Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1023/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “birdəfəlik pul müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “birdəfəlik pul müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X3 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. xx xxxx 2018-ci il tarixdə oğlu X1 regional “ASAN xidmət” mərkəzində 20 il müddətinə, yəni xx.xx.2038-ci il tarixədək müddətə onun, yəni İddiaçı adına etibarnamə vermişdir. O, da həmin tarixdən oğlunun verdiyi etibarnamə əsasında ona həvalə edilmiş səlahiyyətləri həyata keçirmişdir. Covid-19 koronavirusu ilə əlaqədar Respublika ərazisində karantin rejimi tətbiq edilmişdir. Bununla əlaqədar ölkədə olan işsizlərə dövlət tərəfindən birdəfəlik 190 manat məbləğində müavinətlərin ödənilməsi qərara alınmışdır. Həmin müavinətin ödənilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdur. Oğlu da bununla əlaqədar mesaj göndərmiş və işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik 190 manat müavinət ona təyin edilmişdir. Həmin müavinətin aprel ayı üçün ödənilməsi “xxxx” MMC-yə və onun filialarına həvalə edilmiş, may ayı üçün ödənilməsi isə banklara həvalə edilmişdir. Oğlu hazırda Respublika ərazisində olmadığı üçün onun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməni» götürərək, həmin müavinəti almaq üçün “xxxx” MMC-nin Lənkəran rayon Poçl Filialına və həmin filialın Boladi kənd şöbəsinə müraciət etmiş, etibarnaməsi olmasına baxmayaraq ona həmin müavinətin verilməsindən imtina edilmişdir. Bundan sonra həmin müavinət may ayı üçün bank vasitəsi ilə ödəniləndə o, yenidən oğlunun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməsini götürərək banka getmiş və həmin sənədləri təqdim edərək, oğluna təyin edilmiş 190 manat müavinət pulunu etibarnamə əsasında almışdır. Bundan sonra o, oğluna təyin edilmiş 190 manat müavinət pulunun aprel ayı üçün nəzərdə tutulmuş hissəsini aimaq üçün rəsmi qaydada ərizə formasında “xxxx” MMC-nin Lənkəran rayon Poçt Filialına müraciət etmişdir. Rəsmi qaydada müraciət etsə də, “xxxx” MMC-nin Lənkəran rayon Poçt Filialı oğluna bir işsiz kimi təyin edilmiş 190 manat müavinət pulunu ona ödəməkdən imtina edərək bu barədə məktub da təqdim etmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “xxxx” MMC-dən daxil olan sxem-004 xx.xx.2020-ci il tarixli teleqrammaya əsasən işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətlər 190 manat etibarnamə vasitəsilə digər şəxslərə ödəniş etmək qəti qadağandır, vəsait ancaq təyin edilən şəxsin özünə ödənilməlidir. “xxxx” MMC-nin Lənkəran rayon Poçt Filialı oğluna bir işsiz kimi təyin edilmiş 190 manat müavinət pulunu ona ödəməkdən imtina etdiyi üçün o, bu barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəl Texnologiyalar Nazirinə müraciət etmişdir. Oradan da ona bu barədə imtina edilmişdir. O, 190 manat müavinət pulunu may-iyun ayları üzrə bank vasitəsi ilə almış və heç bir problem də olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qərardadında qeyd etmişdir ki, etibarnaməyə baxış keçirilmiş və X5 tərəfindən İddiaçı onu məhkəmədə təmsil etmək səlahiyyətinin sonuncuya verilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iddiaçıya etibarnamə əsasında həmin səlahiyyət verildiyi halda belə, onun öz adından məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yaranmayacaqdır. Onun etibarnamə üzrə təmsil etdiyi şəxsin adından iddia qaldıraraq həmin iddia ərizəsini imzalamaq səlahiyyəti, həmçinin onu məhkəmədə təmsil etmək hüququ yaranmış olardı. Beləliklə, məhkəmə bu halı əsas götürərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı birdəfəlik pul müavinətinin ödənilməsi barədə tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar qəbul etmişdir. Məhkəmə işi tam araşdırmadan qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Çünki, o, məhkəməyə öz adından müraciət etmiş, oğlunun adından məhkəməyə müraciət etməmişdir ki, bu barədə məhkəməyə etibarnamə təqdim etsin. Ona verilmiş etibarnamə oğluna işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi barədədir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İddiaçı hazırki işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş şikayətə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı tələbi “oğlu X3 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, iddiaçının subyektiv hüququnun olmamasına” əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya oğlu tərəfindən verilmiş 614668 saylı etibarnamədə məhkəmədə onu təmsil etmək səlahiyyəti verilməmiş, belə səlahiyyət verilsəydi belə, onun öz adından məhkəmədə iddia qaldırmağa səlahiyyəti yaranmayacaqdır, onun etibarnamə üzrə təmsil etdiyi şəxsin adından iddia qaldıraraq, həmin iddia ərizəsini imzalamaq səlahiyyəti, həmçinin onu məhkəmədə təmsil etmək hüququ yaranmış olardı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçının iddiasını qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı oğluna verilməli olan 190 manat birdəfəlik sosial yardımın etibarnamə əsasında ona verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış 1-2-11/5718-20 saylı xx.xx.2020-ci il tarixli məktubda 190 manat birdəfəlik ödəmənin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsinin “xxxx” MMC-də dayandırıldığı göstərilmiş və sözügedən yardımın alınması üçün onun aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tovsiyə olunmuşdur. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, oğluna işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi barədə öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ona deyil, oğluna təyin edilmiş birdəfəlik 190 manat pul müavinətinin oğlunun etibarnamə üzrə nümayəndəsi kimi ona verilməsi ilə bağlı poçt xidmətinin imtina etməsindən şikayətlənir. Birinci instansiya məhkəməsi isə iddiaçının özü tərəfindən bu iddianın qaldırıldığına, oğlunun adından isə belə iddianı qaldırmaq hüququnun ona etibarnamə ilə verilmədiyinə əsaslanaraq iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsasında birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Belə ki, iş materiallarına əlavə olunmuş X5 tərəfindən İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin (həmin etibarnamə 20 il müddətinə verilmişdir) məzmunundan görünür ki, iddiaçıya verilmiş səlahiyyətlər geniş məzmunda ifadə olunmuş və bu etibarnamədəki səlahiyyətlərə əsasən iddiaçının öz oğluna çatası pul məbləğini onun nümayəndəsi olaraq almaq hüququ da vardır. Belə bir hüququn iddiaçıya səlahiyyətli nümayəndə kimi verilmiş etibarnamədə ifadə olunmasını, iddiaçının nümayəndə kimi onun tələbinin təmin olunmasından cavabdeh orqan tərəfindən verilmiş imtinadan narazı qaldığı, nəticədə məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunub-olunmadığı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq və ya onu dəqiqləşdirmək kimi məsələlər birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, bu barədə iddiaçıya hüquqi yardım da göstərilməmişdir. İş materiallarından iddiaçının bu iddianı qaldırmaqla bağlı onun subyektiv hüququnun olmadığına dair məhkəmənin hüquqi yardım göstərməsi müəyyən olunur. Məhkəmənin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım etməsi isə iş materiallarından müəyyən olunmur. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının oğlunun nümayəndəsi kimi onun tələbinin təmin olunmasından cavabdeh orqan tərəfindən verilmiş imtinadan narazı qaldığını nəzərə alaraq, məhkəmədə qaldırdığı iddia ilə hüquqi marağının əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1023/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1023/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver