Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1025/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı firması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, 14-cü Aşırım, 24 ünvanda yerləşən qeyriyaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi 14-cü aşırım, 24 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı firmasına məxsusdur. Həmin qeyri-yaşayış sahəsi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 69 nömrəli sərəncamı əsasında tikilmiş və həmin vaxtdan da İddiaçı firmasının istifadəsində və sahibliyində olmuşdur. İddiaçı tərəfindən qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə ərizə ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiа tələbinə dair etiraz etmiş və еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçının ərizəsinə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********43 nömrəli, xx.xx.2019-cu il tarixli məktub ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül şossesi, 14-cü Aşırım, 24 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsinə hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Belə ki, müvafiq qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin qanuni əsaslarla ayrılması barədə sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz layihəsi, tikinti obyektinin istismara icazə sənədi İdarəyə təqdim olunmamışdır. Bundan başqa, müvafiq orqanda aparılmış yoxlama ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasının razılaşdırılmamış eskiz layihəsində 4 saylı otaqda layihədə nəzərdə tutulmayan 1 ədəd qapı və 1 ədəd pəncərə açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “X1” tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş bina hissəsinin texnki pasportuna əsasən qeyri-yaşayış binasının ümumi sahəsi 46,7 kv.m olsa da, faktiki ölçüsü 67,9 kv.m-dir. Həmçinin müvafiq qeyri-yaşayış binası yaşayış binasına bitişik inşa edilmişdir. Lakin tikililər arası ara məsafəsi saxlanılmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunauyğun imtina məktubları ünvanlanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 14-cü aşırım küçəsinin xx.xx.1995-ci il tarixə olan vəziyyət üzrə texniki pasport tərtib edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli xx-xx/1414 saylı məktubu ilə “Qartal” və İddiaçı firması arasındakı qarşılıqlı razılıqla həmin tikinti sahəsinin bir hissəsinin İddiaçı firmasının istifdəsinə verilməsinə rayon icra hakimiyyəti etiraz etməmişdir. Mübahisə olunan qeyriyaşayış binası “xxxx” MMC tərəfindən layihələndirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 317 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, 14cü Aşırım küçəsi, 24 saylı yataqxananın yanında yerləşən “Qartal” istehsalat-kommersiya firmasının təsisçisi X4 müraciətini və ona məxsus olan metaldan quraşdırılmış köşklərin (xx.xx.1993-cü il tarixli, 3452 saylı qeydiyyat şəhadətnaməsi uzun müddət istifadə edildiyindən yararsız hala düşdüyünü nəzərə alaraq həmin köşklərin (91,5 kv.m) layihələndirilməsinə və daşdan tikilməsinə icazə verilmişdir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 14-cü Aşırım 24 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi əsası ilə iddiaçının müraciətini təmin etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi iddiaçının inşa etdiyi tikili texniki pasportdakı parametrlərinə əsasən məlumatlandırma icraatının aid olduğu tikilidir, 20 ildən çox müddətində iddiaçı həmin qeyri-yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmişdir, heç bir şəxs və dövlət orqanı tərəfindən həmin tikilinin qanuniliyi mübahisələndirilməmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar iddiaçının sahibliyində olan qeyriyaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Savalan» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Onun qeydiyyata alınmaqla çıxarış verilməsini tələb iddia etdiyi qeyri-yaşayış binasına dair belə bir əsas kimi istinad və təqdim etdiyi qeyri-yaşayış sahəsinin eskiz layihəsi müvafiq icra hakimiyyəti orqanı, yəni Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamış, sübut kimi istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 317 saylı sərəncamı İddiaçı firmasına deyil “Qartal” firmasına köşkün daşdan tikilməsinə icazə verilməsindən ibarətdir. İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı isə məhkəməyə hər hansı digər hüquqmüəyyənedici akt təqdim olunmamışdır. Məhkəmə kollegiyası iddia tələbində istinad edilən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1992-ci il tarixli 69 saylı sərəncamı ilə bağlı qeyd edir ki, həmin sərəncam iddiaçının Binəqədi rayonu, Dərnəgül şossesi 14-cü Aşırım 24 ünvanında inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin sərəncamın məzmunundan görünür ki, xx xxxxxx 1992-ci ildə Binəqədi rayon İcra Hakimiyyətində İddiaçı kiçik firmasının nizamnaməsi qeydə alınmışdır. Ümumiyyətlə iş materiallarında iddiaçı tərəfindən göstərilən ünvanda qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı icazə sənədi və ya istismara qəbul aktı mövcud deyildir. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd inzibati orqana təqdim olunmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3692/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1025/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1025/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver