Məhkəmə qərarları › İş №2-1(103)-1027/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1027/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1027/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, ərazi aidiyyəti ilə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılığına açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1342/2021 saylı 14 oktyabr 2021-ci il tarixli qərardadına əsasən inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara almışdır. Bakı İnzibati Məhkəməsinin 13.12.2021-ci il tarixli, 2-1(112)-12030/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 12030/2021 saylı iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə işin ərazi aidiyyətinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasında yaranmış fikir ayrılığı ilə bağlı olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə və ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə və hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik isə işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yaradır, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. Konstitusiyanın 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 02 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, İddiaçı qeydiyyat ünvanı Yevlax rayonunun Bünyadabad kəndidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfındən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Kollegiya qeyd edir ki, hazırki iddia tələbi növ baxımından öhdəliyin icrası haqqında iddiadır və cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlmişdir. Belə olan halda iddia tələbinə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçının hüquqlarının və qanuni maraqlarının qorunması, məhkəmənin əlçatanlığı, işə baxılmasında yarana biləcək çətinliklərin qarşısının alınması, şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi məqsədilə işə Şəki İnzibati Məhkəməsində baxılması daha əsaslıdır. Kollegiya diqqətə çatdırır ki, qanunvericiliyin tələbi baxımından məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsi məhkəmə iclasında həll edilən məsələlərə aid edildiyindən və İnzibati Prosessual Məcəlləyə edilən 01.10.2021-ci il tarixli dəyişiklikdən sonra Şəki İnzibati Məhkəməsi qeyd olunan işə baxılması ilə əlaqədar X1 8.2-ci maddəsinin tələbi baxımından artıq 14.10.2021-ci il tarixdə səlahiyyətli olduğundan, sözügedən mübahisəyə həmin məhkəmədə baxılaraq qərar qəbul edilməli idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktaybr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Göründüyü kimi Qanunvericiliyin ərazi aidiyyətinin müəyyənləşdirilməsində, o cümlədən “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 365-VİQD nömrəli Qanununa əsasən İnzibati Prosessual Məcəlləyə edilmiş dəyişikliklərin başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Kollegiya qeyd edir ki, İddiaçı qeydiyyat ünvanı Yevlax rayonunun Bünyadabad kəndi olduğundan, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (19.12-ci bənd). İPM-nin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "10.06.2017-ci ildən 10.06.2020-ci ilədək olan müddət ərzində müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən Aytən Oruczadə Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar