Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1026/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, iddiaçının nümayəndəsi X10 və 3-cü şəxsin vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X12) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi, eyni zamanda mübahisəli torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X12 İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 saylı sərəncamının ləğv edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili R.Hümbətov apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən 3-cü şəxsin vəkili İ.Cavadlı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncamı ilə Yasamal rayonu, H.Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün İddiaçı tərəfindən Ü.Əkbərov küçəsində, 1050 kv.metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilmiş və vergi ödəyicisi kimi qeydə alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050.00 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Bələdiyyəsinin sədri Z.R.Cəfərov ilə məcburi köçkün İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 10/16 nömrəli Torpaq icarəsi müqaviləsinin 1-ci maddəsinə əsasən torpaq icarə müqaviləsi, torpaq sahəsinin sərhədləri, yerdə və xəritədə müəyyən edildikdən, onun sahəsi ölçüldükdən sonra bağlanır. İcarəyəverən “Bələdiyyə torpaqlarının idarə edilməsihaqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli 67 №-li qərarına əsasən Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/2 saylı qərarı əsasında Bakı şəhəri, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir. İcarəçi isə onu qəbul edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 0.1097 ha torpaq sahəsi icarə hüququ ilə X6 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixindən 49 il müddətinə qeydiyyata alınmışdır. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti kimi “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 102 saylı xx.xx.2020-ci il tarixli ofis binalarının tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında sərəncamına və 1601 saylı xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinə əsasən verilmişdir” göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə AA № 620351 nömrə ilə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi; hüquq sahibi: dövlət; torpaq sahəsinin kateqoriyası: yaşayış məntəqələrinin torpaqları; torpaq sahəsinin mülkiyyət növü: dövlət; torpaq sahəsi üzərində hüququn növü: icarə; reyestr nömrəsi: **********92; sənəd üzrə sahəsi: 0.1 ha; faktiki sahə: 0.1 ha; plan və ölçünün tərtib edilməsinə əsas: Bakı Şəhər İcra Hakimiyyəti, Torpaq icarəsi müqaviləsi, 1600, xx.xx.2020; Bakı Şəhər İcra Hakimiyyəti, Sərəncam, 102, xx.xx.2020 göstərilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının X8 ünvanladığı xx.xx.2021-ci il tarixli, H-275/2-091/2-t/1 nömrəli məktubda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən icarə əsasında X6 adına rəsmiləşdirilmiş 0.1097 ha torpaq sahəsi “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamları ilə Yasamal Bələdiyyəsinə ayrılmış ərazilərə aid deyil. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********86 nömrəli məktubu ilə Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 0.1097 ha torpaq sahəsinə dair müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 10 iyun 2021-ci il tarixli, H-275-091 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli Sərəncamı ilə ofis binalarının tikintisi üçün ünvan 6 ünvanında 0.10 ha torpaq sahəsi vətəndaş X2, 0.11 ha torpaq sahəsi isə vətəndaş X6 icarə əsasında istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020ci il tarixli, 102 nömrəli Sərəncamından irəli gələn hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19-1- ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədəuyğun hesab edilir. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamından görünür ki, ofis binalarının tikintisi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsi vətəndaş Səfərov EminFəxrəddin oğlunun, 0,11 ha torpaq sahəsi isə vətəndaş X6 icarə əsasında istifadəsinə verilmişdir. -“İcarəyəverən” Bakı Şəhər İcra Hakimiyyəti və “icarəçi” X12 arasında bağlanmış 28 avqust 2020-ci il tarixli 1601 nömrəli Torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 102 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli yeruquluşu planına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən sahəsi 1096 kv.m olan torpaq sahəsi 49 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 102 nömrəli sərəncamının qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının Bakı Şəhər İcra Hakimiyyəti başçısına ünvanladığı 23 oktyabr 2019-cu il tarixli, S-66-151 nömrəli məktubundan görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinə vət. X7 və X12 müraciət edərək, onlara Ümüd Əkbərov küçəsindəki boş sahədə qeyri-yaşayış obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişlər. Vətəndaşların müraciətlərini və Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 22 avqust 2019-cu il tarixli **********41 nömrəli rəy məktubunu nəzərə alaraq, Ümüd Əkbərov küçəsində yerləşən həmin torpaq sahəsindən qeyri-yaşayış obyektinin tikintisi üçün vət. X3 0,10 ha, X8 0,11 ha torpaq sahəsinin ayrılması məsələsi müzakirəyə təqdim edilir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ünvanladığı 22 avqust 2019-cu il tarixli, **********41 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsindəki boş sahədən 0,10 hektar torpaq sahəsinin X3 və 0,11 hektar torpaq sahəsinin X8 qeyri-yaşayış obyektlərinin tikintisi üçün ayrılmasına rəy bildirilməsi barədə 05 iyul 2019-cu il tarixli, S-66-151 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu tərəfindən hazırlanmış yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,10 hektar torpaq sahəsinin X3 və 0,11 hektar torpaq sahəsinin X8 qeyri-yaşayış obyektlərinin tikintisi üçün ayrılmasına etiraz edilmir. -Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısına ünvanladığı 14 aprel 2020-ci il tarixli, xx/xx-1433 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küçəsində yerləşən 0,10 hektar torpaq sahəsinin X4 və 0,11 hektar torpaq sahəsinin X9 ofis binalarının tikinti məqsədilə ayrılmasına dair rəy bildirilməsi barədə xx.xx.2020-ci il tarixli 7- 3949/7 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilir ki, məktuba qoşma edilmiş sxem üzrə yuxarıda qeyd olunan ünvanda yerləşən 0,10 hektar və 0,11 hektar torpaq sahələrinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin uyğunluğunun təmin edilməsi şərti ilə ofis binalarının tikintisi üçün ayrılmasına etiraz edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı X6 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 102 saylı sərəncamının ləğvini o əsasla mübahisələndirir ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi ünvanında yerləşən 1050 kv.m torpaq sahəsi Yasamal rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 31/2 saylı sərəncamı ilə iddiaçının icarəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən onun istifadəsinə verilmiş bələdiyyə torpağı qanunsuz olaraq xx.xx.2020-ci il tarixli 102 saylı sərəncamla üçüncü şəxsin istifadəsinə verilmişdir. Məhkəmə iddiaçının mübahisələndirdiyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin sərəcamının əsassızlığı ilə bağlı dəlilin yoxlanılmasına keçməzdən öncə ilk növbədə iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı əsaslandığı hüquqmüəyyənedici sənədin - Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 31/2 saylı sərəncamının əsaslılığına qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İ hissəsinə görə bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam. Konstitusiyanın 145-ci maddəsinin İ hissəsinə görə bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin İİ hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İşin hallarından müəyyən olunur ki, Yasamal rayon Bələdiyyəsi sədrinin xx.xx.2007ci il tarixli 31/2 saylı sərəncamı ilə iddiaçının Bakı şəhəri, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilmiş, həmin ölçüdə torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Göründüyü kimi iddiaçıya mübahisəli 1050 kv.m torpaq sahəsinin icarəyə verilməsi kollegial formada qəbul edilməli olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bundan başqa, qeyd edilən bələdiyyə sədrinin sərəncamından da müəyyən olunur ki, bələdiyyə torpağının icarəyə verilməsi torpaqayırma qaydasında aparılmamışdır. Belə ki, sərəncamın məzmunundan da görünür ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin sənədləşdirilməsini xahiş etdiyindən torpaq sahəsinin ayrılması aparılmamış, yalnız iddiaçı tərəfindən həmin torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq “faktı təsdiq edilmişdir”. Həmçinin bələdiyyə sədrinin sərəncamında iddiaçının 1050 kv.m ərazidə gələcəkdə “yaşayış məqsədilə” öz vəsaiti hesabına tikinti işləri aparmaq istədiyi qeyd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: -8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; -8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; -8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; -8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. Göründüyü kimi qeyd edilən sərəncamda iddiaçıya yaşayış məqsədilə icarəyə verilmiş torpaq sahəsinin ölçüsü Bakı şəhəri üzrə qanunun yol verilən tələbləri daxilində olmamışdır. İddiaçı mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olduğu halda cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin əsassız olaraq üçüncü şəxsin istifadəsinə ayrıldığını iddia etsə də məhkəmə qeyd edilən dəlillə razılaşmır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş (iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş) 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı iş üzrə iddiaçının icarəsinə mübahisəli torpaq sahəsi verilərkən qeyd edilən normaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alındığı aşkar olunmamışdır. Əksinə, hazırkı işin məhkəmə araşdırması nəticəsində sözügedən torpaq sahəsinin bələdiyyə torpağı olması və ya dövlət mülkiyyətində olan torpaq sahəsinə aid olmaması ilə bağlı hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, mübahisəli sərəncamın qəbul edilməsi ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yeni Yasamal, Ü.Əkbərov küçəsində yerləşən 0.11 ha torpaq sahəsi üçüncü şəxsin icarəsinə verilərkən yerli icra hakimiyyəti olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti torpaq sahəsinin ayrılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin razılığını almış (Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 3.0.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Agentliyin vəzifəsidir), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən torpaq sahəsinin ofis binasının tikintisi üçün ayrılmasına etiraz etməmişdir (Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 8.20- 5-ci bəndinə görə Komitə tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy verir). Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli yerquruluşu planı əsas götürülərək (28 avqust 2020-ci il tarixli 1601 nömrəli Torpaq icarə müqaviləsində istinad edilmişdir) üçüncü şəxs X12 ilə torpaq sahəsinin ofis binasının tikintisi üçün icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən sözügedən Ümid Əkbərov küçəsində yerləşən 0.1097 ha torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Yasamal Bələdiyyəsinə ayrılmış ərazilərə aid deyildir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndinəəsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 12-ci maddəsinə görə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Beləliklə, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2019- cu il tarixli, S-66-151 nömrəli, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli, **********41 nömrəli və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1433 nömrəli razılıq məktublarını nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşən 0.1097 ha torpaq sahəsi ofis binalarının tikintisi üçün torpaq sahəsini üçüncü şəxsin istifadəsinə vermiş, bu barədə üçüncü şəxs X12 ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında xx.xx.2020-ci il tarixli 1601 saylı İcarə müqaviləsi bağlanılmış, eyni zamanda üçüncü şəxsin torpaq üzərində icarə hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq, sonuncunun adına torpaq sahəsinin plan-ölçüsü tərtib edilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mübahisəli torpaq sahəsi ayrılarkən yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətli müvafiq icra hakimiyyəti orqanlarının rəyləri nəzərə alınmış, həmin qurumlar tərəfindən sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olmaması və ya üçüncü şəxsin istifadəsinə verilməsi bağlı hər hansı etiraz bildirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda xx.xx.2020-ci il tarixli 102 nömrəli sərəncam inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş hesab edilə bilməz. Mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1026/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1026/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver