Məhkəmə qərarları › İş №2-1(103)-1023/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1023/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1023/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə götürülməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki qeydiyyat və yaşayış ünvanını Bakı şəhəri, Binəqədi rayonuna dəyişməsi ilə əlaqədar olaraq İİ qrup müharibə əlili kimi 3 nəfər ailə üzvü ilə birlikdə (arvadı və övladı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir vəzifəsində xidmət keçməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən “hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması bel nahiyəsinin dəlib-keçən aralığın kor qəlpə yarası. Düz bağırsağın deşilmiş-cırılmış yarası. Sol qalça sümüyünün qəlpəli sınığı. Sağ kürək sümüyünün uc nahiyəsində yad cisim (güllə). Anal sfinkterin çatışmazlığı. İ dərəcəli, qeyri-iradi qazın və nəcisin ifrazı” xəsarətlərini almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə ona ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ilə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, onu daimi qeydiyyat və yaşayış yerini dəyişməsi ilə əlaqədar vətən müharibəsi iştirakçısı kimi mənzil növbəsinin köçürülüməyini xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5- 10/2-P-2-068/2024 saylı məktubu ilə qanunsuz olaraq onun qanuni tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti iddiaya etirazını “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın onun adına daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-P0002-8/2024 **********80 saylı xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı (ümumbirgə pay) adına İmişli rayonu, Qızılkənd kəndində 0.13 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-295A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi İmişli regional “'ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-241 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi səbəbindən müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamış və bu barədə iddiaçıya ətraflı izahat verilmişdir. İddiaçının mənzil növbəsinə götürülməsinə imtina olunması mülkiyyətində olan torpaq sahəsinin özgəninkiləşdirilməsindən 5 il müddətin keçməməsi ilə bağlı olmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Beləliklə də, göründüyü kimi yaşayış sahəsi olmayan hərbi qulluqçuların sırf mənzillə deyil, torpaq sahəsi ilə də təmin olunması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (mənzil sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının adına daşınmaz əmlak (ümumbirgə payda yaşayış təyinatlı torpaq sahəsi) mövcud olmuşdur, lakin özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirmə faktı isə mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilir. Qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Qanunvericilik belə halların baş verdiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülməsini nəzərdə tutur. 5 il keçmədiyi təqdirdə vətəndaşların mənzil növbəsinə götürülməsi qadağandır. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olubolmaması barədə arayışın təqdim olunması xahiş olunur. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur. Qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddiа tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumibirgə paylı torpaq sahəsinin özgəninkiləşdirilməsini İddiaçı yaşayış sahəsinə olan ehtiyacı qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyi ilə nəticələnə biləcək hərəkətlərə yol vermək məqsədilə etdiyini, həmin vaxtdan beş il müddəti keçmədiyini öz qərarında qeyd etmiş və bu əsaslarla iddiaçının iddia tələbini təmin etməmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə onu daimi qeydiyyat və yaşayış yerini dəyişməyi ilə əlaqədar vətən müharibəsi iştirakçısı kimi mənzil növbəsinin köçürülməsini xahiş etməzdən əvvəl İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə ehtiyacı olan şəxs qismində uçotda olmuşdur. Göründüyü kimi, İddiaçı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə ehtiyacı olan şəxs qismində uçota alındığı halda Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmaqdan imtina edilməsi qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi İddiaçı adına olmuş və sonradan özgəninkiləşdirilmiş torpaq sahəsini qanunsuz olaraq yaşayış sahəsi hesab edərək həmin torpaq sahəsinin özgəninkiləşdirilməsini yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət qismində qiymətləndirmiş, həmin hərəkətlərin edilməsindən 5 il vaxt keçmədiyini göstərmiş, belə olan halda İddiaçı hazırda yaşayış və qeydiyyat ünvanı üzrə cavabdeh tərəfindən mənzil növbəsinə götürülməməsi ilə bağlı hərəkətlərin qanuni olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi istər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.13 və eləcə də 52-ci maddəsinin tələblərinə ziddir. İş üzrə məhkəmə tərəfindən araşdırma aparılan zaman İddiaçı mülkiyyətində olmuş və ya hazırda olan hər hansı yaşayış sahəsi aşkar edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi İddiaçı irəli sürdüyü iddia tələbinə qanunsuz olaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52 və 53cü maddələrini tətbiq etmişdir. Qeyd edilənlərə əsaslanaraq İddiaçı məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışından görünür ki, xx.xx.1996-ci il tarixli İddiaçı diaqnozu: hərbi əməliyyatlar nəzticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Partlayış travması bel nahiyyəsinin dəli-kecən aralığın kor qəlpə yarası. Düz bağırsağın deşilmiş-cırılmış yarası. Sol qalça sümüyünün qəlpəli sınığı. Sağ kürək sümüyünü uc nahiyyəsində yad cisim (güllə). Anal sfinkterin çatışmazlığı. İ dər, qeyri iradəli qazın və nəcisin ifrazı. xx.xx.2020-ci il tarixində “Laparoskopik kolostomiya. Relaparotomiya (xx.xx.2021) qarın boşluğunun sanasiyası və drenajı. Sağ kürək nahiyyəsində güllənin xaric edilməsi. Kolostomanın ləğvi bağırsaq arasından uc yana anastozmozun qoyulması qarın boşluğunun sanasiyası və drenaj əməliyyatdan sonrakı anal sifinkter çatışmazlığı İ dərəcəli qarnın ön divarının bərkimiş çapıqları. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə məlumat: ikinci dərəcəli əlillik. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı arayışından görünür ki, X6, X11, X3, X15, X7, X4, X9 xx.xx.2023-cü il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********80 saylı “məlumatların verilməsi barədə” cavab məktubundan məlum olur ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə tərəfindən X8 (ümümibirgə pay) adına İmişli rayonu, Qızılkənd kəndində 0.13 ha yaşayış məntəqələrinin torpaqları təyinstlı torpaq sahəsinə dair JN-295A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-241 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********81 saylı “adına əmlakın olub-olmaması barədə” cavab məktubundan məlum olur ki, X1 ümumi birgə payda Saatlı şəhərində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN 274A nömrəli xx.xx.2001-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, 12-3/2-P-487-25-484/2024 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka krediti, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, 12-3/2-P-486-25-483/2024 saylı X5 ünvanlanmış məktubundan görünür ki, Fondun mövcud informasiya sistemlərində X5 verilmiş ipoteka krediti, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyil. İş materiallarında olan sənədlərdən həmçinin görünür ki, İmişli Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı mənzil növbəliliyinə qəbul edilməsi barədə” xx.xx.2021-ci il tarixli, № 167 saylı sərəncamında göstərilmişdir ki, İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı təsdiq edilərək, İİ Qarabağ Müharibəsi əlili X2 Müharibəsi əlili kimi mənzil növbəliyinə qəbul edilmişdir. İmişli Rayon İcra Hakimiyyəti Başçısının “İddiaçı İmişli Rayon İcra Hakimiyyətinin mənzil növbəliliyindən çıxarılması və mənzil növbəliliyinə dair sənədlərinin yeni yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsi barədə” xx.xx.2024-ci il tarixli, № 56 saylı sərəncamında göstərilmişdir ki, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, İmişli Rayon icra Hakimiyyəti başçısının 12 oktyabr 2021-ci il tarixli, 167 saylı sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində İmişli Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlili kimi mənzil növbəliliyinə qəbul edildiyini, hazırda ünvan 2 ünvanında yaşadığını, orada pasport qeydiyyatında olduğunu bildirmiş və mənzil növbəliliyinə dair sənədlərini yeni yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. İddiaçı müraciətini və onun faktiki olaraq ünvan 2 ünvanında yaşadığını nəzərə alaraq, İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasının İddiaçı mənzil növbəliliyinə qəbul edilməsi barədə sənədlərinin hazırda yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsinə dair 02 may 2024-cü il tarixli qərarı təsdiq edilməsi və İddiaçı adının İmişli Rayon İcra Hakimiyyətinin mənzil növbəliliyi siyahısından çıxarılması və mənzil növbəliliyi ilə bağlı sənədlərin faktiki yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi RİH-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 5-53-2/2-774/2024 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, İmişli Rayon İcra Hakimiyyəti başçısının 12 oktyabr 2021-ci il tarixli, 167 saylı sərəncamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan qismində İmişli Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlili kimi mənzil növbəliliyinə qəbul edildiyini, hazırda ünvan 2 ünvanında yaşadığını, orada pasport qeydiyyatında olduğunu bildirmiş və mənzil növbəliliyinə dair sənədlərini yeni yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. İddiaçı müraciətini və onun faktiki olaraq ünvan 2 ünvanında yaşadığını nəzərə alaraq İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyası İddiaçı mənzil növbəliliyinə qəbul edilməsi barədə sənədlərinin yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilməsinə dair 02 may 2024-cü il tarixli qərar qəbul etmiş və həmin qərar İmişli Rayon İcra Hakimiyyəti başçısının 06 may 2024-cü il tarixli, 56 saylı sərəncamı ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixli, 5-10/2-P-2-068/2024 saylı İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı daimi qeydiyyat və yaşayış yerini dəyişməsi ilə əlaqədar mənzil növbəsinin köçürülməsi tələbindən imtina edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3). Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir (51.4). Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir (51.5). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7). «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə müvafiq olaraq, dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın: 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır (*şəxs artıq uçota alındığından, məhkəmə kollegiyası tərəfindən bu hissələrə toxunulmur); 8-ci bəndinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş çərçivəsində əsas yoxlanılmalı olan məsələ məhz iddiaçının Bakı şəhərində hansı müddətdə yaşamasından ibarətdir. Belə ki, İmişli kəndinin Qızılkənd kəndində bağışlanmış əmlak şəxs İmişli Rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaş İddiaçı mənzil növbəliliyinə qəbul edilməsi barədə” xx.xx.2021-ci il tarixli, № 167 saylı sərəncamı qəbul ediləndə iddiaçının mülkiyyətində idi və belə olan halda torpağın özgəninkiləşdirilməsinə dair hərəkətin Mənzil Məcəlləsinin 52-ci maddəsinin əhatə dairəsinə düşə biləcəyi müəyyən suallar doğurur. İddiaçının Bakı şəhərinin ərazisində yaşamasına gəldikdə isə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhərində 2022-ci ildən yaşayır və hal-hazırda qanunvericiliyin 5 ilə münasibətdə olan tələbi ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8557/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar