Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1028/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı (xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 4627/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 25 fevral 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyinatın xx.xx.2008-ci il tarixindən (45 yaşından, 1 nömrəli siyahı üzrə) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1984-cü ilin iyul ayından başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. xx.xx.1984-cü ildən xx.xx.1996- cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında (qablaşdırıcı) çalışmışdır. 1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək AzİDSR trestinin Mobil Mexanikləşdirilmiş kalonunda çalışmışdır. 1997-ci ildən 2005-ci ilin oktyabr ayının 17-nə qədər Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir- Tikinti trestində işləmiş, ondan sonra səhhətiylə əlaqədar olaraq çalışmamışdır. Bütün sənədlərini hazırlayıb adiyyəti üzrə cavabdehə xx.xx.2021-ci il tarixində poçt vasitəsi ilə təqdim etmişdir. Cavabdeh iddiaçının ərizəsini və sənədlərini AZ 1108 saylı poçt vasitəsi ilə qəbul etmişdir. İddiaçının 1984-1996-cı ilədək işlədiyi sahə (12 ilə yaxın) zərərli iş olmuşdur. Ona görə də həmin iş illəri iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına o dövrdə qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma iddiaçı bunu bilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə 35 gündür ki, münasibət bildirməmişdir. Pensiya təyinatı aparmamışdır. Bu barədə heç bir məlumat verməmişdir. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir ki, cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilsin. (Nəzərə alınsa ki, 2021-ci ilin yanvar ayı 31 gündür, artıq belə nəticəyə gəlir ki, 36 gündür ki, cavabdeh heç bir münasibət bildirmir). 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00-17541 nömrə ilə A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin (mətnə uyğun) və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi nəzərdə tutulduğundan və iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında qablaşdırıcı kimi 12 ildən artıq çalışmışdır. Ümumi iş stajı isə 21 ildən artıqdır. Onun çalışdığı sahə 1 nömrəli siyahı üzrə nəzərə alınmalı və güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli, əmək pensiyası ona xx.xx.2008-ci il tarixindən hazırkı günə qədər hesablanmalı və yaranacaq fərq birdəfəyə ödənilməlidir. Məhkəmənin 2-1(112)-4627/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyinatın xx.xx.2010-cu il tarixdən, 47 yaşdan aparılması və yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 52 yaşı tamam olduğu yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 4627/2021 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının ümumi və xüsusi iş stajının müəyyənləşdirilməsi zamanı səhvə yol verilmişdir. Belə ki, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə və Milli Arxiv İdarəsinə göndərdiyi sorğulara cavab olaraq əmək kitabçasında qeyd edilən Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı (həmçinin Mədəni Məişət və X2 İstehsalı Zavodu) adlı kommersiya qurumlarının reyestrdə aşkar edilmədiyi və sözügedən müəssisələrin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən həmin dövrlər iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Bundan əlavə məhkəmə iddiaçının işlədiyi vəzifəni güzəştli hesab edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyuun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Yeyinti sənayesi" bölməsinin “Ətriyyat-kosmetika istehsalatı" yarımbölməsinə istinad edir. Lakin məhkəmə iddiaçının işlədiyi vəzifənin 2 nömrəli Siyahıda 2241100a-19293 kodu altında qeyd edilən həna və basma kimi boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırı-bükücülər peşəsinə uyğunlaşdırsa da, güzəştli arayışın əldə edilməsi istiqamətində hər hansı tədbir görməmişdir. İddiaçı da öz növbəsində cavabdeh inzibati quruma və ya məhkəməyə belə bir arayış təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış apellyasiya şikayətinə yazılı etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2- 1(112)- 4627/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. - İV ЖГ № 469359 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən (Bakı şəhəri Orcenikidze Rayon VVAQ şöbəsi) X8 ilə X4 xx.xx.1988-ci ildə nikaha daxil olmuşlar (akt qeydi 619), nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmişdir. - iddiaçıya məxsus xx.xx.1984-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən (Arabalıyeva) İddiaçı xx.xx.1984-cü ildə AzSSR mədəni məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə MMP zavodunda kosmetika sahəsinə qablaşdırıcı işinə qəbul olunmuşdur. xx.xx.1989-cu ildə MM və TT məmulatların istehsalı zavodu Məişət malları (ümumi şöbə) İB çevrilmişdir. xx.xx.1989-cu ildə birinci dərəcəli qablaşdırıcı-şəkilləndirici sənəti verilmiş, Az. Respublikası SN-nin xx.xx.1991-ci il tarixli əmri əsasında xx.xx.1991-ci ildən Az. Respublikası MMP zavodu Azərbaycan dövlət sənaye-ticarət konserninə (Az ST K) çevrilmiş, məişət malları İB adı isə MM və TT zavod adına dəyişdirilmişdir. xx.xx.1996-cı ildə işdən azad edilmişdir. (K.Ş-nin rəisi T.A.Aslanov tərəfindən imzalanmış, Azərbaycan SSR Yerli Sənaye Nazirliyi. Mədəni-məişət və təsərrüfat mallarının istehsalı kadrlar şöbəsinin möhürü ilə təsdiq edilmişdir) xx.xx.1996-cı ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, xx.xx.1997-ci ildə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir-Tikinti trestində təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli, **********842400 nömrəli məktubunda qeyd olunmuşdur ki, İdarədə olan reyestrdə Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı adlı kommersiya qurumu aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) vermək xahiş olunmuşdur. - Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/1105 nömrəli arxiv arayışında bildirilmişdir ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Yerli Sənayesi Nazirliyinin “Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı”nın (həmçinin əmək kitabçasında göstərilən Mədəni-Məişət və X2 İstehsalı zavodunun) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli, **********288100 nömrəli məktubunda qeyd olunmuşdur ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə “Azərbaycan SSRİ-nin Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və Təsərrüfat təyinatlı məmulatların istehsalı zavodu”, “Məişət malları istehsalat birliyi”, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, İdarədə olan reyestrdə “Azərbaycan SSRİ-nin Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və Təsərrüfat təyinatlı məmulatların istehsalı zavodu” və “Məişət malları istehsalat birliyi” adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyiniz xahiş edilir. Eyni zamanda bildirilir ki, "xxxx" ASC-nin qeydiyyat qovluğuna əsasən Cəmiyyət Ədliyyə Nazirliyi tərəfindən D-35 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Məişət Malları zavodu”nun bazasında yaradılıb və onun hüquqi varisidir. Həmçinin bildirilir ki, müraciətin "xxxx" ASCyə dair hissəsi aidiyyəti üzrə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavablandırılacaqdır. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 05/21 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli “Azərbaycan Respublikası “Sənaye-Ticarət” Dövlət Konsernin ləğv edilməsi haqqında” Fərmanına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun əsasında, bu sərəncama əlavədə verilən struktur bölmələr istisna olmaqla, "xxxx" açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. Məlumat üçün bildirilir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1984-1996-cı illərdə işlədiyi qablaşdırıcı peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olub-olmaması baradə "xxxx" ASC-də heç bir məlumat yoxdur. - Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4/1105 nömrəli məktubda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Yerli Sənayesi Nazirliyinin “Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı”nın (həmçinin əmək kitabçasında göstərilən Mədəni-Məişət və X2 İstehsalı zavodunun) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, DA-01327-2021 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin 29 iyul 1991-ci il tarixli 65 №-li və Azərbaycan Respublikası Dövlət SənayeTicarət Konserninin 22 oktyabr 1992-ci il tarixli 123 №-li əmrlərin təsdiq olunmuş ksero surətləri təqdim edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Mədəni-məişət və təsərrüfat malları istehsalat zavodunun, Məişət malları İstehsalat Birliyinin nizamnamələri, əsasnamələri və şəxsi heyət üzrə sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sənaye Ticarət Konserninin 22 oktyabr 1992-ci il tarixli, 123 nömrəli əmrindən görünür ki, Mədəni Məişət və Təsərrüfat malları istehsalat zavodunun 19 oktyabr 1992-ci il tarixli 02/240 nömrəli yazılı müraciəti nəzərə alınaraq Mədəni məişət və təsərrüfat malları istehsalat zavodu 05 noyabr 1992-ci il tarixdən “Məişət malları zavodu” adlandırılması barədə əmr verilmişdir. - "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 06/21 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun təşkilatı hüquqi statusu Dövlət mülkiyyəti (15/5-xx.xx.1991); istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri: Xalq istehlakı mallarının istehsalı- Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı. Hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələr mövcud olub. Bundan əlavə məlumat üçün bildirilir ki, "xxxx" zavodu dövlət mülkiyyəti olduğundan özəlləşdirilmə prosesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə keçirilib və bütün məlumatlar hesab edilir ki, həmin qurumda vardır. - İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatının xx.xx.2008-ci il tarixindən (45 yaşı tamam olduğu gündən) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsində köməklik edilməsini xahiş etmişdir. Ərizə xx.xx.2021-ci il tarixdə **********9AZ nömrəli poçt göndəriş qəbzi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlaraq, işin obyektiv həlli məqsədilə iddiaçının 1984-1996-cı illərdə işləməsini təsdiq edən sənədlərin,əmrlərin surətlərinin,ümumiyyətlə iddiaçının işləmiş olduğu peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə uyğun olması,işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə) , xüsusiyyətləri,xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 02/22 saylı məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun təşkilatı hüquqi statusu Dövlət mülkiyyəti (15/5xx.xx.1991); istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri: Xalq istehlakı mallarının istehsalı- Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı. Hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələr mövcud olub və xx.xx.1963-cü il təvəllüdlü Həsənova (Arabalıyeva) Mətanət Arif qızı 1984-cü ildə həmin sahəyə qablaşdırıcı kimi işə qəbul olub. Bundan əlavə məlumat üçün bildirmişlər ki, "xxxx" zavodu dövlət mülkiyyəti olduğuna özəlləşdirilmə prosesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə keçirilib və bütün məlumatlar hesab edirik ki, həmin qurumda vardır. Məlumat üçün bildirik ki, xx.xx.1963-cü il təvəllüdlü Həsənova (Arabalıyeva) Mətanət Arif qızı 1984-1996-cı illərdə "xxxx" zavodunda qablaşdırıcı peşəsində işləmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamam olmuşdur. Məhkəmə kollegiyası iddiaçının ümumi iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçının xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək işlədiyi dövr 11 il 07 ay 22 gün, xx.xx.1996-xx.xx.1996-cı ilədək 06 ay 09 gün, xx.xx.1997-xx.xx.1997-ci ilədək 04 ay 21 gün, xx.xx.1997-xx.xx.2005-ci ilədək olan dövr 08 il 04 ay 06 gün olmaqla, xx.xx.2006-cı ilədək olan ümumi iş stajı 20 il 10 ay 28 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının əmək kitabçasında qeyd edilən Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında işlədiyi dövrlərin iddiaçının ümumi iş stajına daxil edilə bilməməsi ilə bağlı qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 02/22 saylı məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü Həsənova (Arabalıyeva) Mətanət Arif qızının 1984-1996-cı illərdə "xxxx" zavodunda qablaşdırıcı peşəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövr iddiaçının əmək kitabçasında göstərilməklə yanaşı, iş yerindən arayışla da təsdiq edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə müəyyən olunur ki, iddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının işlədiyi yerdən zərərli işlərdə işləməsinə dair güzəştli arayışı təqdim edə bilməməsi onun işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına mane təşkil etməməlidir. Belə ki, iş materiallarında olan Məhkəmənin sorğusuna cavab olaraq "xxxx"ASC iddiaçının işləmiş olduğu qablaşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğunluğu barədə ASC-də məlumatın olmaması səbəbindən güzəştli arayış təqdim edə bilməsə də məhkəmənin sorğusuna cavabda "xxxx" zavodunda istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri kimi həmin zavodda Xalq istehlakı mallarının istehsalı olduğu, Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı ilə məşğul olunduğu və zavodun özündə hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələrin mövcud olduğu bilavasitə ifadə edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçı ilə eyni Məişət Malları zavodunda işləmiş vət. X3 aid qanuni qüvvəsini almış məhkəmə qərarlarını (2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2-1(82)-2696/2018 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2018- ci il tarixli, 2- 1(103)-2426/18 nömrəli qərarı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli, 2-1(102)-426/19 nömrəli qərarı) təqdim etmişdir ki, həmin məhkəmə qərarlarında vət.X3 aid ИТ-İ ******* nömrəli əmək kitabçası qeydlərində X1 xx.xx.1981-ci ilədək xına qablaşması sexində 1-ci və 2-ci dərəcəli xına qablaşdırıcısı, xx.xx.1981-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" zavodunda qablaşdırıcı, paketləşdirici işlədiyi göstərilmişdir. Beləliklə, əmək kitabçası qeydləri, "xxxx" ASC-nin sorğuya cavab məktubu, təqdim olunmuş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçının işləmiş olduğu müəssisə "xxxx" zavodu olmuş, həmin zavodda kosmetika sahəsində həna qablaşması sexi mövcud olmuş və iddiaçı adıçəkilən zavodda həna qablaşdırıcısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda 22400000 XXİİ. Yeyinti sənayesi, 22411000
11. Ətriyyat-kosmetika istehsalatı. Tərkibində 1-3-cü sinif təhlükəli zərərli maddələr olan kompozisiyaların, nəfəslik və kompozisiya - bazaların istehsalı, 2241100a—19293 «Həna» və «Basma» kimi bitki boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcılar-bükücülər zərərli peşə kimi nəzərdə tutulmuşdur Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" zavodunda kosmetika sahəsində həna qablaşması sexində həna qablaşdırıcı vəzifəsi qeyd edilən 2 nömrəli Siyahıda 2241100a—19293 nömrəli koda uyğun olmaqla, həmin vəzifədə güzəştli iş stajı (xx.xx.1984-cü ildən xx.xx.1996-cı ilədək işlədiyi dövr) 11 il 07 ay 22 gün təşkil etmiş, cavabdeh inzibati orqanın iddiaçının güzəştli iş stajı ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla,qərarın ləğv edilməsi üçün əsas təşkil etməmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 4627/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.