Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1026/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-14553/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia təmin edilərək X2 yerləşən 1200 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrılan gündən faktiki olaraq 25 ildən artıqdır ki, istifadəsindədir. Cavabdehin imtinası əsassızdır.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646- VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
4. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-14553/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, X4 ünvanında yerləşən və ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsinə dair yerləşmə sxeminin İddiaçı verilməsi öhdəliyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə olunması qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində inzibati işə baxılarkən Bakı şəhəri, Suraxanı rayonu, X4 ərazisində ayrılmış 1200 kv.m torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubu və X4 direktorunun xx.xx.1998-ci il tarixli 28 nömrəli əmri ilə ayrılmasına baxmayaraq yerləşmə sxeminin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə həvalə edilmişdir. Həmçinin həmin dövrdə torpaq sahələri ayrılarkən natura qaydada bölgülər aparılmış və torpaq sahəsinə dair yerləşmə sxemi torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlə birlikdə vətəndaşlara təqdim edilməmişdir. Sözügüdən torpaq sahəsinin 1998-ci ildən İddiaçı faktiki istifadəsində olması, onun həmin sahəyə sahiblik hüquqlarının həyata keçirilməsi və 26 il ötdükdən sonra yerləşmə sxeminin verilməsi ilə bağlı RİH-ə müraciət etməsi cavabdeh tərəf ciddi və əsaslı şübhələr yaratmağa səbəb olmuşdur. Belə hallarda müvafiq sənədlə ayrılmış torpaq sahəsinin yaxınlığında eyni ölçüdə zəbt edilmiş digər torpaq sahələrin sənədləşdirilməsinə cəhdlər göstərilir və ciddi qanun pozuntuları ilə nəticələnir. Eyni zamanda şübhə yaradan məqamlardan biri də bundan ibarətdir ki, torpaq sahəsi ayrılandan sonra qısa müddət ərzində deyil, uzun illər keçdikdən sonra iddiaçı sözügüdən torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı sənədləşmə qərarına gəlmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İddiaçı Abşeron rayon X4 direktorunun xx.xx.1998-ci il tarixli, № 28 saylı əmrinə əsasən iddiaçı X1 Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X4 ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsi üçün ümumi sahəsi 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
11. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin ayrıc aktı (yerləşmə cizgisi) təqdim edilməyib.
12. İddiaçı ona ayrılmış torpaq sahəsinə cizgi sxemin verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
13. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-20/2-K-55-091/2024 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışa əsasən sözügedən torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 40 nömrəli məktubu və X4 direktorunun xx.xx.1998-ci il tarixli 28 nömrəli əmri ilə ayrıldığı müəyyən edildiyindən və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığından müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. Sözügedən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir”.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
17. İşin mübahisələndirilməyən halıdır ki, X4 direktorunun xx.xx.1998-ci il tarixli 28 saylı əmrinə əsasən iddiaçıya Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, X4 ünvanında yerləşən fərdi yaşayış evinin tikilməsi üçün ümumi sahəsi 1200 kv.m torpaq sahəsi ayrılmışdır.
18. Torpaq sahəsi ayrılarkən iddiaçıya torpaq sahəsinin yerləşməsini müəyyən edən ayrıc aktı (plan-sxemi) verilməmişdir.
19. Hazırda iddiaçının tələbi ona ayrılmış torpaq sahəsinə yerləşməsi sxeminin tərtib edilərək verilməsidir.
20. Cavabdeh iddiaçının müraciətinə cavab məktubunda bildirmişdir ki, torpaq sahəsi X4 direktorunun xx.xx.1998-ci il tarixli 28 saylı əmrinə əsasən ayrılmış, bu barədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində hər hansı bir məlumat olmadığından aidiyyəti üzrə müraciət edilməlidir.
21. İdddiaya qarşı etirazda isə cavabdeh bildirir ki, torpaq sahəsinə yerləşməsini müəyyən edən sənəd Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən verilməlidir.
22. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi halı əsassız hesab edir.
23. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
24. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 04 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinin 5-ci abzasına görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) - 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. - 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. - 23-cü madəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. - 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. - 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
26. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
27. Sadalanan normalardan göründüyü kimi, vətəndaşlara torpaq sahəsinin verilməsi yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmçinin torpaq kadastrının aparılmasını və yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yer-təsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək Yerli İcra Hakimiyyəti orqanlarının səlahiyyətinə aid məsələ olmuşdur.
28. Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir”.
29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə son sərhədlərlə Surxanı rayonu, Hövsan qəsəbəsi ərazisidir. Sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşir. Məktuba torpaq sahəsinin koordinatları əlavə edilmişdir.
30. Məhkəmə qeyd edir ki, vahid elektron kadastr baza məlumatlarına torpaq sahəsi Bakı şəhəri Surxanı rayonu ərazisində yerləşdiyindən və sovxozlar ləğv edildiyindən, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən cizgini də cavabdeh verməlidir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
33. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 2-1(112)-14553/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov