Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1025/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə (VÖEN **********) qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8893/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 4343,71 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 10.000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 4343,71 manat borcuna görə 10.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə 4343,71 manat Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8893/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı (hakim M.Qarayeva) ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********106000 nömrəli qərarına əsasən Cavabdeh MMC vergi öhdəliyini qanunla müəyyən edilmiş vaxtda yerinə yetirmədiyinə görə öhdəliyin ödənilməsinin təmini üsulu kimi onun əmlakının siyahıya alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli **********3 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokol tərtib edilərək vergi ödəyicisinə məxsus olan "Hyundai H100" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. Siyahıya alınma prosesində vergi ödəyicisi özü ona xəbər verilməsinə baxmayaraq, iştirak etməmişdir. Protokola əlavə edilmiş sənədlər, eyni zamanda tam olaraq məhkəməyə də təqdim olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə sorğu ünvanlamış, xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. Lakin xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmış "Hyundai H100" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hansı tarixdə müəssisənin adından çıxması barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisinin əmlak üzərində hüquqları məhdudlaşdırılır, əmlak barədə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə olunması da vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuşdur. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Belə olan halda da məhkəmə Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan məsələni araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. Əgər sözügedən özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-də siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir. Göründüyü kimi məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Məhkəmə kifayət qədər araşdırma aparmamış, siyahıya alınmış əmlakın hansı tarixdə özgəninkiləşdirildiyi məsələni dəqiqləşdirməmiş, Vergi Məcəlləsinin 89.11-ci maddəsinin tələblərini nəzərə almadığına görə hazırda əmlakın vergi ödəyicisinin mülkiyyətində olmaması barədə məktubunu iddianın rədd edilməsi üçün yetərli saymışdır. Lakin şikayətin mətnində qeyd olunanlardan göründüyü kimi iddia ərizəsi ilə birlikdə siyahıya alınmış əmlakın cavabdehə məxsus olması barədə sənədin təqdim olunmasına baxmayaraq, məhkəmə bu halı araşdırmamışdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hərtərəfli araşdırmamış, sübutlara səthi yanaşaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Lakin iş materiallarından görünür ki, məhkəmə işi tam araşdırmadığına, əmlakın siyahıya alınmasından sonra özgəninkiləşdirildiyini müəyyən etmək üçün hansısa tədbir görmədiyinə görə bu prosessual qanunvericiliyinin sözügedən maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 4343,71 manat borcuna görə 10.000 manat məbləğində əmlakı olan "Hyundai H100" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2022 tarixli **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən 10.000 manat borc məbləğinin ödənilmədiyinə görə iddiaçı hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. Beləliklə işdən müəyyən olunur ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmış, həmin yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən VMin 89-cu maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmiş, həmin qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan borcuna görə 10.000 manat dəyərində əmlakı ("Hyundai H100" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) siyahıya alınmışdır. Lakin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********043600 nömrəli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının: 6.10-cu bəndinə əsasən siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5 Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19-cu bəndinə əsasən əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. Siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olduğunu sübut etmək vəzifəsi, yəni sübut etmək yükü hazırkı halda iddiaçının üzərinə düşdüyü halda, iddiaçı siyahıya almanı həyata keçirərkən 2020-ci il 14 fevral tarixli Qaydaların 6.19-cu bəndində nəzərdə tutulmuş sənədləri əldə etməmiş və həmin sənədləri sübut qismində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı)”. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları; 10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları; 10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları; 10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər.
11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili məhkəmənin kifayət qədər araşdırma aparmaması, vəzifəsi olduğu halda zəruri sübutlar toplamaması, məhkəmənin yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad edərək qərar qəbul etməsindən ibarətdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunanlardan da göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vergi orqanı siyahıya almanı həyata keçirərkən əmlak siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər siyahıya almaya dair materiallara əlavə etməlidir. Halbuki, vergi orqanı siyahıya alınmış "Hyundai H100" markalı **-JL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh MMC-nin mülkiyyətində olmasına dair hər hansı sübutu siyahıya əlavə etməmiş, o cümlədən məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma apararaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə müvafiq sorğu verərək Cavabdeh MMC-nin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri barədə ətraflı arayışın təqdim olunması tələb edilmiş və sorğuya verilən cavaba əsasən müəyyən edilmişdir ki, qeyd olunan DİN Baş X3 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" MMC-nin adına qeydiyyata alınmış nəqliyyat vasitəsi yoxdur. Apelyasiya şikayətinin digər bir dəlili kimi qeyd edilmiş “əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlakın vergi ödəyicisinin mülkiyyətində olması, ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsinin qanunsuz olmasına” münasibətdə Kollegiya qeyd edir ki, bu hazırkı məhkəmə baxışının predmeti deyil. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8893/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə