Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1025/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Firmasının Cavabdehnə qarşı “borclunun bank hesablarına inkasso sərəncamlarının tətbiq edilməsi və borcun bank hesabındakı pul vəsaitlərinə yönəldilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Firması Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə borclu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bank hesablarına inkasso sərəncamlarının tətbiq edillməsi, borcun bank hesabındakı pul vəsaitlərinə yönəldilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3850/2017 saylı icra vərəqəsi üzrə iddiaçı tələbkar olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə gorə 171.850 (bir yüz yetmiş bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiya cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməlidir. Qeyd olunan icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borclu "xxxx" ASC-yə bildiriş göndərilmişdir. İcra şöbəsi tərəfindən borcluya saysız xəbərdarlıq məktubları yazılmış, borclu ancaq cavab vermişdir ki, borcun ödənilməsi üçün tədbirlər görülür, Maliyyə Nazirliyinə müraciət edilmiş, Maliyyə Nazirliyi nə zaman kompensasiya məbləğini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə köçürəcəksə, o zaman həmin məbləği İddiaçı MMC-yə ödəyəcək. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən icra vərəqəsinin icra edilməsi "xxxx" ASC-dən tələb edilmiş, əks halda bank hesablarına inkasso sərəncamının qoyulacağı və digər əmlakına həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunacağı barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. İddiaçı icra məmurunun hərəkətsizliyindən şikayət etmiş və buna görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab etmişdir. Tələbkar İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1 (81)-3850/2017 saylı qərarının icra üsulu və qaydasının dəyişdirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98,2 kv.m olan qeyriyaşayış sahəsinin (mağazanın) sökülməsinə görə 171.850 (bir yüz yetmiş bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiya məbləği tələbinin cavabdeh "xxxx" ASCnin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) mövcud bank hesabına yönəldilməsi, həmin borcun bank hesablarında olan pul vəsaitinin hesabına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)-10/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, icra sənədi üzrə tələbin borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8-1(103)-12/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilərək iddia mümkün hesab edilməmişdir. Bununla bağlı cavabdehə tədbir görməsi üçün məktubla müraciət edilmiş, lakin cavabdeh heç bir əməli tədbir görməmiş, bundan yayınmışdır. Cavabdeh məcburi icra tədbirləri görməli olduğu təqdirdə hərəkətsizlik edir. Məhkəmə qərarı ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. İcra şöbəsi özü bildirir ki, borclunun saysız aktiv bank hesabları var, lakin bank hesablarına inkasso qoymaqdan çəkinirlər. Məhkəmə qərarı ilə borclunun bank hesablarına inkasso sərəncamının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması vacibdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra məmurunun aparmalı olduğu məcburi icra hərəkətlərinin növləri qanunla müəyyən olunmuşdur. Qanunun məqsədi dövlətin adından çıxan qərarın icra olunmasını təmin etməkdir. Hazırkı mübahisə isə icra orqanı qanuna əsasən vəzifəsi olan hərəkəti etməmişdir. Faktiki olaraq məhkəmə qərarı da mövcuddur ki, icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Məhkəmə formal əsaslarla inzibati orqanın üzərinə qanunun üzərinə qoyduğu öhdəliyi icra etməmişdir. Əvvəldən inzibati orqan hansı inzibati praktikanı tətbiq etmişdirsə, həmin mövcud praktikaya uyğun hərəkət etməlidir. İddiaçının yaranmış inzibati praktikaya inamı qanunla qorunur. Cavabdeh qanunla üzərinə qoyulmuş öhdəliyi icra etməkdən yayınmır. Bank hesabına inkasso ilə sərəncam qoyulması icra sənədinin icrasını təmin edəcəkdir. Məhkəmə əsassız olaraq formal mülahizələr əsasında icra məmurunun qanuna əsasən üzərində bank hesabları üzərinə həbs qoyulması barədə hərəkətsizliyini nəzərə almamışdır. Məsələ icra sənədinin icrası ilə bağlı olsa da, inzibati orqan olaraq qanunun üzərinə qoyduğu vəzifəni icra etməmişdir.Ümumi sözlərlə iddianı mümkünsüz saymışdır. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, həmin iddianın inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə,iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. İşin hallarından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılan iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3850/2017 saylı icra vərəqəsinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə gorə 171.850 manat məbləğində kompensasiya məbləği cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni zamanda, həmin Məcəllnin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən əəhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Bu Məcəllə ilə müəyyən edilən qaydalar isə aşağıdakı qaydalar müəyyən edilmişdir: 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, birincisi, inzibati icraat qaydasında baxılan işlər üzrə yekun məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən icra edilir. İlk öncə məhkəmə tərəfindən icra haqqında müvafiq qərardad qəbul edilir, inzibati orqan tərəfindən pul tələbinin icra edilməli olduğu hallarda könüllü icra olmadıqda, məhkəmə tərəfindən həmin orqana məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün ona 15 günədək müddət müəyyən edir. Əgər həmin müddət ərzində inzibati orqan üzərinə qoyulmuş öhdəliyini yerinə yetirməzsə, məhkəmə proses iştirakçısının ərizəsinə və ya xidməti vəzifəsinə görə, icra üçün əlavə müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə inzibati orqana xəbərdarlıq edir. Həmin müddətdə üzərinə qoyulmuş öhdəliklər icra etmədikdə, məhkəmə, 50.000 manata qədər olan hüdudlarda inzibati orqan barəsində cərimə tətbiq edə bilər. İşin hallarından isə göründüyü kimi, iddiaçı, inzibati məhkəmənin qanuni qüvvəsini almış və icra edilməsi üçün Cavabdehnə icra edilməsi üçün göndərilmiş qərarının icrasını Məcəllənin müəyyən etdiyi icra qaydasında deyil, cavvabdehə qarşı ayrıca iddia qaldırmaqla, onun bank hesablarına inkasso sərəncamlarının tətbiq edilməsi, borcun hesabındakı pul vəsaitlərinə yönəldilməsi tələb etmişdir. Düzdür, istisna olaraq İPM-in 118.3-cü maddəsi nəzərədə tutur ki, müvafiq olaraq hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər. Lakin hər bir halda, inzibati məhkəmənin qanuni qüvvəsini almış qərarının icrası İPM-in qeyd olunan 116.2-ci maddəsinin tələbindən göründüyü kimi, həmin məhkəmənin (birinci instansiya məkəməsi) özü tərəfindən təmin edilir. Konkret halda, məhkəmənin qərarını icra etməyən borclunun üzərinə qoyulmuş pul öhdəliyinin icrası, Məcəllənin qeyd olunan 119-120-ci maddələrinin tələbləri çərçivəsində məcburi qaydada icra edilir, icradan yayın borclu barəsində isə qeyd olunan prosessual imkanlar daxilində tədbirlər görülür. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh icra qurumu icraya cəlb olunsa belə, hər bir halda, məcburi icra tədbirləri və məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyini pozan borclunun məsuliyyətə cəlb edilməsi inzibati məhkəmənin özü tərəfindən həmin işin davamı qaydasında həyata keçirilir. Birinci instansiaya məhkəməsinin qərardadından da məhz, görünür ki, məhkəmə, İPM-in 13-cü maddəsinin tələbləri qaydasında ilk öncə iddiaçıya (nümayəndəsinə) icra icraatı qaydasında ərizə ilə aidiyyəti məhkəməyə məhkəməyə müraciət etmək hüququ izah edilmiş, lakin iddiaçı tələbində israrlı olmuş və məhkəmə tərəfindən öz qərardadın hər bir halda iddiaçının nəzərinə çatdırılmışdır ki, icra sənədini vermiş müvafiq səlahiyyətli məhkəməyə şikayətlə müraciət edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını nəticə etibarı ilə işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12489/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1025/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1025/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver