Məhkəmə qərarları › İş №2-1(103)-1023/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1023/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1023/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1646/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1973-cü ildən xx.xx.2006-cı ilədək ümumi sığorta stajının 32 il, 03 ay, 03 gün olması nəzərə alınaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə, xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14260,32 manat pensiya kapitalının isə ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən yenidən hesablanması və indeksləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının yenidən hesablanması və indeksləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixində anadan olmuş, xx.xx.1973-cü il tarixində Lənkəran rayonunun “Oktyabr” toxumçuluq sovxozunda fəhlə qismində əmək fəaliyyinə başlamış və hərbi xidmətlə bağlı xx.xx.1975-ci ildə işdən azad edilmiş, habelə xx.xx.1975-xx.xx.1977-ci illər ərzində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Elektriktökmə ASC-yə (keçmiş “Mərkəzi elektriktökmə” zavoduna) xx.xx.1977-ci ildə əmək şəraiti xüsusi zərərli şərtlər əsasında günəmuzd əmək haqqı ödənilməklə qəlibçi şagirdi peşəsinə işə qəbul olunmuş və cəmiyyətin xx.xx.1991-ci il tarixli əmrinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1991-xx.xx.1992-ci illərdə Bakı Şəhəri İcrayə Komitəsinin Baş Arxetektura İdarəsinin Xüsusi-Elmi layihə bürosunda və xx.xx.1993-xx.xx.1997-ci illərdə “Azdəniznefttikinti” Trestinin Mənzil- Kommunal kontorunda məsləhətçi-hüquqşünas, habelə xx.xx.1999-xx.xx.2005-ci illərdə “SOS” hüquqi xidmət firmasında hüquqşünas vəzifələrində işləmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və hazırda Bakı şəhərinin 9 saylı Vəkil Bürosunun vəkili kimi əmək fəaliyyətini davam etdirir. Məlum faktlar adına verilmiş xx.xx.1974-cü il tarixli əmək kitabçası ilə təsdiqlənir. xx.xx.2021-ci il tarixində 65 yaşı tamam olduğuna görə ona 224 manat məbləğində avtomatlaşdırılmış qaydada əmək pensiya təyin edilmiş və hazırda isə həmin məbləğ pensiyanm minimum həddində, yəni 240 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, bununla bağlı xx.xx.2022-ci il tarixdə ona bildirilmişdir ki, ona təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və onun məbləği dəyişməmişdir. İddiaçı yenidən ona təyin edilmiş yaşa görə əmək pensiyasının necə hesabanması, hansı qanuna və təlimata uyğun hesablanması barədə məlumat verilməsinə dair cavabdehə müraciət etmiş, ona cavabdeh tərəfindən xx.xx.2006ci il tarixinə kimi onun 23 il 9 ay sığorta stajının olması, Qanunun 22-1.1-ci maddəsinin tələbinə görə həmin stajın 25 il hesab edilməsi, xx.xx.2006-xx.xx.2021-ci il tarixinədək sığorta hissəsində qeydə almmış 14260,32 manat pensiya kapitalın olması qeyd edilir və bu faktlara əsasən əmək pensiyası yenidən hesablanmış, habelə yaşa görə əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixinə 231,28 manat olması müəyyən edilmişdir. Bundan əlavə, bu müddət ərzində yığım hissəsində pensiya kapitalı olmadığına görə Qanunun 10.2-ci maddəsinə əsasən ona təyin edilmiş əmək pensiyası SH=PSK/T düsturu ilə hesablanmışdır. Belə ki, xx.xx.2006-ci il tarixinədək 25 il sığorta stajına uyğun olan 19044 manat pensiya kapitalı və xx.xx.2006-xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.260,32 manat pensiya kapitalı nəzərə alınaraq, ona xx.xx.2021-ci il tarixinə 231,28 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-ci il tarixinədək ümumi sığorta stajı 23 il 9 ay deyil, 32 il 03 ay 03 gündür. Cavabdeh tərəfindən xx.xx.2006-ci il tarixinədək 25 il sığorta stajına uyğun olan 19044 manat pensiya kapitalının necə hesablanması və hansı qanuna, habelə təlimata uyğun hesablanması və s. hallar barədə cavabdeh tərəfindən açıqlama verilməmişdir. İddiaçının xx.xx.1973 - xx.xx.2006-ci il tarixinə kimi ümumi sığorta stajının 25 il deyil, 32 il 03 ay 03 gün olmasını nəzərə alaraq, fərdi hesabın sığorta hissəsi Qanunun 27.1 və 29.1ci maddələrin tələbinə uyğun olaraq bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə əsasən hesablanmalı və indeksləşdirilməlidir. Bundan əlavə, xx.xx.2006 - xx.xx.2021-ci il tarixinədək onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14.260,32 manat pensiya kapitalı isə Qanunun 29.1-1-ci maddəsinin tələbinə uyğun olaraq, ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən yenidən hasablanmalı və indeksləşdirilməlidir. Cavabdeh qanunvericiliyin tələblərini pozduğundan, ona təyin edilmiş əmək pensiyasının qanunun tələblərinə uyğun olaraq yenidən hesablanması, habelə indeksləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-1646/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya kapitalının sığorta stajını 30 il 01 ay 16 gün və bu kapital qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2021-ci il tarixə 22.925,43 manat hesablamış, cavabdeh isə sığorta stajını 30 il 19 gün və bu kapital qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.2021-ci il tarixə 22.902,14 manat hesablamışdır. Hesablamalar arasında fərq təxminən 23 manat təşkil edir və məlum fərq sonrakı illərdə indeksləşdirildikdə artıq çox ciddi rəqəm alınır. İddia tələbinin ikinci hissəsi xx.xx.2006-xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.260,32 manat pensiya kapitalının Qanunun 29.1-1-ci maddəsinin tələbinə uyğun olaraq ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən yenidən hasablanması və indeksləşdirilməsidir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14.260,32 manat pensiya kapitalını 2006-2016-cı illər üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında, xx.xx.2017-xx.xx.2021-ci illər üçün qeydə alınmış pensiya kapitalını həmin Komitənin müəyyən etdiyi ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indekləşdirilməlidir. xx.xx.2017-ci il tarixinə kimi fərdi hesabının sığorta hissəsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalları ayrı-ayrılıqda hesablanıb indeksləşdirilirdisə, həmin tarixdən sonra məlum kapitallar birləşdirilərək Dövlət Statistika Komitəsinin müəyyən etdiyi ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq vahid tariflə indeksləşdirilməyə başlandı. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-xx.xx.2021-ci il tarixlərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalımı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-xx.xx.2019-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən isə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. Qaydaların 4.2.3-cü maddəsinə istinadən 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə həmin Komitənin müəyyən etdiyi istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Məhkəmə tərəfindən Qaydaların tələbləri pozularaq, xx.xx.2006-xx.xx.2021-ci illərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilmişdir. Daha sonra onun xx.xx.2017-xx.xx.2019-ci illərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. Məhkəmənin qəbul etdiyi məlum qərarından belə nəticəyə gəlmək olur ki, onun xx.xx.2017-xx.xx.2019-cu illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2 dəfə indeksləşdirilmişdir. Birinci halda xx.xx.2017-xx.xx.2019-cu illər üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, ikinci halda isə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. Məhkəmə iş materiallarına istinad edərək hesab edir ki, onun xx.xx.2006-xx.xx.2021-ci illərdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilmişdir. İddiaçı “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının hesablanması və indeksləşdirilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir. Məlum ərizədə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalımın 2 (iki) qaydada hesablanması və indeksləşdirilməsi təklif olunmuşdur: Birinci halda, ƏƏSMN-nin təqdim ediyi Sosial arayışdakı hesablanmış məbləğə əsasən və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında hesablanmış və indeksləndirilmiş pensiyanın məbləği xx.xx.2021-ci il tarixinə təxminən 22.925.43 (fərdi hesabın sığorta hissəsinin pensiya kapitalı)+29811,9 (fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı)=52737,33:144=366,23 manat təşkil etmişdir. İkinci halda, ƏƏSMN-nin təqdim ediyi Sosial arayışdakı ödənilmiş məbləğə əsasən və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında hesablanmış və indeksləndirilmiş pensiyanın məbləği xx.xx.2021-ci il tarixinə təxminən 22.925,43 (fərdi hesabın sığorta hissəsinin pensiya kapitalı)+28.647,93 (fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı)=51.573,36:144=358,14 manat təşkil etmişdir. Yəni təxmini hesablamalarıma görə ona xx.xx.2021-ci il tarixinə 366,23 manat və ya 358,14 manat məbləğində pensiya təyin etməli olduğu halda, cavabdeh 224 manat əmək pensiyası təyin etmişdir. Beləliklə, məhkəmənin qərarı qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Belə ki, Dövlət Statistika Komitəsi xx.xx.2006-xx.xx.2021-ci illər üçün istehlak qiymətləri indeksinin illik səviyyəsi və həmin illər üzrə ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempi haqqında məlumatları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin məlumatları nəzərə alaraq, onun bu illər ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını və fərdi hesabın sığorta hissəsinin pensiya kapitalını yenidən hesablamamış, habelə indeksləşdirməmişdir. Məhkəmə məlum qərarını qəbul edərkən qanunu səhv təfsir etmiş, bu isə həmin qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd edilir: İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbi ilə xx.xx.2022-cil tarixdə cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Lakin iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “SOS” hüquqi xidmət firmasında işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış xidməti araşdırmaya əsasən, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi SOS” hüquqi xidmət firması faktiki olaraq fəaliyyət göstərmədiyi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı ilə əlaqə saxlanılmış və işlədiyi dövrdə əmək haqqı almadığı bildirilmişdir. Bu səbəbdən mübahisələndirilən 06 il 01 ay 18 gün iddiaçının sığorta stajına daxil edilməmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14260,32 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 231,28 manat müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı iddiaçının pensiyası yenidən hesablanmış və xx.xx.2006-cı il tarixinədək 30 il 19 gün sığorta stajı nəzərə alınmışdır. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının Bakı İnzibati Məhkəməsinə ünvanladığı 30 mart 2023-cü il tarixli 3-17-1/2-65287/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən şəxsin təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 1 ay 18 gün hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, 21,09.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək 27 il 11 ay 1 gün əmək fəaliyyəti olmaqla ümumi 30 il 19 gün iş stajı və xx.xx.2006-cı il tarixdən yaşa görə pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14699 manat (xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmaqla onun pensiya məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır: (30 il tam iş stajı + 19 : 30 gün : 12 ay) x 306 manat = 9196,15 manat. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalının xx.xx.2021-ci il tarixədək indeksləşdirilmiş 22902,14 manat məbləği əsasında əmək pensiyanın sığorta hissəsi 22902,14:144=159,04 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 14699 manat pensiya kapitalına əsasən 14699:144=102,08 manat olmaqla əmək pensiyasının sığorta hissəsinin ümumi məbləği cəmi 261,12 manat (159,04+102,08=261,12 manat) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 269,99 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 286,65 manat müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə 328,79 manata çatdırılmışdır. İşə mahiyyəti üzrə baxan Bakı İnzibati Məhkəməsi 21 sentyabr 2023-cü il tarixli qərarda haqlı olaraq bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən isə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. Məhkəmə qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qanuni əsaslarla imtina olunduğundan, işin bu cür halında isə cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətə yol verilməsi hər hansı dəlil ilə sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. Apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdehin iddiaçıya ünvanlanmış 27 may 2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada 224,21 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən 01,10.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14260,32 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 231,28 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 23 il 9 ay olduğu halda, Sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği sığorta hissəsi və yığım hissəsindən ibarətdir: P=SH+YH. Sizin fərdi hesabınızın yığım hissəsində pensiya kapitalı qeydə alınmadığından pensiyanız sığorta hissəsindən ibarət olmaqla Qanunun 10.2-ci maddəsinə uyğun olaraq SH = PSK/T düsturu ilə müəyyən edilir. Burada:SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). Pensiyanızın hesablanma qaydası həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq baza hissə, pensiya təyin olunan günədək qazanılmış sığorta hissə və pensiya təyin olunduqdan sonra toplanmış sığorta kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (pensiyaçının işlədiyi ayların sayı qədər azaldılmaqla) nisbətinə olan məbləğin cəmi şəklində hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajınıza uyğun uyğun 19044 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 14260,32 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış ((19044 + 14260,32)/144) və əmək pensiyanızın məbləği xx.xx.2021 -ci il tarixindən 231,28 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 6-1-ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixindən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Bu səbəbdən əmək pensiyanızın məbləği (231,28 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) aşağı olduğu üçün əmək pensiyanız minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar 248,16 manata (240+(240*3,4%)) çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən 01.01,2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Ötən dövr üzrə (xx.xx.2021-ci il tarixindən) hesablanmış fərq məbləği cari pensiyanızın üzərinə əlavə edilməklə Sizə ödəniləcəkdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2021-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Həmin Qanunun 22-1.2ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaşa xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 30 il 19 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 30 il 19 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği - (30+(19/30gün)/12ay)x306=9196,15 manat təşkil edir. Həmin kapitalın xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 22902,15:144=158,98. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra 15198,77 manat (indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmışdır: 15198,77:144:1,034=102,08 (xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş), 2021 - 102,08+158,98=261,06 (pensiya məbləği), 2022 - 261,06+261,06x3,4%=269,93. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 286,59 manat (269,93+200:12=286,59) müəyyən edilib. 2023- 286,59+286,59x14.7%=328,72. İddiaçı pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 365,54 manata çatdırılmışdır: 2024 - 328,72+328,72x11.2%=365,54. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aqvust 2024-cü il tarixli 9/1948 nömrəli ekspert rəyində qeyd edilir: Təqdim edilmiş mülki iş materiallarında olan sənədləri və rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı pensiya məbləğinin hesablanması aşağıdakı kimi müəyyən edilir: Staj – 30 il 19 gün x306 = 22902,15 (2021-ci il vəziyyətə), PSK 2006-2021.09-dək = 14837,54 (2021-ci il vəziyyətə), ümumi:37739,69 / 144=262,08. xx.xx.2021-262,08 manat; 2022-270,99 manat; 2023 – 329,94 manat; 2024-366,88 manat. Bununla İddiaçı pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 366,88 manat təşkil etdiyi müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir (xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan redaksiya). 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir (xx.xx.2019-dan qüvvədə olan redaksiya). 29.2. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir (xx.xx.2017-dək qüvvədə olan redaksiya). Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İddiaçının hərbi xidmət dövrü xx.xx.1975-xx.xx.1977, əmək fəaliyyəti dövrü isə xx.xx.1973xx.xx.1975, xx.xx.1977-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997, xx.xx.1999-xx.xx.2005, xx.xx.2005-xx.xx.2021-ci illəri (pensiya yaşının tamam olduğu tarix) əhatə edir. Hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 30 il 19 gün təşkil edir. İddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı ilədək 30 il 19 gün ümumi stajına əsasən pensiya kapitalının məbləği (Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır) və xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyası hesablanmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilmişdir. Qeyd olunan hal iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də öz təsdiqin tapmışdır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Göründüyü kimi, iddiaçıya pensiya məbləği hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1646/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar