Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1024/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı oğlunun, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinə qarşı “tikintiyə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması və tikintiyə icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasının və tikintiyə icazə verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı oğlu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması öhdəliyinin cavabdeh Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin və tikintiyə icazə verilməsi öhdəliyinin isə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılmasına dair müraciətinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmış və razılaşdırmadan 16.06.2020-ci il tarixli, 02/2282 saylı məktubla imtina olunmuşdur. Sənədlərdə olan xırda çatışmazlıqlar aradan qaldırıldıqdan sonra etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən razılaşdırılma ilə bağlı yenidən müraciət olunmuş, bu dəfə də sənədlərə baxılıb yoxlama aparılmadan eyni məzmunlu 26.08.2020-ci il tarixli, 02/3203 saylı imtina məktubu göndərilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh inzibati orqan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair 25.11.2020-ci il tarixli etirazda göstərmişdir ki, iddiaçı iddiasında tikintiyə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Tikintiyə icazə verilməsinin cavabdehin üzərinə qoyulması qeyri-mümkündür. Belə ki, “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Republikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Ərazi Tikinti Planlaşdırma Mərkəzi şəhərsalma, ərazi planlaşdırılması və arxitektura sahələrində xidmətlər (Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi, Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi, təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması, tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi, Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi, Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi, Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi) göstərilən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən publik hüquqi şəxsdir. Yəni Mərkəzin tikintiyə icazə vermək səlahiyyəti mövcud deyil. Bakı şəhərində tikintiyə icazə vermək səlahiyyəti Azərbaycan Republikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət etməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 saylı qərarı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə qismən təmin edilməsi, məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin üzərinə İddiaçı oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılmasının razılaşdırılması müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq qərar qəbul edilməsi haqqında öhdəliyin qoyulması, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə münasibətdə iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı oğlundan 100 (bir yüz) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən 01.10.2010-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəsgər Qayıbov küçəsi, 10L saylı sahədə yerləşən 0,0788 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı oğlunun adına 19.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 894 nömrəli reyestr kitabının 84718 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən Bakı Dövlət Layihə İnstitutuna ünvanlanmış 30.10.2019-cu il tarixli 149 №li məktubdan müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən İddiaçı oğluna məxsus anbar binasının layihələndirilməsinə şəhərsalma əsaslandırılması işlərinin yerinə yetirilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən sifarişçi "xxxx" MMC-nin 5604 №li şifariş əsasında hazırlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 saylı sahədə layihələndiriləcək anbar binasının yerləşdiyi ərazinin şəhərsalma əsaslandırılmasına dair İzahat yazısından müəyyən olunur ki, şəhərsalma layihələndirilən ərazi Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 L saylı sahədə yerləşir və 0,0788 hektar sahəni əhatə edir. Ərazinin kordinatları Beynəlxalq Koordinatları sisteminə (WGS-84, UTM-39) uyğun ArcGİS proqramı vasitəsilə təyin edilmişdir. "xxxx" MMC-nin 30 oktyabr 2019-cu il tarixli №: 149 saylı müraciət məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 L saylı sahədə layihələndiriləcək anbar binasının yerləşdiyi ərazinin şəhərsalma əsaslandırılmasının Baş planı həll olunarkən ərazinin mövcud xüsusiyyətləri nəzərə alınmışdır. Qeyd edilməlidir ki, Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planında şəhərsalma əsaslandırması layihələndirilən ərazi funksional istifadəsinə görə “Ticarət əraziləri” kateqoriyasına aiddir. Şəhərsalma əsaslandırılması layihələndirilən ərazi hazırda boş torpaq sahələrindən ibarətdir. Sifarişçinin istəyini nəzərə alaraq, ərazidə 1 ədəd 1 mərtəbəli anbar binası layihələndirilir. Binanın elektrik xətləri, su xəttlərinin qoşulması və kanalizasiya şəbəkəsinin çıxışları texniki şərtə uyğun yerinə yetirilməlidir. Layihələndirilən ərazidə qeyri-yaşayış binasının tikinti və xarici ölçüləri ilə ümumi sahəsi 464.3 kv. metr təşkil edir. Ərazinin tikinti əmsalı - 0,59, tikinti sıxlığı əmsalı isə - 0.59 təşkil edir. Layihələndirilən ərazinin mühəndis hazırlığında qeyd olunur ki, Baş plan həcmində yerinə yetirilmiş relyefin təşkili planının sxemi şəhər ərazisinin mövcud relyefinə uyğun olaraq həll edilmişdir. Layihələndirilən ərazisinin relyef fərqi 0,55 m olmaqla ümumi şimaldan cənuba doğru yönəlmişdir. Yer səthinin səviyyə qiymətləri 18,45 m. ilə 17,90 m. arasında dəyişir. Şaquli planlaşdırma sxemi ərazidən səth sularını kənarlaşdırmaqla, küçə və yollarda buraxıla bilən mailliklər verilməklə nəqliyyat və piyadaların təhlükəsiz hərəkətinə şərait yaradır. Eyni zamanda mövcud ərazinin bir hissəsinin layihələndirilən tikintiyə hazırlanması, yeraltı mühəndis kommunikasiyalarının çəkilməsi üçün əlverişli relyef şəraitinin yaradılması relyefin təşkili planında həll edilmişdir. Relyef nəzərə alınmaqla küçə və yolların uzununa maillikləri 0,4- 1,3 % qəbul olunmuşdur. Layihədə qəbul olunmuş eninə və uzununa mailliklər səth sularının kənarlaşdırılması və nəqliyyatın hərəkətinə əlverişli şərait yaradır. Layihələndirilən ərazinin əsas texniki-iqtisadi göstəriciləri; Şəhərsalma əsaslandırılması layihələndirilən ərazinin sahəsi 0,0788 hektar; bina və qurğuların tikinti sahəsi 464,3 kv. metr, yeni tikililər üzrə 464.3 kv. metr; bina və qurğuların ümumi sahəsi ( binaların xarici ölçüləri ilə) 464.3 (yeni tikililər üzrə 464.3 kv.m); yolların sahəsi 148,0 kv.m; səki və meydançaların sahəsi 175.7 kv. metr; ərazinin prespektiv tikinti əmsalı 0,59; ərazinin prespektiv tikinti sıxlığı əmsalı 0.59. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 16.06.2020-ci il tarixli 02/2282№li məktubundan müəyyən olunur ki, İddiaçı oğlunun ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 03.06.2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyğun işlənməmişdir; istinad planı topoqrafiq əsas üzərində işlənməmişdir; ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətnlərdə səhvlərə yol verilmişdir; sifarişçi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X2 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 26.08.2020-ci il tarixli 02/3203 №li məktubundan müəyyən olunur ki, İddiaçı oğlunun ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış şəhərsalma əsaslandırılması barədə 12.08.2020-ci il tarixli müraciətinə baxılmış, təqdim olunmş şəhərsalma əsaslandırılmasına dair aşağıdakı iradlar bildirilmişdir: şəhərsalma əsaslandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyyğun işlənməmişdir; istinad planı topoqrafiq əsas üzərində işlənməmişdir; ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi göstərilməmişdir; şəhərsalma əsaslandırılmasının cizgilərindəki mətinlərdə səhvlərə yol verilmişdir; sifarişçi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə tikinti üçün nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi vətəndaş X2 arasında bağlanmış müvafiq müqavilə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, həmin şəhərsalma əsaslandırılması razılaşdırılmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28.10.2020-ci il tarixli 09/08-PA/4-77-4817 №li məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında anbar binasının tikintisinə hazırlanmış şəhərsalma əsaslandırılması layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması və xidmət haqqının məbləği barədə müraciətə dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və memarlıq həlli baxımından irimiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulduğundan təklif olunan ərazi-planlaşdırılması sənədinin tətbiqini məqsəduyğun hesab etmirlər. Komitənin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən göstərilən xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.01.2020-ci il tarixli 3 nömrəli Qərarına əsaən müəyyən olunur və yalnız bu sənəd əsasında sifaişçilər tərəfindən müvafiq ödənişlər həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı oğluna ünvanlanmış 27.11.2020-ci il tarixli ******* №li məktubda bildirilmişdir ki, Bakı şəhərinin baş planının bir nüsxəsinin və həmin planın təsdiqlənməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarının surətinin verilməsi barədə 09.11.2020-ci il tarixli ərizəyə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bakı şəhərinin baş planının hazırlanması prosesində başlanılmış və həmin planın hazırlanmasının iki mərhələdə təşkil edilməsi nəzərdə tutulmuşdur. Belə ki, sonuncu mərhələdə mövcud qanunvericiliyin tələbinə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə razılşadırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planı təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunacaqdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı oğluna ünvanlanmış 24.12.2020-ci il tarixli 0215196a №li mətubunda göstərilmişdir ki, ünvan 5 ünvanında anbar binasının tikintisinə dair hazırlanmış əsaslandırılmasının ərazinin planlaşdırılması sənədlərinə uyğunluğunun yoxlanılması barədə 11.12.2020-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda Bakı şəhərində tətbiq olunan ünvanda Bakı şəhərində tətbiq olunmuş ərazi-planlaşdırma sənədlərinə, o cümlədən hazırlanan Baş plan layihəsinə əsasən mərhələli şəkildə yol-nəqliyyat infrastrukturunun yenidənqurulması və memarlıq həlli baxımından iri miqyaslı layihələrin həyata keçirilmməsi nəzərdə tutulduğundan, təklif olunan ərazi-planlaşdırılması sənədinin tətbiqini məqsədəuyğun hesab etmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1163 nömrəli 07.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, ünvan 1 ünvanında İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihə əsasında inşa olunmalı anbar binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 6 nömrəli Qərarının tələblərinə uyğun işlənmişdir. İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihəyə əlavə olunmuş istinad planı torpoqrafiq əsas üzərində işlənmişdir. İddiaçı oğlunun mülkiyyətində olan torpaq sahəsində "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihə ərizədə mövcud kommunikasiyalar və onların mühafizə zonaları, qırmızı xətlər və yaşıllıq sahəsi nəzərə alınmaqla işlənmiş və mütəxəssis rəyinə əsasən həmin torpaq sahəsi mövcud kommunikasiyalar və onların mühafizə zonalarına düşmür. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən hazırlanmış layihəyə əlavə olunmuş cizgilərindəki mətnlərdə (ölçülərində) səhvlərə yol verilməmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar 6 nömrəli qərarı ilə təsdiq olunmuş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Qaydaların 2.4-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməklə, layihələndirilən ərazinin ölçülərindən asılı olaraq müəyyən olunan miqyasda, topoqrafik planda işlənilir və tərkibində aşağıdakılar göstərilir: 2.4.1. şəhərsalma əsaslandırılması işlənilən ərazinin sərhədləri; 2.4.2. şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin sərhədləri daxilindəki tikintilərin mövcud vəziyyəti və yerləşdirilməsi nəzərdə tutulan obyektlər; 2.4.3. istifadə olunan torpaqların təyinatı göstərilməklə sərhədləri; 2.4.4. mərtəbəlilik göstərilməklə şəhərsalma əsaslandırılması tətbiq olunan ərazinin tikinti əmsalı və tikinti sıxlığı əmsalı; 2.4.5. qırmızı xətlər; 2.4.6. yerləşdirilməsi nəzərdə tutulan obyektlərin tikinti əraziləri və tikinti sahələri; 2.4.7. tarixi landşaft, mədəni irs obyektləri və tarixi-memarlıq abidələri, onların əraziləri və mühafizə zonaları; 2.4.8. mövcud su, kanalizasiya, elektrik, istilik və qaz təchizatı xətləri; 2.4.9. estetik gözəlliyin, müasirliyin, milli, tarixi-mədəni irsin qorunmasına nail olunması üçün tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubu. Qaydaların 2.5-ci bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılmasının tərkibi aşağıdakılardan ibarətdir: 2.5.1. şəhərsalma əsaslandırılmasının əsas göstəriciləri barədə qısa izahat; 2.5.2. topoqrafik planda ərazinin 1:500 miqyasında Baş planı; 2.5.3. torpaqdan istifadə növü (mövcud və layihələndirilən); 2.5.4. küçə və məhəllədaxili yolların açılışı. Qaydaların 2.6-cı bəndində göstərilmişdir ki, bu Qaydalar üzrə tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 2.6.1. tikilməsi nəzərdə tutulan obyekt Baş plana zidd olduqda; 2.6.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olduqda; 2.6.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturunun yaradılması, təhlükəsizliyin və sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb etdikdə; 2.6.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları və yaxud landşaftın təbii xüsusiyyətlərini pozduqda; 2.6.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatından və ya təbiət hadisələrindən (daşqından) qorunmağa təhlükə yaratdıqda. Qaydaların 3.2-ci bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması bu Qaydaların 2-ci hissəsinin tələblərinə uyğun işlənilərək dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və tabeliyindəki dövlət qoruqlarının ərazisinə münasibətdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə yerli icra hakimiyyəti orqanının, Azərbaycan Respublikası Mənzil X1 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq edilir. Qaydaların 3.3-cü bəndində göstərilmişdir ki, Şəhərsalma əsaslandırılması dörd nüsxədə işlənilməlidir. Bir nüsxə layihəçidə qalır, bir nüsxə sifarişçiyə verilir, digər nüsxələri isə tikintiyə icazə verən orqanda (qurumda) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində saxlanılır. “İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. İPM-in 73.2-ci maddələrinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmadığından, bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq, İPM-nin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2-1(112)-1787/2021 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1024/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1024/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver