Məhkəmə qərarları › İş №2-1(103)-1025/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1025/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1025/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Tərcüməçi X2 qızının, İddiaçının nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti) “mənzil verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-2450/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyi üçün birinci qrup əlil olan iki nəfərə - iddiaçıya və nəvəsinə Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı tarixli, 2-1(82)-2202/2016 nömrəli, 28.11.2016-ci il tarixdən qanuni qüvvəyə minmiş qərarı hal-hazıradək yerinə yetirilmir. 3 ildən artıq vaxt keçmiş, lakin Bakı şəhəri Cavabdeh Azərbaycan Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli, 322 nömrəli qərarı əsasında Sabunçu qəsəbəsindəki köhnə mənzillərin sökülməsi ilə bağlı qərarını hələ də yerinə yetirməmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin 11.12.2019-cu il tarixli, S-3/34-069/2 nömrəli cavabına əsasən məhkəmə qərarının icra edilməsi mümkün deyildir, Sabunçu qəsəbəsindəki torpaqlar ucuzdur və heç bir investor yaşayış üçün yararsız olan evlərin sökülməsində və ərazidə yeni yaşayış evlərinin tikilməsində maraqlı deyildir. Bakı şəhəri Lenin RİK 25.09.1987-ci il tarixli, 33/22 nömrəli qərarına əsasən iddiaçının Sabunçu qəsəbəsindəki mənzili yaşayış üçün yararsızdır. Azərbaycan Respublikasının FHN-nin 16.06.1987-ci il tarixli aktına əsasən onun mənzili qəza vəziyyətindədir, orada yaşamaq mümkün deyildir, sakinlərin yaşayışı üçün təhlükəlidir, 1905-ci ildə tikilmişdir, vanna və tualetsizdir. İddiaçı birinci qrup əlildir, 1981-ci ildən əmək veteranıdır, 89 yaşı vardır. 09.09.1988-ci ildən hal-hazıradək, 31 ildən çoxdur ki, mənzil növbəsindədir. Onun atası X4 Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1942-ci ildən 1945-ci ilədək fəaliyyət göstərən orduda döyüşmüş, Berlin şəhərini azad etmiş, igidliyə görə medallarla təltif olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2016-cı tarixli, 2-1(82)-2202/2016 nömrəli qərarına əsasən Bakı şəhərinin Sabunçu rayonu üzrə Pilot layihəsinə əsasən 1905-ci ildə tikilmiş, vannası və tualeti olmayan ümumi həyətli MİK evləri sökülməlidir. İki İ-ci qrup əlilə isə belə antisanitariya şəraitində vannasız və tualetsiz yaşamaq mümkün deyildir. Cavabdeh tərəfindən təqdim etdiyi iddiaya dair etirazında bildirilmişdir ki, yeni mənzil tikintisi və qəzalı vəziyyətdə olan evlərin təmiri üçün büdcədən yerli icra hakimiyyətlərinə vəsait ayrılmadığına görə Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısı aparılmır və belə bir siyahı RİH-də mövcud olmamış və hal hazırda da yoxdur. Yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən rayon icra hakimiyyətinə müraciət edilmədiyindən, Bakı şəhəri Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi, 50 nömrəli yaşayış evinin sökülməsi ilə bağlı hər hansı hərəkətin edilməsi mümkün olmamışdır. İddiaçı Nəsimi RİHB-nin 316 saylı 10.10.2006-ci il tarixli sərəncamı ilə ailə tərkibi 4 nəfər (qızı Lyubov, nəvələri Ruslan və Yuliana və özü) olmaqla Nizami rayonu, 8ci km., Əli Vəliyev küçəsi, 11 saylı evin 47 saylı mənzili ilə təmin edilib. Ailə mənzillə təmin edilən zaman notariat qaydada təsdiq edilmiş ərizə ilə (ailə tərkibi 4 nəfər olmaqla qızı Lyubov, nəvələri Ruslan və Yukiana və İddiaçı) yeni mənzilə qeydiyyata düşəcəyi barədə öhdəlik götürmüşlər. Bu barədə 316 saylı 10.10.2006-ci il tarixli sərəncamda qeyd olunub. Həmin sərəncam əsasında qeyd olunan mənzilə 4 nəfər ailə tərkibi olmaqla 002140 saylı 14 noyabr 2006-cı il tarixli order verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Nizami rayonu.ş 8-ci km., Əli Vəliyev küçəsi, 11 saylı evə seriya RX ******* saylı çıxarış verilmişdir. Bundan əlavə Sabunçu qəsəbəsi, C.Şərifov küçəsi, 50 saylı evin yaşayış sahəsi 14,6 kv.m olan 12 a saylı mənzili də iddiaçının istifadəsindədir. İddiaçının yenidən dövlət tərəfindən mənzillə təmin edilməsi mövcud mənzil qanunvericiliyinin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 2450/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2450/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının qızı Lyubov Smolyaninova Bakı şəhəri Nəsimi rayonunda işlədiyi müəssisədə mənzil növbəsinə götürülmuşdür, həmin vaxt iddiaçı da qızı L.Smolyaninovanın ailə üzvü kimi nəzərə alınmışdır və iddiaçının qızına 2006-cı ildə Bakı şəhəri, 8-ci km., Ə.Vəliyev küçəsi ev 11-də yerləşən 3 otaqlı, 47 nömrəli (yaşayış sahəsi 48 kv.m.) mənzil verilən zaman iddiaçının, onun birinci qrup əlil olan nəvəsi R.Smolyaninovun adı da həmin mənzildən istifadə hüququ olan şəxs kimi orderdə göstərilmişdir. Eyni zamanda orderdə adı göstərilən şəxslər, o cümlədən iddiaçı da qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov, 50 ünvanda yerləşən 12a nömrəli mənzildən köçməyə razılıqlarını bildirmişlər. Buna baxmayaraq iddiaçı həmin mənzildən qeydiyyatdan çıxmamışdır və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində 1905-ci ildə tikilmiş və yaşayış üçün yararsız hesab edilmiş 50 nömrəli yaşayış evinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.10.2015-ci il tarixli, 322 nömrəli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan evlərin siyahısına daxil edilməsi barədə iddia qaldırmış və məhkəmə tərəfindən iddiaçının müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.Sabunçu rayon İcra Başçısının İ müavininin iddiaçıya ünvanlanmış 10.01.2020-ci il tarixli məktubuna əsasən ünvan 3nvanında yerləşən qəzalı binaya komissiya tərəfindən baxış keçirilərək həmin bina qəzalı binalar sırasına daxil edilərək məhkəmə qərarı icra edilmişdir. Hazırda iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarı 3 il ərzində icra edilmədiyini əsas kimi göstərərək birinci qrup əlil olan iki nəfərin - iddiaçının və nəvəsinin Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həm iddiaçı, həm də iddiaçının İ qrup olan nəvəsi artıq bir dəfə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilmişlər, belə ki, iddiaçının qızına dövlət tərəfindən 2006-cı ildə Bakı şəhəri, 8-ci km., Ə.Vəliyev küçəsi, ev 11-də yerləşən 3 otaqlı, 47 nömrəli (yaşayış sahəsi 45,8 kv.m.) hər bir şəraiti olan mənzil verilən zaman həm iddiaçı, həm də İ qrup olan nəvəsi R.Smolyaninov da ailə üzvü kimi nəzərə alınmışlar, həmin mənzil sahəsinə görə məhz iddiaçı və nəvəsi nəzərə alınmaqla verilmişdir və iddiaçının qızı L.Smolyaninovaya mənzil verilməsi haqqında yerli icra hakimiyyətinin sərəncamında və orderdə mənzildən istifadə etmək hüququ olan şəxslər kimi onların da (iddiaçının və nəvəsi R.Smolyaninovun) adları qeyd edilmişdir.Qeyd edilən mənzil verilən zaman iddiaçı qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov, 50 ünvanda yerləşən 12a nömrəli mənzildən köçməyə razılığını əks etdirən ərizəni müvafiq icra hakimiyyətinə təqdim etmişdir. “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 oktyabr 2015-ci il tarixli 322 saylı qərarından müəyyən olunur ki, həmin sərəncamla qərara alınmışdır ki,1. Bakı şəhəri Cavabdeh “Pilot layihə” formatında 5 il müddətinə aşağıdakıları həyata keçirsin: 1.1. mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. İşin faktiki hallarına əsasən iddiaçının qeydiyyatda qaldığı mənzilinin yerləşdiyi bina qəzalı hesab edilmişdir. Lakin yuxarıda qeyd edilən qərarla cavabdehin üzərinə qəzalı binalarda yaşayan sakinlərin həmin binaları sökərək yerində yeni yaşayış binası inşa etməyi öhdəsinə götürən tikinti şirkəti olmadığı halda yeni mənzillə təmin edilməsi vəzifəsi qoyulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Həmin Məcəllənin 28.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərraca çıxarılan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) qiymətləndirilməsi məqsədi ilə müstəqil qiymətləndirici cəlb olunur. Mənzilin (yaşayış binasının) qiyməti son üç ay ərzində alınan mənzilə uyğun mənzilin (yaşayış binasının) notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Mənzilin (yaşayış binasının) qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan mənzili (yaşayış binasını) 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə mənzillə (yaşayış binası ilə) bağlı bazar mövcud olmadıqda alınan mənzili (yaşayış binasını) 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq mənzilə (yaşayış binasına) uyğun mənzilin (yaşayış binasının) bazar qiyməti əsas götürülür. Həmin Məcəllənin 28.4-2-ci maddəsinə əsasən bu Məcəllənin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) satışı ilə bağlı keçirilən açıq hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 28.4-2.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 28.4-2.2. hərracın iştirakçısı olmadıqda; 28.4-2.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 28.4-2.4. hərracı udmuş iştirakçı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərracı udmuş şəxs tərəfindən hərracın alış qiymətinin ödənilməsi üçün müəyyən olunmuş müddətdə alış qiymətini tam məbləğdə ödəmədikdə, bu şərtlə ki, mənzilin (yaşayış binasının) mülkiyyətçisinin razılığı ilə həmin müddət uzadılmasın. 28.4-3. Təkrar hərrac birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq keçirilir. 28.4-4. Təkrar hərracda qəza vəziyyətində olan mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsində müəyyən edilmiş qiymətlə, təkrar hərrac bu Məcəllənin 28.4-2.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə keçirildiyi halda isə, həmin qiymətdən 15 faiz aşağı qiymətlə hərraca çıxarılır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 28.4-5. Bu Məcəllənin 28.4-2.2 - 28.4-2.4-cü maddələrində nəzərdə tutulmuş səbəblərə görə təkrar hərrac baş tutmamış elan edildikdə, müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 60 gündən gec olmayan müddətdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alınır. 28.4-6. Bu Məcəllənin 28-ci maddəsində nəzərdə tutulan hərracın keçirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Göründüyü kimi qəzalı mənzillərdə yaşayan sakinlərin mənzil hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsində xüsusi qaydalar müəyyən edilmişdir və həmin qaydalarda qəzalı mənzillərdə yaşayan şəxslərin cavabdeh (yerli icra hakimiyyəti orqanı) tərəfindən Pilot layihə əsasında inşa edilən binalarda mənzillə təmin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının mənzillə təmin edilməsi və mənzillə bağlı digər məsələlər üzrə heç bir müqavilə də mövcud deyildir. İddiaçının hazırda cavabdehə qarşı irəli sürdüyü iddiası- Bakıxanov qəsəbəsində Pilot layihəsi üzrə tikilmiş evlərdən birində bütün rahatlığı olan mənzil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinin- hüquqi əsasları mövcud deyildir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 31.10.2016-cı il tarixli qərarına gəldikdə isə iddiaçının mənzilinin yerləşdiyi binanın Bakı şəhəri Sabunçu rayonunda sökülməsi zəruri olan binalar siyahısına daxil edilməsi cavabdeh tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2450/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar