Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1026/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və X2 ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4540/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Arif oğlu cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4540/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan iddaçı apellyasiya şikayəti vermiş və şikayətində göstərmişdir ki, İddiaçı Arif oğlu 2008-ci ilin yanvar ayında test imtahanı ilə XİN-də diplomatik xidmətə qəbul olunaraq attaşe vəzifəsinə təyin olunmuşdur. 2009-cu ilin mart ayında attaşe diplomatik rütbəsi almış və 2009-cu ilin martında Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin attaşesi vəzifəsinə təyin olunmuşdur. 2010-cu ilin dekabrında XİN-in Ümumi Katibliyinin attaşesi, 2011-ci ilin avqustunda isə üçüncü katibi vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin iyul ayında Azərbaycanın Avstraliyadakı səfırliynin üçüncü katibi vəsiləsinə təyin olunmuş və 2014-cü ilin dekabrında üçüncü katib diplomatik rütbəsi almışdır. İddiaçı Arif oğlu 15 iyul 2015- cil tarixli 1323 nömrəli əmri ilə xidməti ezamiyyətdən geri çağrılmış, 31 iyul 2015-ci il tarixli 1485 nömrəli əmri ilə diplomatik xidmət orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Arif oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. İddia ərizəsindən göründüyü kim əsas iddia tələbi 15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsindən ibarətdir, digər tələblər isə bu tələblə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının iddiası mübahisələndirmə iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 38.1.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1- ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 62.2.-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3–ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İş materiallarından göründüyü kimi, iddiaçı mübahisələndirilən əmr barədə 2015-ci ildə məlumatlı idi. Lakin iddia ilə məhkəməyə 2020-ci ilin 15 may tarixində müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktdan şikayət vermək üçün qanunvericilikdə müəyyən edilmiş müddət buraxılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndinə əsasən, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçı müvafiq ərizə ilə əvvəlcə inzbati orqana müraciət etməlidir. Lakin iddiaçı tərəfindən ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı Arif oğlunun cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “15 iyul 2015-ci il tarixli 1323 nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının və digər əlavə pul ödənişlərinin ödənilməsi, həmçinin özünə qarşı törədilən qanunsuzluqlar nəticəsində işindən məhrum olması, uzaq ölkədə hamilə həyat yoldaşı ilə birlikdə çətin, köməksiz vəziyyətdə qalması, üzləşdiyi çətinliklər nəticəsində özünün və ailəsinin məruz qaldığı ağır emisional sarsıntılar və bütün bunların səhhətinə ağır təsir etməsi nəzərə alınaraq mənəvi zərərin əvəzi kimi iddiaçıya 150000 manat məbləğində kompensasiya ödənilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Arif oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(112)-4540/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1026/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1026/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver