Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1022/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8120/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1974-cü il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon Lənbərən adına kolxozda işləməyi faktının təsdiq edilib, əmək stajının iş stajına daxil edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1042/2021 saylı, 19.05.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı son olaraq 01.10.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, “onun 1974-cü il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon Lənbərən adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 64 yaşının tamam olduğu 05.03.2019-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 25 ildən artıq sosial sığorta stajı var, 0, 1974-1998-ci illərdə Lənbəran adına kolxozda işləmişdir. Arxiv arayışında bu öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, işin faktiki hallarına görə İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət edərkən pensiya təyinatının aparılması üçün ən zəruri sənəd hesab edilən əmək kitabçasını müvafiq inzibati orqana təqdim etməmişdir. Bu səbəbdən də inzibati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8120/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh 27.12.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 05.03.2019-cu il tarixdə pensiya hüququ yaranmış, 27 noyabr 2020-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmiş, ərizə ilə müraciət edərkən pensiya təyinatının aparılması üçün ən zəruri sənəd hesab edilən əmək kitabçası yerinə arxiv arayışı təqdim etdiyi üçün inzibati orqan qanunvericiliyə əsaslanaraq haqlı olaraq pensiya təyinatından imtina etmişdir. Beləliklə, vətəndaş əmək kitabçasını təqdim etmədiyi üçün təqdim edilən arxiv arayışındakı əmək fəaliyyəti ilə bağlı iddia edilən illər sosial sığorta stajına daxil edilmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddiaçı tərəfindən əmək fəaliyyəti ilə bağlı iddia edilən illərin əks olunduğu əmək kitabçası təqdim edilmədiyindən iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, İddiaçı tələbi cavabdehin imtinasının qanunsuz hesab edilərək, onun 1974-cü il tarixdən 1998-ci il tarixə qədər Bərdə rayon Lənbərən adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 64 yaşının tamam olduğu 05.03.2019-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçı tərəfindən əmək kitabçasının təqdim edilməməsi, təqdim edilən kolxozda işləməsi dövrünə dair arxiv arayışındakı əmək fəaliyyəti ilə bağlı iddia edilən illərin sosial sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxsləristisna olmaqla)yaşa görə əməkpensiyasıhüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.2-ci yarımbəndinə əsasən Qanunun 7-ci maddəsində kişilərin yaş həddi 1 iyul 2018 – 30 iyun 2019 üzrə 64 yaşdır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2018 – 30 iyun 2019 tarixi üzrə kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İnzibati iş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 64 yaşı 05.03.2019-cu ildə tamam olmuşdur. 024164 saylı diplomun surətindən görünür ki, iddiaçı 1972-1974-cü illərdə Bakı Politexnikumunun gündüz şöbəsində avtomobil nəqliyyatının istismarı ixtisası üzrə təhsil almışdır (1 il 10 ay 3 gün). ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 11.11.1974-22.11.1976-cı illərdə hərbi xidmət keçmişdir (2 il 12 gün). İddiaçının təhsil aldığı dövrdə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndinin i) yarımbəndinə əsasən orta ixtisas təhsil müəssisəsində təhsil dövrü ümumi əmək stajına aid edilir. Həm iddiaçının hərbi xidmət keçdiyi dövrdə, həm də qüvvədə olan qanunvericiliyə əsasən hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) iddiaçının sığorta stajına daxil edilir. İddiaçı bundan əlavə işlədiyi dövrlərə aid arxiv arayışını təqdim etmişdir. Bərdə rayon Dövlət Arxivinin 18.10.2021-ci il tarixli 201 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə edilən Lənbəran kolxozunun (AİM) 1974-1998-cı illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı 1974-cü ildə 72 əmək günü, 1976-cı ildə 30 əmək günü, 1977-ci ildə 360 əmək günü, 1978-ci ildə 345 əmək günü, 1979-cu ildə 486 əmək günü, 1980-ci ildə 528 əmək günü, 1981-ci ildə 648 əmək günü, 1982-ci ildə 461 əmək günü, 1983-cü ildə 148 (30+118) əmək günü, 1984-cü ildə 220 əmək günü, 1985-ci ildə 241 (29+212) əmək günü, 1986-cı ildə 399 (213+186) əmək günü, 1987-ci ildə 425 əmək günü, 1988-ci ildə 254 (158+96) əmək günü, 1989-cu ildə 325 əmək günü, 1990-cı ildə 353 əmək günü, 1991-ci ildə 240 (178+62) əmək günü, 1992-ci ildə 321 əmək günü, 1993-cü ildə 427 əmək günü, 1994-cü ildə 346 əmək günü işləmiş, kolxozda 1974-cü ildə minimum əmək günü norması 260, digər illərdə isə 180 olmuşdur. Arxiv arayışında iddiaçının 1995, 1996, 1997 və 1998-ci illərdə yerinə yetirdiyi əmək günü norması göstərilməmiş, həmin dövrdə aldığı əmək haqqı və yerinə yetirdiyi adam günü normaları qeyd olunmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Arxiv arayışına əsasən iddiaçı 1977-1982, 1984-1994-cü illərdə minimum əmək gün normasından artıq işləmişdir, buna görə də həmin illər tam nəzərə alınır və müəyyən olunur ki, həmin dövr üzrə iddiaçının 17 il əmək stajı olmuşdur. Arxiv arayışına və iş materiallarına əsasən iddiaçı 1974-cü ildə kolxozda 72 əmək günü işləmiş, 1974-cü ilin noyabrın 11-dən 1976-cı ilin noyabrın 22-dək hərbi xidmətdə olmuş, daha sonra kolxozda 1976-cı ildə 30 əmək günü işləmişdir. Bundan başqa iddiaçı 1983-cü ildə 148 əmək günü işləmişdir. İddiaçı 1974,1976 və 1983-cü illərdə minimum əmək günü normasını yerinə yetirmədiyindən onun həmin dövr üzrə stajı faktiki müddət üzrə hesablanmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir 1974-cü ildə- 72 x 12=864/260≈ 3 ay 3 gün, 1976-cı ildə 30 x 12=360/180= 2 ay, 1983-cü ildə 148x12=1776/180=9 ay 8 gün. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1974-1976 və 1983-cü illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 1 il, 2 ay, 11 gün iş stajına malik olduğu müəyyən edilir. Arxiv arayışına əsasən iddiaçının 1995, 1996, 1997 və 1998-ci illərdə işlədiyi adam gün norması müəyyən edilmiş minimum əmək günü normasından çox olmuş, eyni zamanda 1997-ci və 1998-ci illərdə müəyyən olunmuş əmək haqqını tam almışdır. Məhkəmə Kollegiyası hesab edir ki, həmin illər də tam il kimi iddiaçının sığorta stajına daxil edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası nəzərə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının minimum əmək günü normasını yerinə yetirmədiyi illərdə faktiki işlədiyi müddət üzrə iş stajının hesablanması fərqli qaydada həyata keçirilsə də son olaraq gəlinən nəticə doğru olmuş, iddiaçının 05.03.2019-ci il tarixə 25 ildən artıq (26 il 25 gün) ümumi stajı olmuşdur. Lakin cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlilində iddiaçının əmək kitabçasının olmamasına və bu əsasla da yalnız arxiv arayışı ilə qeyd edilən illərin sosial sığorta stajına daxil edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab etmir və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iddiaçının əmək kitabçası olmasa da, arxiv arayışı mövcud olduğundan iddiaçının kolxozda işlədiyi illərin onun ümumi iş stajına daxil edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8120/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8120/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rafael Eyvazov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1022/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1022/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver