Məhkəmə qərarları › İş №2-1(103)-1021/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1021/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1021/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “ixtisasın tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “ixtisasın tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4020/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Umarov X7 Respublikası X4 Universiteti tərəfindən ona verilmiş İTUG seriyalı 000058 nömrəli bakalavr diplomuna əsasən biznes inzibatçılığı ixtisası üzrə tam kursu bitirmiş və ona həmin ixtisas üzrə bakalavr dərəcəsi verilmişdir. İTUG 000058 nömrəli diplomun əlavəsindən görünür ki, iddiaçı Gürcüstan Respublikası X4 Universitetində imtahanlar vermiş və test sınaqlarından keçmişdir. İddiaçı ona verilmiş ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair 22 oktyabr 2019-cu il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh orqan tərəfindən elektron formada iddiaçıya ünvanlanmış ərizədə qeyd edilmişdir ki, X4 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında o, həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Eyni zamanda nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ixtisasın tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2018-ci ildə Gürcüstan Respublikasının Beynəlxalq Universitetinin, Hüquq, Biznes və Humanitar Elmləri məktəbinin 6 saylı 24 iyul 2018-ci il tarixli qərarı ilə Biznes inzibatçılığının bakalavr akademik dərəcəsi verilmiş və bu barədə İTUG seriyalı 000058 nömrəli bakalavr diplomu verilmişdir. O, Universitetdə keçirilən bütün dərslərdə iştirak etmiş və həmin müddətlərdə Gürcüstan Respublikasının ərazisində olmuşdur. Bunu ona məxsus pasportda olan qeydlər təsdiq edir. Gürcüstan Respublikasının İTUG seriyalı 000058 nömrəli Bakalavr Diplomu üzrə Universitetinin, Hüquq, Biznes və X9 inzibatçılığının bakalavr akademik dərəcəsi tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə elektron ərizə sistemi ilə 22.10.2019-cu il tarixində A78D5AB79167901 saylı ərizə ilə rəsmi qaydada müraciət etmiş, lakin tələbinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, həmin imtina tam əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, İddiaçı təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası X4 Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür (Gürcüstan Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2014- 2018-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Göründüyü kimi, Gürcüstan Respublikası X4 Universitetinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (gürcü dili) bilmə səviyyəsinin də qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında İddiaçı adına Gürcüstan Respublikası X4 Universiteti tərəfindən verilmiş İTUG 000058 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4020/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını tam əsassız hesab edir. Təqdim etdiyi sənədlərdən də görünür ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları yerinə yetirmiş, təhsil aldığı müddətdə ixtisasına maksimum səviyyədə yiyələnmişdir. Oxuduğu müddətdə tədris prosesində daha çox praktiki məşğələlərdə və test üsulunda cavablandırmalara üstünlük verilmişdir. Cavabdehin ekvivalentlilik haqqında şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Digər tərəfdən 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişin 8-ci maddəsində deyilir ki, tərəflər bu sazişi imzaldığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin habelə elmi dərəcələrin və adların verilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəliblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyin müəyyən edilməsi (nostrifikasiya) qaydalarını 1.6-cı bəndinin üçüncü abzasında isə deyilir ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə ekvivalentlilik haqqında şəhadətnamə ekspertizası keçirilmədən verilir. Göründüyü kimi, cavabdeh Qaydaların və sazişin qeyd olunan normalarını da pozmuşdur. İTUG000058 nömrəli bakalavr diplomuna əlavədə göstərilmişdir ki, o, 2014-cü ildə Gürcüstan Respublikasının Beynəlxalq Universitetinə qəbul olmuş, 22.10.2018-ci ildə “Hüquq, Biznes və X10 İnzibatçılığı” istiqaməti üzrə bakalavr dərəcəsi almış, “Hüquq və Biznes İnzibatçılığı” ixtisasını əldə etmişdir. Universitetdə təhsil aldığı ixtisas proqramının müddəti 4 il müəyyən edilmiş, diploma əlavədə təhsil komponentləri və təhsilin nəticələri haqqında məlumatlar, o cümlədən qiymətlər, kreditlər, reytinqlər, milli şkala və Avropa kredit transfer toplayıcı sistem üzrə ballar, fənlərin adı, ECTS kreditləri, ballar, milli şkala üzrə qiymətlər və EKTC reytinqi üzrə göstəricilər şərh edilmişdir. Onun AZE C00276923 nömrəli ümumvətəndaşlıq pasportunda 2014-2015-ci illərdə 6 ay 28 gün, 2015-2016-cı illərdə 3 ay 10 gün, 2016-2017-ci illərdə 5 ay 21 gün və 2017-2018-ci illər ərzində 5 ay 12 gün Gürcüstan Respublikasında yaşaması ilə bağlı “sərhəd keçmə məlumatı” öz təsdiqini tapmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 09.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 21.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, əyani şəkildə biznes fakültəsində təhsil aldığını, xəstəliyi ilə bağlı 2-ci kursda 3 ay müddətində qaldığını, kreditlərini ödədiyini, ona Gürcüstan Respublikası tərəfindən təsdiqlənmiş diplomun verildiyini, gürcü dilini əla səviyyədə bilmədiyini qeyd etmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı tələbi “Gürcüstan Respublikası X4 Universiteti tərəfindən ona verilmiş İTUG seriyalı 000058 nömrəli 22.10.2018-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. İddiaçı ona verilmiş diplomun Azərbaycan Respublikasında tanınmasını arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür, həmçinin müsahibə zamanı ekspert qurupu tərəfindən tədris dilini bilmə səviyyəsi qəraətbəxş olmamışdır. “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə görə xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. İddiaçıya məxsus 2018-ci ildə verilən diplomda ona Gürcüstan Respublikası X4 Universitetinin “Biznes inzibatçılığı ixtisası” üzrə bakalavr dərəcəsi verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşdə olan iddiaçı barəsində “Sərhəd keçmə məlumatı”na əsasən iddiaçının 06/10/2014-07/10/2014, 10/10/2014-21/11/2014, 25/11/2014-25/12/2014, 04/01/2015- 18/03/2015, 23/03/2015-09/04/2015, 14/04/2015-27/05/2015, 02/06/2015-02/07/2015, 16/07/2015-18/07/2015, 03/08/2015- 05/08/2015, 18/08/2015-26/08/2015, 03/09/2015- 04/09/2015, 5/09/2015-01/10/2015, 07/10/2015-15/10/2015, 18/10/2015-25/10/2015, 03/11/2015-21/11/2015, 29/11/2015- 04/12/2015, 10/01/2016-13/01/2016, 20/01/2016- 30/01/2016, 14/02/2016-16/02/2016, 05/03/2016-06/03/2016, 30/03/2016-30/03/2016, 03/04/2016-09/04/2016, 03/05/2016- 07/05/2016, 23/05/2016-23/05/2016, 05/06/2016- 25/06/2016, 07/07/2016-07/07/2016, 22/06/2016-01/09/2016, 24/09/2016-21/10/2016, 26/10/2016-08/11/2016, 20/11/2016-26/11/2016, 26/11/2016-24/12/2016, 26 11.2016- 24.12.2016, 27.12.2016-04.01.2017, 08.01.2017-25.01.2017, 26.02.2017-26.03.2017, 18.04.2017-18.04.2017, 19.04.2017- 20.05.2017, 18.06.2017-27.06.2017, 11.07.2017- 22.08.2017, 25.08.2017-03.09.2017, 05/10/2017-10/11/2017, 18/11/2017-24/11/2017, 30/11/2017-28/12/2017, 31/12/2017- 01/01/2018, 05/01/2018-11/02/2018, 03/03/2018- 08/03/2018, 11/03/2018-19/03/2018, 22/04/2018-13/05/2018, 27/05/2018-15/06/2018, 03/07/2018-14/07/2018, 01/08/2019- 01/08/2019 tarixləri əhatə edən dövrlərdə Azərbaycan Respublikasının ərazisindən kənarda olduğu müəyyən olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən” çıxarışdan görünür ki, iddiaçıya X4 Universiteti tərəfindən verilmiş İTUG 000058 nömrəli 22.10.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması ilə bağlı ekspert tərəfindən mənfi rəy verilmişdir. Həmin rəydə qeyd olunmuşdu ki, iddiaçı təhsil aldığı dövrün 1-ci ilində 6 ay 28 gün, 2-ci ilində 3 ay 10 gün, 3-cü ilində 5 ay 21 gün, 4-cü ilində isə 5 ay 12 gün təhsil aldığı Gürcüstan Respublikasında olmuşdur. Qeyd olunmalıdır ki, təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyən edilməsi Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında yaradılmış və nostrifikasiya prosedurunun tərkib hissəsi olan Ekspert qrupu tərəfindən həyata keçirilir. Göründüyü kimi, xarici ölkə tərəfindən verilmiş «bakalavr» ixtisas dərəcəsi üzrə diplomlar o halda tanınır ki, ilk növbədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin təhsil müddətinə uyğun olsun. İddiaçının tələbinin təmin olunmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuş və diploma əlavədə qeyd olunan tədris yükünü həmin müddətdə yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının ixtisas üzrə tədris dilini bilməsi “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına uyğun olaraq yoxlanılmış və onun tədris dilini tələb olunan səviyyədə bilməməsi müəyyən edilmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş iddiaçı ilə aparılan müsahibənin videoyazısına birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılarkən də öz təsdiqini tapdı. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Bununla bağlı qeyd edilməlidir ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsəməsini şübhə altına alır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsindən imtina edilməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki işdə iddiaçı həmin sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4020/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4020/2020 saylı 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar