Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1024/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı çıxarışda qarajın ölçülərinin dəyişdirilərək texniki pasportun verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 456/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********5105301-083035 nömrəsi ilə qeydə alınan mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı texniki səhvin aradan qaldırılması, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışda 19,30 kv.m. əvəzinə 31,6 kv.m. yazılması və ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinin birinci səviyyəsindəki 83 saylı avtomobil dayanacağı üçün texniki pasport verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, iddiaçının göstərdiyi artıq olan ölçü ilə bağlı onda heç bir hüquqmüəyyənedici sənəd olmadığından hazırkı tələb əsassızdır və təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı 11 iyun 2019-cu il tarixdə X3 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamaqla ünvan 1 ünvanda yerləşən binanın zirzəmisinin birinci səviyyəsindəki 83 saylı avtomobil dayanacağı üçün nəzərdə tutulan sahəni almışdır, iddiaçı eyni binanın 7-ci mərtəbəsində yaşayır və eyni zamanda zirzəminin birinci səviyyəsində yerləşən 89 saylı avtomobil dayanacağı da onun mülkiyyətindədir. İddiaçı 89 saylı dayanacaq (19,25 kv.m) balaca olduğu üçün və onun divarlarını tikdirmək mümkün olmadığı üçün daha geniş (ümumi sahəsi 31 kv.m. olan) və divarın qırağında yerləşən 83 saylı dayanacağı X1 almaq fikrinə gəlmişdir. Alqı-satqı başa çatdıqdan sonra iddiaçı cavabdehə sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu rəsmiləşdirmək üçün müraciət etmişdir. Nəticədə mülkiyyət hüququ **********51-05301-083035 nömrəsi ilə qeydiyyata alınmış və iddiaçıya müvafiq çıxarış verilmişdir. Lakin çıxarışda qeyri-yaşayış sahəsinin ümumi sahəsi 19,3 kv.m. kimi qeyd edilmişdir. Çıxarışı aldıqdan sonra 27.06.2019-cu il tarixdə iddiaçı cavabdehə müraciət etmiş və 12.07.2019-cu il tarixdə cavab almışdır. Cavabda "xxxx" MTK tərəfindən verilən ilkin sənədlərdə ümumi sahə 21,7 kv.m. qeyd edilmişdir, lakin, sözügedən qeyriyaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportda faktiki sahə 19,3 kv.m. qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdehə yenidən müraciət edərək sahədə ölçmə işlərinin aparılmasını xahiş etmişdir. DƏDRX-in səlahiyyətli şəxsi - mühəndis qeyri-yaşayış sahəsinə gəlmiş və ölçüləri götürmüş, faktiki ölçü 31,6 kv.m. təşkil etmişdir. Bundan sonra iddiaçı cavabdehə yenidən müraciət edərək, müvafiq texniki pasportun verilməsini xahiş etmişdir. 15 avqust 2019-cu il tarixli məktubu ilə cavabdeh təsdiq etmişdir ki, əmlakın ümumi sahəsi 31,6 kv. təşkil edir, lakin sənəd üzrə, yəni çıxarışda ümumi sahə 19,30 qeyd edildiyi üçün texniki pasportun verilməsi mümkün olmamışdır. Cavabdehin 25 sentyabr 2019-cu il tarixli cavab məktubu ilə də uyğunsuzluq aradan qaldırılmamışdır. Bağırov Kamrana vaxtı ilə verilmiş çıxarışda səhvən 19,3 kv.m. yazıldığı üçün iddiaçı tərəfindən aparılan alqı-satqıdan sonra iddiaçıya verilmiş çıxarışda da bu texniki səhv saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşin mübahisəsiz hallarına görə, "xxxx" MTK tərəfindən tikilən və MTK-ya məxsus 2 saylı yaşayış binasının -1 zirzəmi mərtəbəsində yerləşən, MTK-nın sənədlərində ümumi sahəsi 21,7 kv.m. kimi göstərilən 83 saylı avtomobil dayanacağı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.09.2012-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən X2 məxsus olmuş, çıxarışda 83 saylı avtomobil dayanacağının sahəsi 19,3 kv.m. göstərilmiş, sözügedən dayancaq 11.06.2019-cu il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçıya satılmış, müqavilədə satılan dayancağın sahəsi 19,3 kv.m. göstərilmiş, avtomobil dayanacağı üzərində iddiaçının mülkiyyət hüquqları 24.06.2019-cu il tarixdə qeydiyyata alınaraq, buna dair ona Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, rəsmi sənəddə avtomobil dayanacağının sahəsi 19,3 kv.m. qeyd edilsə də, faktiki sahə 31,6 kv.m. təşkil edir. O, sahənin artırılaraq yeni çıxarış və texniki pasportun tərtib edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətlərinə 12.07.2019, 15.08.2019 və 25.09.2019-cu il tarixli məktubla bildirmişdir ki, "xxxx" MTK tərəfindən verilən ilkin sənədlərdə ümumi sahə 21,7 kv.m, texniki pasportda faktiki ümumi sahə 19,3 kv.m. qeyd edilmişdir, faktiki sahə 31,6 kv.m. təşkil edir və bununla bağlı heç bir hüquq müəyyənedici sənəd təqdim edilməyib. Əlavə sahə ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edildiyi təqdirdə ərizəsinə yenidən baxıla bilər. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi təşkil edir. Məhz həmin normada sadalanan sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmr. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Halbuki, İPMin 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Çünki, ilkin olaraq 14.09.2012-ci il tarixli RX ******* nömrəli çıxarışda 83 saylı avtomobil dayanacağının sahəsi 19,3 kv.m. göstərilmiş, 11.06.2019-cu il tarixli müqavilədə satılan dayancağın sahəsi 19,3 kv.m. qeyd olunmuş, iddiaçıya verilən 24.06.2019-cu il tarixli çıxarışda da 19,3 kv.m. əks olunmuşsa, həmin 19,3 kv.m. ilə 31,6 kv.m-in fərqi, yəni 12,3 kv.m. sahənin kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli dayanacaq sahəsinin əlavə sahələri üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-in 87.6-cı maddəsi), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-456/2020 nömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1024/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1024/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver