aid olsa da, bu peşədə işlədiyi müddət qanunla tələb olunan 12 il 6 aydan az təşkil etdiyindən, 01.07.1994-cü ildən 21.12.1998-ci ilə qədər, 25.12.1998-ci ildən 01.05.2001-ci ilə qədər və 01.05.2001-ci ildən 15.04.2007-ci ilə qədər işlədiyi mexanik vəzifəsi isə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşə olaraq zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olduğundan rədd edilməlidir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının əsas tələbi təmin olunmadığı üçün onun “ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” barədə tələbi də əsas tələbin davamı olub, onun təmin olunmaması səbəbindən bu tələb də təmin olunmamalıdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb nəzərə alınmamış və nəticədə maddi hüquq normalarının pozulması ilə iddia tələbinin təmin (qismən təmin) olunması barədə qərar qəbul edilmişdir. X2 Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4815/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4815/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddi təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar