Məhkəmə qərarları › İş №2-1(103)-1025/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1025/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1025/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “məhkəmə qərarının icra edilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12472/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aşağıdakıları xahiş etmişdir: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra olunması:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki: 1) xx.xx.2019cü il tarixli 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatı; 2) xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli ümumi müddətsiz əlillik təyinatının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarına əsasən qanunsuz əlverişsiz inzibati aktlar kimi inzibati icraat qaydasında ləğv olunması;

2. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 67.3-cü maddəsinə uyğun olaraq xx.xx.2019-cü il tarixli və xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli qanunsuz əlverişsiz əlillik təyinatlarının qüvvəyə mindikləri andan İddiaçı pozulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (ikinci) dərəcəli müddətsiz əlillik təyinatı o tarixlərdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndinə əsasən 08 noyabr 2016-cı il tarixindən bərpa olunması;

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarına əsasən xx.xx.2021-il tarixli apellyasiya şikayətinin tələbi olan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (ikinci) dərəcəli müddətsiz əlilliyinin təyinatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndi) 08 noyabr 2016-cı il tarixindən inzibati aktla təsdiqlənməsi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1518/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. Yəni, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının inzibati icraat qaydasında heç bir tələb olunan inzibati akt qəbul etməyib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin öz elektron Altsistemində İddiaçı aid olmuş 3-cü dərəcə əlillik barədə məlumatların yox etməsi qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi deyildir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yazılanlar barədə İddiaçı AR İPM-nin müvafiq maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2024-cü il tarixində məktubla (SX020698467AZ) müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının (qüvvəyə minib- xx.xx.2023-cü il) icra edilməsini tələb edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İbrahimovun müraciətini cavabsız qoyub. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-1(112)-12472/2024 nömrəli (hakim B.Cəlalov) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi İddiaçı fundamental (konstitusion) olan hüquqlarının müdafiəsindən mərhum edib. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə iddia ərizəsini ədalətsiz və araşdırılmadan mümkünsüz sayıb və bununla X7 Konvensiyasının 6-cı maddəsini pozub. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə İddiaçı təqdim etdiyi əhəmiyyətli dəlil- sağlamlıq durumuna aid olan forma 88, 2021-ci ilin fevral ayından indiyə kimi cavabdeh tərəfindən sosial müavinatlar və tibbi dərmanlardan mərhum edilmiş yaşlı vətəndaşın nə kimi işgəncələrə, qeyri-insani rəftara məruz qaldığını dəlalət edir. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə hazırkı şikayətə əlavə olunmuş iddia ərizəsindən aşkar görünür ki, iddiaçının tələbi onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edilməsidir və bu tələb həmçinin, cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarından irəli gəlir. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə proses üzrə iddiaçı olan İddiaçı nəinki AR İPM-nin 13-cü maddəsinə görə yardım edib, əksinə- ediləsi yardım obyektlərini qətnaməsində (işin əsas dəlili) iddiaçıya qarşı haqsız olaraq işlədib. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə iddia ərizəsində İddiaçı iş üzrə cavabdehin (inzibati orqan) hərəkətsizliyi nəticəsində onun müharibə əlili hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırıb, və öz növbəsində bu əsaslar onun cavabdehə qarşı məcburetmə haqqında iddiası AR İPM-nin 35-ci maddəsinin mümkünlük şərtlərinə cavab verir. Bakı İnzibati Məhkəməsi e-2-1(112)-12472/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında əsassız olaraq İddiaçı iddiasını mümkünsüz hesab edib. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12472/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12472/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2- 1(103)-532/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)-1091/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)- 532/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2-1(102)-1518/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda verilən iddia ərizəsinin məzmunundan və iddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)- 333/2023 nömrəli qərarının icrası ilə bağlı hüquqi marağına çatmaq üçün iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, məhkəmə qərarının icrası həmin qərar üzrə məcburi icra tədbirləri nəticəsində, həmin işin icrası qaydasında baxıla bilər və ayrıca iddia şəklində ərizənin verilməsi mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12472/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar