Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1028/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi Əmirli Vüsal Eyvaz oğlunun iştirakları ilə, İddiaçı Əhmədova Aygün Qəzənfər qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mənsubiyyətin tanınması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nurməmmədova Dürdanə Yasın qızı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mənsubiyyətin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan ərizə ilə müraciət edilərək iddiaçının əsl iddiaçı Əhmədova Aygün Qəzənfər qızı ilə əsl iddiaçı kimi əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul edilməsi, iddiaçı Nurməmmədova Dürdanə Yasın qızı əsl iddiaçı Əhmədova Aygün Qəzənfər qızı ilə əvəz edilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçıya Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının vətəndaşılığına mənsubiyyətinin tanınmasını istəyir və bunu anası Nurməmmədova Dürdanə Yasin qızının Azərbaycan Respublikasının vətəndaşı olması ilə əsaslandırır. Məhkəmə işin faktiki hallarını (Nurməmmədova Dürdanə Yasin qızının (iddiaçının anası) iddiaçının doğum anında Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olmasını) nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Əhmədova Aygün Qəzənfər qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” barədə iddiasına dair mübahisənin həlli ilə bağlı, iddiaçının anası Nurməmmədova Dürdanə Yasin qızının xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olması barədə müvəqqəti şəxsiyyət vəsiqəsinin olmasını nəzərə alaraq, iddiaçı Əhmədova Aygün Qəzənfər qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə müraciətinə yenidən baxılması üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 30 gün müddət təyin edilməsini qərara almışdır. Lakin cavabdeh inzibati orqan Nurməmmədova Dürdanə Yasin qızının xx.xx.1997ci il tarixdə əldə etdiyi müvəqqəti şəxsiyyət vəsiqəsinin (forma 9) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqnda” Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmadığına istinad edərək A.Əhmədovanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibati aktın qəbul edilməsinin mümkün olmadığı qənaətinə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.1998-ci il təvəllüdlü iddiaçı Əhmədova Aygün Qəzənfər qızının Azərbaycan Respublikası vətəndaşı kimi mənsubiyyətin tanınmasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il təvəllüdlü iddiaçı A.Əhmədova Gürcüstanın Bolinisi şəhərində anadan olmuş, doğularkən atası Qəzənfər Əhmədov Gürcüstan vətəndaşı olmuş və nəticədə şəxs Gürcüstan qanunvericiliyinə əsasən (“sözügedən ölkənin vətəndaşlığı haqqında” qanunun 10-cu maddəsinə əsasən) Gürcüstan vətəndaşlığını əldə etmişdir (şəxsin Gürcüstan pasportunun surəti iş materiallarına əlavə edilmişdir). Şəxsin anası Nurməmmədova Dürdanə Yasin qızının vətəndaşlığına gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı doğulduğu anda (xx.xx.1998-ci il tarixdə) onun valideyni D.Nurməmmədova Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədə malik olmamışdır. Belə ki, D.Nurməmmədova 1980-ci ildə Gürcüstan ərazisində doğulmuş (bu barədə doğum haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir) və o, ölkə ərazisinə 1997-ci ildə gələrkən müvəqqəti şəxsiyyət vəsiqəsi ilə (Forma 9 arayış) təmin edilmişdir. O da qeyd olunmalıdır ki, müvəqqəti şəxsiyyət vəsiqəsinin (Forma 9) Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd kimi və ya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə eyni hüquqi qüvvəyə malik olması kimi öz təsdiqini tapması heç bir normativ hüquqi aktda göstərilmir (SSRİ dövründə vətəndaşlara verilmiş pasportlar müəyyən müddətlər ərzində etibarlı hesab edilməklə şəxsiyyəti təsdiq edən vəsiqə kimi yaşayış yeri üzrə qeydiyyat məsələsində nəzərə alınırdı). Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunun” 6-cı maddəsi ilə müəyyən olunur. Həmin maddənin əvvəlki redaksiyasına əsasən doğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası vətəndaşının pasportu vətəndaşlığı təsdiq edən sənədlər idi. İddiaçı A.Əhmədova doğularkən onun valideyni D.Nurməmmədova yuxarıda qeyd olunan sənədlərdən hərhansı birinə malik olmamışdır. Lakin, birinci instansiya məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd olunan qanunvericilik normasını nəzərə almamışdır. Bundan başqa, inzibati icraat zamanı şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4 10-cu bəndində nəzərdə tutulan sənədi (bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti) təqdim etməmişdir. O da qeyd olunmalıdır ki, şəxs əvvəllər Gürcüstan pasportu ilə müvəqqəti yaşama icazəsinin əldə edilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DXM) müraciət etmiş, onun müraciəti təmin edilərək ona etibarlılıq müddəti xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək vəsiqə verilmişdir (şəxs son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşadıqdan sonra vətəndaşlığa qəbulla bağlı DMX-ya müraciət edə bilər). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü olan iddiaçı Əhmədova Aygün Qəzənfər qızı Gürcüstan, Bolinisi şəhərində anadan olmuşdur. İddiaçının atası Qəzənfər Əhmədov, anası isə Dürdanə Nurməmmədovadır. Doğrudur ki, iddiaçının atası Əhmədov Qəzənfər Gürcüstan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə malik olmuşdur. Lakin, iddiaçının anası Nurməmmədova Dürdanə Yasin qızı hazırda Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Nurməmmədova Dürdanə Yasin qızı xx.xx.1997-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən AZ-135164 seriyalı müvəqqəti şəxsiyyət vəsiqəsi (Forma 9) təmin edilmiş, bundan sonra həmin Forma 9 arayışına əsasən ona şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, Nurməmmədova Dürdanə Yasin qızı iddiaçının doğum anında, yəni xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı olması barədə müvəqqəti şəxsiyyət vəsiqəsinə (Forma 9) malik olmuşdur. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.
14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Kollegiya qeyd edir ki, təkzib olunmaz haldır ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Lakin nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını tənzimləyən normalar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuşdur. Adı çəkilən Qanunun 6-cı müddəasından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşı olması aşağıdaki sənədlər əsasında müəyyən olunur: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; - 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; - Azərbaycan Respublikası vətəndaşının pasportu. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasına nəzər yetirsək görünür ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunun hazırki redaksiyasına əsasən:
1. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasında qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, ümumməlum olan faktdır ki, 2000-ci ilin əvvəllərindən başlayaraq vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi başlanılmış, o vaxta kimi isə vətəndaşlara pasport və ya müvəqqəti şəxsiyyət vəsiqəsini təsdiq edən Forma 9 arayışının verilməsi həyata keçirilirdi. Qeyd olunmalıdır ki, iddiaçının anası Nurməmmədova Dürdanə Yasin qızının 1997-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşı olması və müvəqqəti şəxsiyyət vəsiqəsinə malik olması (Forma 9 arayışına) - yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edən Daxili İşlər Nazirliyinin aidiyyəti Polis İdarəsinin uçot məlumatlarında aşkar olunmuşdur ki, həmin məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yaranmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, daimi vəsiqələr verilənədək şəxsiyyəti təsdiq edən sənəd kimi olmalı olan sənəd iddiaçının valideynində (anasında) olmuş, bunun nəticəsində də o, sonradan daimi şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Göstərilən bütün hallar ona dəlalət edir ki, Nurməmmədova Dürdanə Yasin qızı həmin vaxt müvəqqəti şəxsiyyət vəsiqəsi, yəni şəxsiyyətini təsdiq edən sənədə malik olmuşdur ki, bu da uşaq (iddiaçı) doğulduğu anda onun Azərbaycan Respublikası vətəndaşı statutusu olmasını təsdiq edir. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının doğularkən valideyinlərdən birinin, hazırki halda iddiaçının anasının (Nurməmmədova Dürdanə Yasin qızı) Azərbaycan Respublikasının vətəndaşı olmaması hazırki mübahisədə tətbiq edilə bilməməsi barədə nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1952/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova