Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1023/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı, 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı (3-cü şəxs X3) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-10405/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək dövlət mülkiyyətində olan 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “sahəsi 348,5 kv.m olan fərdi yaşayış evinə dair **********51-10301 reyestr nömrəli çıxarış və texniki pasportun, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin torpaq sahələrini ayıran ortaq divar üzərində və X2 məxsus torpaq sahəsinə aid olan 10,5 kv.m hissədə ləğv edilməsi, evin texniki pasportunda X1 torpaq sahəsinə (həyətinə) baxan hissəsində 11 ədəd pəncərə yerinin ləğv edilməsi” barədə iddia tələbi vardır. Həmin iddia üçün əsas X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə mülkiyyətinə verilmiş 200 kvadrat metr torpaq sahəsi üzərində yaranmış “hüquqları” olmuşdur. X3 həmin qərara istinad edərək, İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarış və texniki pasportunun qismən ləğv edilməsi və digər iddialar ilə bağlı heç bir əsas olmadan məhkəmələrə müraciət edir. Bakı İnzibati Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilmiş inzibati işlə bağlı keçirilən 17 iyun 2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı məktuba əsasən İddiaçı məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş və hal- hazırda istifadə etdiyi 200 kvadrat metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir. Eyni zamanda həmin torpaq sahəsi yaşayış binalarının həyətində, ümumi istifadə üçün nəzərdə tutulan, daxilində yaşıllıq ağacları mövcud olan torpaq sahəsidir. Bundan əlavə olaraq torpaq sahəsinin 3 tərəfindən qaz xətti keçir. Nəticə etibarı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı qanunsuz və əsassızdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarı ilə qanunsuz olaraq X2 verilmiş dövlət mülkiyyətində olan torpaq sahəsinin hasarlanaraq bağlanması İddiaçı tərəfindən tikilmiş yaşayış evinin təhlükəsizliyi, sanitar və yanğından mühafizə qaydalarının kobudcasına pozulmasıdır. Belə ki, fors major hallarda, yəni yanğın zamanı yanğının qarşısının alınması və söndürülməsi zamanı həmin ərazidən müdaxilənin edilməsi qeyri-mümkündür. Qeyd edilənlərə əsasən dövlət mülkiyyətində olan 200 kvadrat metr torpaq sahəsinin X1 mülkiyyətinə verilməsi barədə Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 06 oktyabr 2006-cı il tarixli, 266 saylı qərarının etibarsız olması səbəbindən ləğv edilməsi və həmin ərazinin ilkin vəziyyətinə gətirilməsi üçün tədbir görülməsi barədə cavabdeh orqana İddiaçı müraciət etmişdir. Lakin cavabdeh orqan müraciətinin təmin edilməsindən imtina edərək, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi barədə ona 26 iyun 2022-ci il tarixli cavab məktubu ünvanlamışdır. Məhkəmənin 2-1(112)-10405/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə X3 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 266 saylı, xx.xx.2006-cı il tarixli qərarının ləğv edilməsi və buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizələr vermişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-10405/2022 saylı qərardadı ilə buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia müddətinin bərpa edilərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 266 saylı xx.xx.2006-cı il tarixli qərarını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı” Mübahisələndirilən qərarın qəbul edildiyi dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati orqanın qərarından 16 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Odur ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının ərizədə müddətin buraxılmasının üzürlü qəbul edilməsi üçün qeyd etdiyi halları əsaslı hesab etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etsə də, müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən, habelə müddətin onun təqsiri olmadan buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməyərək müddətin ötürülməsi səbəbindən iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-10405/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1023/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1023/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver