Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1022/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11273/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 155 saylı sərəncamı əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Goradıl ərazisindəki 826 i nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, № 37758 saylı müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,10 hadan ibarət 826 i saylı bağ torpaq sahəsi ayrılmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 826 i saylı bağ torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və fakitiki olaraq 1000.0 kv.metr təşkil edir. Bağ sahəsi ümumi sərhəd daxilində olan ərazidən şərti olaraq göstərilir. Ümumi sahənin bir tərəfi şərti digər tərəfi isə hasardır. Ümumi sahə 6943.0 kv. metr təşkil edir. Ümumi sahəyə vətəndaşın nümayəndəsi Çoşğun adlı şəxs tərəfindən 6 bağ sənədi təqdim edilmişdir. Ümumi sahədə 826 i saylı bağ kimi 1000.0 kv.metr sahə şərti olaraq göstərildi. Bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Faktiki göstərilən 1000.0 kv.metr torpaq sahəsinin koordinatları müayinə (baxış) aktıa əlavə olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********41 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 826 i saylı bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş X1 və istismarı birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-ci il tarixli 37758 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-A0352/02-8/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunan sənədlər surətdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır və göstərilən sahə digər bağların ərazisinə uyğun gəlir. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslərin müraciəti olmuşdur. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlərlə İdarənin arxivində mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Əlavə olaraq, qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-86/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin X1 və istismarı Birliyi tərəfindən 16 iyun 2006-ci il tarixli 37758 saylı müqavilə əsasında Binəqədi rayonu, Goradil ərazisindəki 826 “i” №li 0,10 ha bağ torpaq sahəsinə dair İddiaçı adına olan çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin X1 və istismarı Birliyi tərəfindən, 16 iyun 2006-ci il tarixli, 37758 saylı müqavilə əsasında İddiaçı verilən Binəqədi rayonu, Gorədil ərazisindəki “826 İ” nömrəli, 0.10 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini X1 və istismarı Birliyi tərəfindən Binəqədi rayonu, Gorədil ərazisindəki 826 “i” nömrəli 0.10 ha bağ torpaq sahəsi 16 iyun 2006-ci il tarixli 37758 saylı müqavilə əsasında ona verilmişdir. Qeyd olunan torpaq sahəsi tam qanuni istifadəsinə verildiyi tarixdən etibarən həmin ərazini tam ölçüyə uyğun səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daimi demək olar ki, gündəlik abadlıq işləri aparmış, həmin ərazini bağ kimi istifadə etmiş və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək müntəzəm olaraq torpaq vergisi ödəmişdir. Onu da qeyd edir ki, bu on illər ərzində istər bağ qonşuları tərəfindən bağ sahəsi ilə bağlı qanuni olaraq bilinərək tanınmış və eyni zamanda heç bir hüquqi və ya fiziki şəxslə habelə dövlət və bələdiyyə orqanları tərəfindən bağ sahəsilə bağlı heç bir mübahisə yaranmamışdır. Cavabdeh inzibati orqana müraciət edərək, sözügedən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etsə də, müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Cavabdehin imtinasının əsasları konstitusion hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddiaya dair yazılı etirazda bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir və torpaq sahəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslər X8 və X5 müraciəti olmuşdur. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlərlə İdarənin arxivində mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Qeyd olunan torpaq sahəsi ilə bağlı iddia tələbi təmin edilmiş və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-86/2024 nömrəli qərarı məlumat üçün İdarəyə daxil olmuşdur. Lakin İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin digər torpaq sahələri ilə bir hasar daxilində yerləşdiyi və torpaq sahəsinin faktiki ölçüsünun 6943 kv. m olduğu məlum olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2- ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11273/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 155 saylı sərəncamı əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Goradil ərazisindəki 826 i nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, № 37758 saylı müqavilə əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sahəsi 0,10 ha-dan ibarət 826 i saylı bağ torpaq sahəsinə dair xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir və torpaq sahəsinin nömrəsi sxematik xəritədə əks olunmamışdır. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslər X8 və X5 müraciəti olmuşdur. Bundan başqa, qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlərlə İdarənin arxivində mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Əlavə olaraq bildiririk ki, qeyd olunan torpaq sahəsi ilə bağlı iddia tələbi təmin edilmiş və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-86/2024 nömrəli qərarı məlumat üçün İdarəyə daxil olımuşdur. Lakin İdarə tərəfindən apellyasiya şikayəti verilmiş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin digər torpaq sahələri ilə bir hasar daxilində yerləşdiyi Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Belə ki, həmin əraziyə müraciəti olmuş digər şəxslər X8 və X11 3-cü şəxs kimi cəlb edilməmiş, iddia predmeti həmin torpaq sahəsi olmuş 2-1(112)-86/2024 saylı məhkəmə mübahisəsinə dair münasibət bildirilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin X1 və istismarı Birliyi tərəfindən, 16 iyun 2006-ci il tarixli, 37758 saylı müqavilə əsasında ona verilən Binəqədi rayonu, Gorədil ərazisindəki “826 İ” nömrəli, 0.10 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “təqdim olunan sənədlərin surət olması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin nömrəsi sxematik xəritədə əks olunmaması, göstərilən sahənin digər bağların ərazisinə uyğun gəlməsi, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslərin müraciəti olması, qeyd olunan torpaq sahəsinə dair təqdim olunan sənədlərlə İdarənin arxivində mövcud olan sənədlər arasında torpaq sahəsinin nömrəsində uyğunsuzluğun mövcud olması” əsasları ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “təqdim olunan sənədlərin surət olması, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmaması, göstərilən sahənin digər bağların ərazisinə uyğun gəlməsi, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslərin müraciətinin olması” ilə bağlı olmuşdur. Cavabdeh iddiaya dair etiraz məktubunda və apellyasiya şikayətində əlavə olaraq “İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin digər torpaq sahələri ilə bir hasar daxilində yerləşdiyini və torpaq sahəsinin faktiki ölçüsünun 6943 kv. m olduğunun məlum olmasını, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslər X3 və X5 müraciətinin olması”nı göstərmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını əsassız sayaraq qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 155 saylı sərəncamı əsasında X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Goradıl ərazisindəki 826 i nömrəli bağın istifadəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, № 37758 saylı müqavilə ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 0,10 ha-dan ibarət 826 i saylı bağ torpaq sahəsi ayrılmışdır. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 826 i saylı bağ torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və fakitiki olaraq 1000.0 kv.metr təşkil edir. Bağ sahəsi ümumi sərhəd daxilində olan ərazidən şərti olaraq göstərilir. Ümumi sahənin bir tərəfi şərti digər tərəfi isə hasardır. Ümumi sahə 6943.0 kv. metr təşkil edir. Ümumi sahəyə vətəndaşın nümayəndəsi Çoşğun adlı şəxs tərəfindən 6 bağ sənədi təqdim edilmişdir. Ümumi sahədə 826 i saylı bağ kimi 1000.0 kv.metr sahə şərti olaraq göstərildi. Bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Faktiki göstərilən 1000.0 kv.metr torpaq sahəsinin koordinatları müayinə (baxış) aktına əlavə olunmuşdur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********41 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 826 i saylı bağ sahəsinin icarəyə verilməsi haqqında keçmiş X1 və istismarı birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2006-ci il tarixli 37758 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Hazırki işdə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 155 saylı sərəncamı əsasında 826 i nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiqləyən müqavilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə iddiaçının iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi üçün əsasdır. Həmin sənədin təqdim olunması adı çəkilən Qanunun 10-cu maddəsinə əsasən cavabdeh orqan tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılır. “Göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi, digər bağların ərazisinə uyğun gəlməsi” barədə cavabdehin dəlilinə münasibətdə qeyd olunur ki, bu uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaq vəzifəsi cavabdeh inzibati orqana aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmçinin iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi bağ torpaq sahəsinin sxematik xəritəyə uyğun olmaması ilə bağlı hər hansı təqsiri olmadığı üçün cavabdeh inzibati orqanın öz vəzifəsinin yerinə yetirilməməsi ilə bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz və onun qanuni və əsaslı olan tələbinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu mövqe həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da sərgilənmişdir (məs: 2- 1(102)-1415/2020 saylı və 2-1(102)-2826/2019 saylı inzibati işlər). O ki qaldı “torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər şəxslər X3 və X5 müraciəti olması” barədə dəlilə, məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2024-cü il tarixdə xx.xx.1960-cı il təvəllüdlü X8 tərəfindən notarial qaydada təsdiq olunmuş 8İ-6722 reyestr nömrəli **********722 saylı ərizəyə və xx.xx.1982-ci il təvəllüdlü X11 tərəfindən notarial qaydada təsdiq olunmuş 8İ-13208 reyestr nömrəli **********208 saylı ərizəyə əsasən hər iki şəxs İddiaçı adına olan Goradil bağlar massivi, 826 i saylı ünvanında yerləşən bağ sahəsinə dair heç bir iddia və tələblərinin olmadığını bildirmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq X5 və X3 iddiaçının iddia etdiyi bağ sahələrinə dair hər hansı tələbinin olmadığı qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11273/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11273/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1022/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1022/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver