Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1022/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və X2 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “pensiyanın yenidən hesablanması və qalıq hissənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3823/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması və qalıq hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3823/2019 saylı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3823/2019 saylı qərarının ləğv edilməsi, iddianın tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya verilmiş 024251 nömrəli pensiyaçının vəsiqəsinin surətindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1187 nömrəli, xx.xx.2015-cü il tarixli qərarından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xxxxxxx0001 nömrəli müayinə olunan şəxs barədə məlumatından, cavabdehə iddiaçının ünvanlandığı ərizənin surətindən məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2-ci qrup Qarabağ müharibəsi əlilidir və ona cavabdeh tərəfindən 2-ci qrup Qarabağ müharibəsi əlili kimi xx.xx.2017-ci ildən əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən cavabdehə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7-ci maddəsində nəzərdə tutulan İİ qrup əlillərə görə əmək pensiyasının yenidən hesablanması və qalıq hissənin ödənilməsi barədə müraciət edilsə də cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya əmək pensiyası yaşa görə deyil, əlilliyə görə təyin olunmuşdur. İddiaçı hazırda cavabdehin imtinası ilə razılaşmayaraq məhkəmədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.1.7.2-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması, və qalıq hissənin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Vətəndaşların sosial təminat hüquqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə:.. 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində; İşin faktiki hallarına əsasən iddiaçı İİ qrup müharibə əlilidir, lakin əmək pensiyası ona yaşa görə deyil, İİ qrup Qarabağ müharibəsi əlili olması ilə bağlı təyin edilmişdir. Belə olan halda iddiaçının tələbinin əsası kimi istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz, belə ki, qanunverici həmin normada nəzədə tutulan əlavənin (77 manat) yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə ödənilməsini nəzərdə tutmuşdur. İddiaçı isə yuxarıda qeyd edildiyi kimi yaşa görə əmək pensiyası alan müharibə əlili deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3823/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1022/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1022/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver