Məhkəmə qərarları › İş №2-1(103)-102/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-102/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-102/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının, yaşayış sahəsi 43,62 kv.metr olan üçotaqlı 6 saylı mənzilinin adına özəlləşdirilməsi və bu barədə ona müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tikinti Nazirliyinin Mənzil- Kommunal Kontorunun (MKK) 039-715 №-li, 03 iyun 1990-cı il tarixli sənədinə görə Azərbaycan SSR Sənaye Tikinti Birliyinin Bakı şəhərindəki, Mənzil Kommunal Kontorunun (MKK) mənzil işləri üzrə komissiyasının 24 may 1990-cı il il tarixli, 41 №-li qərarına əsasən Bakı şəhəri, 8-ci km qəsəbəsi (indiki Nizami rayonu) Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının, yaşayış sahəsi 43,62 kv.metr olan üçotaqlı 6 saylı mənzilinin kirayəçisi X4 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanmış mənzil kirayə müqaviləsinə xitam edilmiş, həmin mənzilin kirayəçisi olaraq iki nəfər: iddiaçının mərhum atası X6 və onun arvadı, mərhum anası X11 hesab edilmiş, X6 ilə mənzil kirayə müqaviləsinin bağlanmasına qərar verilmiş, adına şəxsi hesab vərəqi açılmışdır. Bundan sonra "xxxx" Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın 05 yanvar 1996-cı il tarixli qərarı ilə "xxxx" Dövlət Şirkəti nəzdində yaradılmış mənzillərin özəlləşməsi və xüsusi mülkiyyətə verilməsi üzrə komissiya, vətəndaşların təqdim etdiyi ərizəyə və Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununa əsaslanaraq mənzilin X3 xüsusi mülkiyyətinə verilməsini qərara almışdır. İddiaçının valideynləri vəfat etmişlər. Hazırda mənzil iddiaçının istifadəsindədir və o, mənzilin yaşayış sahəsinə qeydiyyata alınmaqla ailə üzvləri ilə bu mənzildə yaşayır. İddiaçı qeyd olunan sənədlərlə cavabdehə müraciət edərək, mənzilin adına özəlləşdirilməsini xahiş etmiş, lakin cavabdeh tələb olunan order, mənzil kirayə müqaviləsi, sərəncam təqdim edilmədiyi əsası ilə ona imtina vermişdir. Halbuki iddiaçının müraciətinə qoşma etdiyi sənədlər aşkar surətdə mənzilin əvvəlki kirayəçilərinin atası və anası olduğunu, forma 2 arayışında mənzilin hazırkı istifadəçisinin, kirayəçisinin sahibinin iddiaçının oldugu, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən iddiaçının istifadəsində olan mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnun olmasını təsdiq edir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının, yaşayış sahəsi 43,62 kv.metr olan üçotaqlı 6 saylı mənzilinin mərhum atası X5 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********28 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, qeyd olunan mənzilin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 40 saylı notariat ofisinin xx.xx.2020ci il tarixli x-1-322 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ölən günədək Bakı şəh., ünvan 3 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaklara dair İddiaçı vərəsədir. - 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 681 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu Babək prospekti 73 ünvanında yerləşən 6 saylı mənzilində 1993-cü ildən qeydiyyatdadır. - xx.xx.2021-ci il tarixli AZ-İİ № 199784 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 oglu xx.xx.2021-ci il tarixdə ölmüşdür. - xx.xx.2019-ci il tarixli AZ-İİ № ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Tikinti Nazirliyinin Mənzil-Kommunal Kontorunun (MKK) 039-715 №-li, 03 iyun 1990-cı il tarixli məktubundan görünür ki, Azərbaycan SSR Sənaye Tikinti birliyinin Bakı şəhərindəki, Mənzil Kommunal Kontorunun (MKK) mənzil işləri üzrə komissiyasının 24 may 1990-cı il il tarixli, 41 №-li qərarına əsasən Bakı şəhəri, 8-ci km qəsəbəsi (indiki Nizami rayonu) Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının, yaşayış sahəsi 43,62 kv.metr olan üç otaqlı 6 №-li mənzilinin kirayəçisi X4 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanmış mənzil kirayə müqaviləsi xətm olunub və həmin mənzilin kirayəçisi olaraq iki nəfər: X6 və onun arvadı hesab edilib və onlarla mənzil kirayə müqaviləsinin bağlanmasına qərar verilib. - Azərbaycan SSR Sənaye Tikinti birliyinin Bakı şəhərindəki, Mənzil Kommunal Kontorunun (MKK) mənzil işləri üzrə komissiyasının 24 may 1990-cı il il tarixli, 41 №-li qərarından görünür ki, Bakı şəhəri, 8-ci km qəsəbəsi (indiki Nizami rayonu) Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının, yaşayış sahəsi 43,62 kv.metr olan üç otaqlı 6 №-li mənzilinin kirayəçisi X4 qeydiyyatdan çıxması ilə əlaqədar olaraq onunla bağlanmış mənzil kirayə müqaviləsi xətm olunub və həmin mənzilin kirayəçisi olaraq iki nəfər: X6 və onun arvadı hesab edilib, onlarla mənzil kirayə müqaviləsinin bağlanmasına qərar verilib. - Azərsənayetikinti” Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın 05 yanvar 1996-cı il tarixli qərarından görünür ki, "xxxx" Dövlət Şirkəti nəzdində yaradılmış mənzillərin özəlləşməsi və xüsusi mülkiyyətə verilməsi üzrə komissiya, vətəndaşların təqdim etdiyi ərizəyə və Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanununa əsaslanaraq Bakı şəhəri, Babək prospekti 73 ünvanında yerləşən yaşayış binasının üç otaqlı 06 №-li mənzilinin X3 xüsusi mülkiyyətinə verilməsi qərara alınıb. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli 7-4929/17 saylı məktubu ilə bildirilmişdir ki, Babək prospekti 73 saylı binanın 6-cı mənzilində X8 qeydiyyatda olmuş, yaşamış və rəhmətə getmişdir. Halhazırda həmin mənzildə mərhumun oğlu İddiaçı qeydiyyatdadır və həmin mənzildə yaşayır. Mənzilə aid order, kirayə müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi 13 oktyabr 2022-ci il tarixli DA-01971-2022 saylı məktubundan görünür ki, Azərbaycan SSR Sənaye Tikintisi Birliyinin Bakı şəhərindəki MKK-nın mənzil işləri üzrə komissiyasının qərarları və "xxxx" Dövlət şirkəti komissiyasının qərarları arxivə dövlət mühafizəsinə verilməyib. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********58 saylı məktubu ilə bildirilmişdir ki, Azərbaycan SSR Sənaye Tikinti Birliyinin Bakı şəhərindəki MKK-nin mənzil işləri üzrə komissiyasının 24 may 1990-cı il tarixli 41 saylı qərarı və "xxxx" Dövlət şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyasının xx.xx.1996-cı il tarixli qərarının və həmin qərarların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuş (daxilolma qeydiyyatı: İN-D/O-16297/2022, xx.xx.2022-ci il) məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mövcud arxiv materiallarına əsasən sorğuda qeyd edilən qərarlar barədə məlumat (sənəd) aşkar edilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 922 saylı xx.xx.2022-ci il 20 saylı və təkrarən xx.xx.2023-ci il tarixli məktubları ilə bildirilmişdir ki, Birliyin mühəndisləri tərəfindən məsələ ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı Babək prospekti 73 saylı binanın 6-cı mənzilində X8 qeydiyyatda olmuş, yaşamış və rəhmətə getmişdir. Hal-hazırda həmin mənzildə mərhumun oğlu İddiaçı qeydiyyatdadır və həmin mənzildə yaşayır. Mənzilə aid order, kirayə müqaviləsi aşkar edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən: Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər;

33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər;

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər; Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”: - 14. İş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacıolanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir; - 32. İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər - Azərbaycan SSR Sənaye Tikinti birliyinin Bakı şəhərindəki, Mənzil Kommunal Kontorunun (MKK) mənzil işləri üzrə komissiyasının 24 may 1990-cı il il tarixli, 41 №-li qərarı və Azərsənayetikinti” Dövlət Şirkəti nəzdində mənzillərin özəlləşdirilməsi üzrə komissiyanın 05 yanvar 1996-cı il tarixli qərarı mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Belə ki, iddiaçının mərhum atasının mənzillə baglı hüquq münasibətlərinin yarandıgı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan iddiaçının təqdim etdiyi sənədlərin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. Məhkəmə araşdırması zamanı mənzilin iddiaçı və onun mərhum valideynlərinə dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı aşkar edilməmişdir. Göründüyü kimi iddiaçı mənzil üzərində hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən maddədə nəzərdə tutulmuş sənədlər toplusuna istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar toplusundan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi işdə olan sənədlərin özünü isə məhkəmə etibarlı sənəd saymadıgından mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmədiyindən iddia əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar