Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1022/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3259/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçının 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək olan 12 il 7 ay 25 gün sosial sığorta stajını və 01.06.2017-cı il tarixdə birinci dərəcə əlillik təyin edilməsini nəzərə alaraq 01.06.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 01.06.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əlilliyə görə pensiya üçün müraciət etdiyi zaman əmək kitabçasında qeyd olunan və sosial sığorta stajına daxil edilən 01.04.1994-cü ildən 01.09.2004-cü ilədək olan dövr şübhə doğurmuş və qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Belə ki, 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək işləmiş olduğu “Sizo” kiçik elmi istehsalat müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim edildikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparılıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılması mümkün hesab edilir. Beləliklə, iddiaçının hüququnun yarandığını iddia etdiyi dövrdə tələb olunan sosial sığorta stajı 11 il 6 aydır (50 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 35 il) x 4 ay = 140 ay / 12 = 11 il 6 ay) İddiaçı iddia ərizəsində “Sizo” elmi istehsalat kiçik müəssisəsində çalışdığını qeyd etmiş olsa da, məhkəməyə təqdim etdiyi əmək kitabçasının 42, 46 və 48-ci səhifələrində düzəliş aparıldığı şübhə doğurmuş və dəqiqləşməyə ehtiyac olduğu müəyyən edilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmadığından, həmin orqanın möhür və imza ilə təsdiq edilmədiyindən həmin iş illərinin sığorta stajına daxil edilməsi qanun ilə yolverilməzdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “...." nömrəli qeyd etibarsızdır”. Beləliklə, “Sizo” elmi istehsalat kiçik müəssisəsindəki iddia etdiyi iş dövrü onun sosial sığorta stajı kimi hesablana bilməz və ona əmək pensiyasının təyin edilməsinə yol vermir. Bundan başqa, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə əmək kitabçasının təqdim edilməsi tələbi irəli sürülsə də, nümayəndə bəhanələr gətirərək əmək kitabçasını təqdim etməmişdir. Həmçinin edilmiş düzəlişlər iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmiş və nümayəndə tərəfindən düzəliş edilmədiyi halda belə vətəndaşın stajının yetərli olduğu bildirilmişdir. Dövlət Vergi Xidmətindən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən verilən cavab məktubu iclas zamanı elan olunmuşdur. Dövlət Vergi Xidmətindən verilmiş cavab məktubunda müəssisənin 1993-cü ildə dövlət qeydiyyatından keçdiyi bildirilmiş olsa da, müəssisənin mövcudluğu iddiaçının orada işləməsi demək deyildir. Eyni zamanda, Milli Arxiv İdarəsi vətəndaşa dair sənəndlərin Dövlət Arxivinə və Bakı filialına mühafizə üçün verilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, iddiaçıya məxsus AZE ******** nömrəi şəxsiyyət vəsiqəsinin surətinə görə, o, xx.xx.1967-ci il tarixdə doğulmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış 04.02.2020-ci il tarixli **********0 saylı məktubunda qeyd edilir ki, 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək “Sizo" kiçik müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılacaqdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya 01.06.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz - dəqiqiləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu, davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixotik hallar, intihar cəhdləri ilə vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD qarışıq tipli (forma 88 № 2756003AADHT). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/2017 nömrəli iş üzrə 18.09.2017-ci il tarixli qərarından görünür ki, iddiaçının AR ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı iddiası tələbi təmin edilərək, ona birinci dərəcə əlilliyin təyin olunması vəzifəsi cavabdehə həvalə edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-132/2018 nömrəli iş üzrə 14.02.2018-ci il tarixli qərarı ilə 18.09.2017-ci il tarixli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin surətinə görə, “Sizo” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi 08.03.1993-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli gəlirlər baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 05.10.2020-ci il tarixli **********892600 saylı məktubdan görünür ki, “Sizo” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi 03.08.1993-cü ildə 2594 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İT-İ ******* nömrəli əmək kitabçasının notariat təsdiqli surətinə əsasən, iddiaçı 13.01.1986-cı ildən 15.07.1986-cı ilədək Dənizkənarı üzümçülük sovxozu üzrə sovxozun maldarlıq fermasında müvəqqəti olaraq sanitar, 15.07.1986-cı ildən 01.04.1988-ci ilədək Siyəzən rayon rabitə qovşağında telefonçu, 15.10.1989-cu ildən 18.10.1989-cu ilədək “Azenerjitikinti” Trestində fəhlə, 01.04.1994-cu ildən 03.01.2000-ci ilədək “Sizo” elmi istehsalat kiçik müəssisəsində köməkçi, 05.01.2000-ci ildən 01.09.2004-cü ilədək həmin müəssisədə ərzaq dükanında satıcı vəzifələrində işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bununla da, məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1967ci ildə doğulmuşdur, ona 01.06.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir, iddiaçıya məxsus əmək kitabçasına əsasən onun 01.09.2004-cü ilədək 12 il 7 ay 25 gün iş stajı vardır. İddiaçının iş stajı, o cümlədən 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək “Sizo” elmi istehsalat kiçik müəssisəsində işlədiyi dövr əmək kitabçasında öz əksini tapmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bundan başqa, Dövlət Vergi Xidmətinin 05.10.2020-ci il tarixli məktubundan görünür ki, “Sizo” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi 03.08.1993-cü ildə dövlət qeydiyyatına alınmışdır. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassızdır. Bundan başqa, cavabdeh iddiaçının əmək kitabçasının 42, 46 və 48-ci səhifələrində düzəliş aparıldığı üçün şübhə doğurduğunu qeyd etmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, cavabdeh əmək kitabçasının 48-ci səhifəsində düzəlişin nədən ibarət olmasını göstərməmişdir. Əmək kitabçasının 42-ci səhifəsində 01 nömrəli və 46-cı səhifəsində 08 nömrəli qeydlərdə eyni tarixlər qeydin əsası olan əmrin nömrəsi və tarixi qrafasında da yazılmışdır, onlarda isə düzəliş aparılmamışdır. 46-cı səhifədə 07 nömrəli qeyddə düzəlişin aparılması bildirilən rəqəm isə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının müddətinə təsir etmir. Göründüyü kimi, əmək kitabçasında düzəlişin aparılması cavabdeh tərəfindən vurğulanan qeydlər iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş yeri, vəzifə və iş stajlarının müddətinə hər hansı formada mənfi təsir göstərmir. Ona görə də cavabdehin bu dəlilləri əsassızdır. İdiaçıya 01.06.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, həmin tarixdə isə onun 50 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (50 yaş - 15 yaş = 35 yaş x 4 ay = 140 ay : 12 ay = 11 il 6 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 6 ay sığorta stajı tələb olunur. İddiaçının isə 01.09.2004-cü ilədək 12 il 7 ay 25 gün iş stajı vardır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3259/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nəsimi rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1022/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1022/2021
30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver