Məhkəmə qərarları › İş №2-1(103)-1020/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1020/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1020/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-1146/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. ərazisi olan iddiaçıya ayrılmış 306 və 308 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. ərazisi olan iddiaçıya ayrılmış 306 və 308 nömrəli bağ sahələrinin 970 kv.m. sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının istifadəsində olan, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. olan 306 və 308 nömrəli bağ sahələri mənə ayrılmış və sərhədləri yerində müəyyən edilərək iddiaçıya təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahələri iddiaçının istifadəsindədir. Sonradan iddiaçının istifadəsində olan sözügedən bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətnə cavabdeh tərəfindən **********92 saylı xx.xx.2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, göstərilən bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən iddiaçının daimi istifadəsindədir və bugünədək hər hansı bir şəxsin iddiaçının daimi istifadəsində olan torpaq sahələrinə dair hər hansı bir iddiası olmamışdır. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi isə mümkün deyil, belə ki, torpaq sahələri iddiaçıya ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da (mühafızə zonasından), heç bir qaz xətti keçmir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2019-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin bağ sahəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən əraziyə digər şəxsin X2 müraciəti olub. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-ci il tarixli, **********92 nömrəli cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-1146/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən bağ sahəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Belə ki, qanunvericilik qaydasında qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarımüəyyən edilir. Göründüyü kimi, sözügedən qaydalar təhlükəsizlik məqsədi daşıyır ki, buraya əmlak təhlükəsizliyi də daxildir. İdarə tərəfindən istinad olunan elektron kadastr baza məlumatları da sözügedən qanunvericilik aktının müddəalarına əsaslanır və bu əsasla imtina məktubunun ünvanlanması tamamilə qanunidir. Bağ torpaqlarının yerləşməsi Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamına uyğun olaraq inzibati orqana təhvil verilmiş sxematik xəritə, Bağ Tikinti Kooperativinin yerləşmə sxemi, arxiv cizgisi və s. sənədlər əsasında müəyyən olunur. Həmçinin bağçılığın sərəncamında olan torpaqların sərhədləri ayrıc aktı ilə müəyyən olunur. Qeyd olunan torpaq sahəsinin yerləşməsini araşdıran zaman məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Göründüyü kimi, vətəndaşlara ayrılan bağ sahələrinin sərhədləri torpaq sahəsinin ayrıldığı dövrdə müəyyən olunaraq sənəd üzrə tərtib olunmuşdur və bu məsələyə dair qanunvericiliyin tələbləri ödənilmişdir. Lakin iddiaçı tərəfindən göstərilən sahə bu sərhədlərin xaricində yerləşir. Yəni torpaq sahəsinin yerləşməsi sahənin naturada yerləşmə mövqeyini aydınlaşdırmağa əsas olan sənədlə tamamilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, əraziyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsinin bağçılıq-yoldaşlığın ayrıcından kənarda yerləşməsi ilə əlaqədar məhkəmə icraatı zamanı ekspertiza təyin edilməmiş, fakt ətraflı araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: İş materiallarında olan 174 №-li bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin 14 avqust 1998-ci il tarixli, 28 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m. olan 306, 308 №-li bağ sahəsi 14 avqust 1998-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 14 avqust 1998-ci il tarixli, 28 nömrəli Protokoluna əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış və indiyədək istifadəsiz qalmış sahələrin zavod işçilərinə verilməsinə razılıq verilmişdir. 1.İddiaçı - 17 cənub küçəsi - 306, 308 №-li bağ sahələri İş materiallarında olan 257 №-li bağçının üzvlük kitabçasından görünür ki, X6 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m. olan 306, 308 №-li bağ sahəsi 26 oktyabr 2000-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 26.10.200-ci il tarixli, 34 nömrəli protokolundan Çıxarışa əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 306, 308 №-li bağ sahəsi zavodun işçisi X2 daimi istifadəsinə verilməsi qərara alınmışdır. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli protokolundan Çıxarışa əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində boş saxlanılmış 17-ci cənub küçəsi 306 və 308 saylı sahəsi 1000 kv.m. olan bağ sahəsi ümumi yığıncağın qərarı ilə X4 verilmişdir. Həmin sahələrin torpaq səthinin daş-qaya olmasına görə imtina etmişdir. Həmin sahələrin zavodun işçisi siyahıda adı olan İddiaçı verilməsi xahiş edilmiş və “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində boş saxlanılmış 17-ci cənub küçəsi 306 və 308 saylı sahəsi 1000 kv.m. olan bağ sahələrinin zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-187/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərarı ilə iddiaçı X2 cavadbeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “Azəriqaz” İB-yə) qarşı “torpaq sahəsi və fərdi yaşyış evinin mövcud vəziyyətdə dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, iki bağ sahəsi bir hasar daxilindədir, ara sərhədlərində bünövrə qazılmış, döngə nöqtələrinə 3-6 ədəd m.daşı qoyulmuşdur. Tikili yoxdur. Bağ sahəsinin hasarından 5.97-7.10 m aralı məsafədən 325 mm-lik Mərkəzi qaz xətti keçir. Kadastr: Arxiv bölgü və rəy əlavə olunmayıb. Ərazinin böyük hissəsi ayrıc aktında kənarda yerləşir. Qaz kəmərlərinin mühafizə zolağında yerləşir. Arxiv: “Avtomobilçi” b/y üzvlərinin 113-cü sıra nömrəsində İddiaçı 15-ci cənub 349 №-li bağ sahəsi göstərilmişdir. Bölgü sxeminin surəti əlavə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli “müraciətə baxılmasının nəticəsi haqqında” məktubda müəyyən olunur ki, torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində X Y 440220.8335 4473749.2503 440220.0000 4473478.0000 440187.6481 4473499.5679 Koordinatlarında olan 29 m2 hissəsinin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral X8 istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (325, yerüstü, layihə təzyiqi 0,6 Mpal) qaz kəmərinin 4-6 metrlik məsafəsində mühafizə zonası daxilində, X Y 440187.6481 4473499.5679 440178.0000 4473506.0000 440190.0000 4473527.0000 440196.0000 4473522.0000 440232.0000 4473496.0000 440220.0000 4473479.2503 Koordinatlarında olan 1132 m2 hissəsi isə mühafizə zonası xaricində yerləşir. Məlumat üçün bildirilir ki, sözügedən kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyyən olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “müraciətlə əlaqədar məlumatın verilməsi haqqında” məktubda qeyd olunur ki, vətəndaş İddiaçı 2022-ci ildə SOCAR-a ünvanladığı müraciətdə qeyd olunan koordinatlar və torpaq sahəsinin ölçüsü fərqli olduğundan, həmin torpaq sahəsinin 29 m2 hissəsinin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral X8 istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (325, yerüstü, layihə təzyiqi 0,6 Mpal) qaz kəmərinin mühafizə zonası daxilində yerləşməsi barədə vətəndaşa cavab verilmişdir. Məktubun qoşmasında olan koordinatların yoxlanması nəticəsində isə müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X Y 440232.2444 4473496.8200 440221.6905 4473479.8313 440178.9263 4473507.8945 440190.3544 4473524.6479 440215.2029 4473507.1348 Koordinatlarda olan həmin 1000 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neftqaz boru kəmərlərinin və quyularının mühafizə zonası xaricində yerləşir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iş üzrə araşdıma zamanı cavabdehin ertirazından və apellyasiya şikayətinin dəlillərindən, həmçinin, məhkəmə araşdırması zamanı səlahiyyətli nümayəndənin izahatlarından aydın olur ki, iddiaçının hüquqmüəyyənedici sənədlərinin mötəbərliyinə dair hər hansı imtina əsası mövcud deyildir. İddiaçının qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olması işi mübahisəsiz halıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir:

1. Elektron kadastr məlumatına əsasən bağ sahəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir.

2. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir.

3. Əraziyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqdim edilən məlumatlara əsasən mübahisə edilən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin və quyularının mühafizə zonası xaricində yerləşir, mühafizə zolağına düşən hissədə isə iddiaçı tələbin həcmini azaltmışdır. Odur ki, iddiaçı tərəfindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi müəyyən olunmadığından, kollegiya qeyd olunan dəlilə münasibətə apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi, ayrıc aktından kənarda yerləşməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə edilən 306 və 308 №- li bağ sahələri ilk növbədə “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 20 oktyabr 2000-ci il tarixli, 34 №-li protokola əsasən xx.xx.1951-ci il təvəllüdlü X2 istifadəsinə verilmiş, lakin həmin sahələrin torpaq səthinin daş-qaya olmasına görə X6 tərəfindən bağ sahələrindən imtina edilmişdir. Nəticədə, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 20 oktyabr 2000-ci il tarixli, 34 №-li protokoluna əsasən mübahisə edilən 306 və 308 saylı bağ sahələri İddiaçı daimi istifadəsinə verilmişdir. Hazırda isə bağ sahələri iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, mübahisə edilən 306, 308 №-li bağ sahələri 2000-ci ildə atası X2 (xx.xx.1951-ci il təvəlüdlü) istifadəsinə verilmiş, lakin atası X6 tərəfindən bağ sahələrindən imtina olunmuşdur. 2018-ci ildə həmin torpaq sahələrinə çıxarış alınması üçün atası X6 məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Hazırda isə atası X6 vəfat etmişdir və torpaq sahələri ilə bağlı hər hansı iddiaları mövcud deyildir. Hazırki inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X6 (xx.xx.1975-ci il təvəllüdlü) ilə cavabdeh tərəfindən qeyd edilən X6 (xx.xx.1951-ci il təvəllüdlü) eyni şəxslər deyildirlər, ad, soyad və ata adları eynilik təşkil edir. Hazırki iş üzrə marağına toxunulan xx.xx.1951-ci il təvəllüdlü X6 vəfat etmişdir və məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu X7 tərəfindən torpaq sahəsinə dair hər hansı iddiaları olmadığı bildirilmişdir. Odur ki, mübahisə edilən 306, 308 №-li bağ sahələri ilə bağlı digər şəxslər tərəfindən hər hansı mübahisə yoxdur, bağ sahələri hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Odur ki, kollegiya qeyd olunan dəlilə münasibətdə də apellyasiya şikayətini əsassız hesab edir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2-1(112)-1146/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar