Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1028/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10540/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona vurulan mənəvi zərərin əvəzi olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından onun xeyrinə 500 000 (beş yüz min) manat tutulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...2018-ci ildə DSMF-nin Abşeron rayon şöbəsinə müraciət edərək, pensiya təyin edilməsini xahiş etmiş, lakin sonuncu ona yaşa görə əmək pensiyası hüququ verən 25 il stajın və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının toplanmadığından (xx.xx.2007-ci ildən xx.xx.2009-cu il tarixədək, pensiya kapitalı cəmisi 10 sığorta stajının və fərdi hesabın sığorta hissəsində 1878.82 manat təşkil etmişdir) pensiya təyinatının mümkün olmadığını bildirmiş, sonradan isə DSMF Binəqədi rayon şöbəsi sığorta stajının xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək, yəni 1 il 10 ay, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 8011,78 manat olması barədə 09-1373 saylı xx.xx.2018-ci il tarixli yeni arayış vermiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. 04 sentyabr 2018-ci il tarixli ərizə ilə təkrarən DSMF Abşeron rayon şöbəsinə müraciət edərək ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmiş, lakin sonuncu 20/5480 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə ərizəsinə cavab verərək, 15 il dövlət qulluğu stajı olmadığından mümkünsüz olduğunu bildirmiş, bununla əlaqədar iddia ərizəsi ilə DSMF-nin Abşeron rayon şöbəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu müddətdə, DSMF-də struktur dəyişiklikləri baş vermiş, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial təsis olunmuş, bununla əlaqədar, iddia tələbini ona dövlət qulluqçusu kimi pensiya təyin olunması hissəsində geri götürmüş və həmin Filialına müraciət etmiş, lakin Filial tərəfindən sonuncu dövlət qulluğu stajının 15 ildən az-7 il 2 ay 22 gün olması kimi əsassız qənaətə gələrək, 216313 69364 saylı 19 may 2021-ci il tarixli məktubu oan dövlət qulluqçusu kimi pensiya hesablanmasının mümkünsüz olduğunu bildirmişdir. Fonudun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, cavabın qanuniliyini mübahisələndirərək ona dövlət qulluqçusu kimi pensiya hesablanmasının həmin Filiala həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7472/2021 saylı 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin həmin qanuni qəradan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1846/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin həmin qərarı dəyişdirıilmədən saxlaınlmışdır. Bundan sonra da cavabdeh hüququndan sui-istifdə edərək apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, onun həmin şikayəti də Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-l(102)-1819/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, DSMF-nin tabe qurumları, öncə, Abşeron rayon şöbəsi saxta sənədlər əsasında onun pensiya almaq hüququnu inkar etmiş, sonradan isə bir müddət DSMF-nin Abşeron rayon şöbəsi, daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununa, Bakı İnzibati Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin onun dövlət qulluqçusu kimi pensiya almaq hüququnun tanınması haqqında qərarlarına məhəl qoymadan onun pensiya hüququnu pozmuş, malik olduğu prosessual hüquqlardan sui-istifadə edərək, məhkəmə qərarlarınndan formal əsaslarla şikayətlər verməklə onun pensiya hüququnu pozmuşdur. Beləliklə də, cavabdeh onun pensiya hüququnun həyata keçirilməsini əngəlləməklə onu əsəb sarsıntılarına, mənəvi iztirablara məruz qoymuş, ona mənəvi zərər vurmuş, normal həyati imkanlardan məhrum olmuş, üzücü həyat yaşamış, illərlə tanışlarının yardımı və onlardan aldığı borcların hesabına dolanmış, bu səbəbdən keçirdiyi əsəb sarsıntıları, mənəvi iztirablar nəticəsində sağlamlığı əhəmiyyətli dərəcədə pozulmuşdur, hazırda yüksək qan təzyiqindən (hipertoniyadan) əziyyət çəkir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Hal-hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın heç bir qanunsuz hərəkəti olmamışdır. Məhkəmə aktlarından şikayət vermək prosessual iştirakçıların hüququdur və cavabdeh inzibati orqan öz hüququnu realizə etmişdir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü biruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. İddiaçı iddia tələbində cavabdehin ona dövlət qulluqçusu kimi əmək pensiyasını gec təyin etməsinin ona mənəvi iztirablar çəkdirdiyini göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10540/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslanıdırılmışdır: “...Qərar əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, işin hallarının, iddia ərizəsində irəli sürülmüş dəlillərin tam və obyektiv araşdırılması təmin olunmamışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır, məhkəmənin məhkəmə aktında göstərdiyi dəlillər işin hallarına uyğun deyildir, qərar ləğv olunmalıdır, iddia tələbinin təmini barədə yeni qərar qəbul edilməlidir.
1. İddia ərizəsində cəmisi 10 ay sığorta stajının və fərdi hesabın sığorta hissəsində 1878.82 manat pensiya kapitalının olması barədə DSMF-nin Binəqədi rayon şöbəsinin həqiqəti təhrif edən saxta arayışı ilə cavabdehin ona ümumiyyətlə pensiya təyin etməkdən imtina etməsini, daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş, tələb olunan dövlət qulluğu üzrə stajının olmasına baxmayaraq, sözü gedən qanunun tələblərini pozaraq, hüquqi əsası olmayan dəlillərlə ona dövlət qulluqçusu kimi pensiya təyin etməkdən qanunsuz olaraq imtina etməsini, prosessual qanunvericlikdə nəzərdə tutulmuş hüquqlarından sui-istifadə edərək, eyni əsassız dəlillərlə iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından əsassız şikayətlər verməsini göstərmişdir. Bununla belə məhkəmə cavabdehin cəmisi 10 ay sığorta stajının və fərdi hesabın sığorta hissəsində 1878.82 manat pensiya kapitalının olması barədə DSMF-nin Binəqədi rayon şöbəsinin həqiqəti təhrif edən saxta arayışı əsasında ona pensiya təyin etməkdən imtinasını araşdırmamış, ona hüquqi qiymət verməmişdir.
2. Məhkəmə cavabdehin ona dövlət qulluçusu kimi pensiya təyin etməkdən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin tələblərinə zidd olaraq imtina etməsinə adi hal kimi yanaşır və öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh əsas fəaliyyət istiqamətinə uyğun olaraq inzibati icraat çərçivəsində sosial müdafiə üçün təqdim edilmiş müraciətləri sahəvi qanunvericiliyin tələblərinə müvafiq qaydada yoxlayaraq qiymətləndirmək, nəticə etibarı ilə əhalinin hüquq qazanmış təbəqələrini əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardımı ilə təmin etmək və ya müvafiq əsaslarla təmin etməkdən imtina etməkdə səlahiyyətli və məsul orqandır. Məhkəmə nəzərdən qaçırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericlik, icra və məhkəmə orqanlarının borcudur, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın 68-cı maddəsinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışa hüququ vardır. Məhkəmə cavabdehin hərəkətlərinə, bu hərəkətlərin Konstitusiyanın müddəalarına nə dərəcədə uyğun olması baxımından qiymət verməmişdir. Məhkəmə həmçinin, cavabdehin onun müraciətini sahəvi qanunvericiliyin tələblərinə müvafiq qaydada yoxlayaraq qiymətləndirməyə səlahiyyətli və məsul olması qənaətinə gəlsə də, cavabdehin ona dövlət qulluqçusu kimi pensiya təyin etməkdən imtinasının “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə zidd olmasını, cavabdehin ona dövlət qulluqçusu kimi pensiya təyin olunması haqqında müraciəti üzrə araşdırmanı Azərbaycan Pespublikası Konstitusiyasının müddəalarına, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olaraq aparılmasına əhəmiyyət və hüquqi qiymət verməmişdir.
3. Məhkəmə cavabdehin iddianın təmin olunması haqqında məhkəmə aktlarından şikayət verməsini, cavabdehin malik olduğu prosessual hüquqlardan istifadə etməsində ifadə olunan normal hal kimi dəyərləndirir və nəzərə almamışdır ki, cavabdehin ona dövlət qulluqçusu kimi pensiya təyin etməkdən imtina məktubu, onun iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verdiyi şikayətlərdən mahiyyəti və məzmunu etibarı fərqlənmir, eyniyyət təşkil edir və bu hal haqlı olaraq kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qaərarda özünəməxsus məzmunda vurğulanmışdır. Məhkəmə cavabdehin məhkəmə aktlarından şikayət verməsinə yalnız cavabdehin malik olduğu prosessual hüquq baxımından yanamış, Mülki Prosessual Məcəllənin 16.1, 17.1, 47.1-ci maddələrində prosessual hüquqlardan istifadə olunması sahəsində proses iştirakçılarına münasibətdə nəzərdə tutulmuş tələbləri nəzərə almamışdır.
4. Cavabdehin 2018-ci ildən 2022-ci ilədək, həqiqəti təhrif edən saxta sənəd əsasında ona pensiya təyin etməkdən imtina etməklə, ona dövlət qulluqçusu kimi pensiya təyin etməkdən imtina etməklə, iddia tələbinin təmin olunması haqqında məhkəmə qərarlarından formal əsaslarla, eyni məzmunlu əsassız şikayətlər verərək pensiya hüququnu əngəlləməklə onu mənəvi əzab və iztirablara məruz qoyması şəkksizdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci İ81 tarixli 7 saylı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum qərarında qərarında izah olunur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və sairə hüquq pozmalarda) ifadə oluna bilər...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı (apellyator) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onunn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən F.Məmmədova məhkəmə aktlarından şikayət vermək proses iştirakçılarının hüququ olduğunu, Filial da bu hüququndan istifadə etdiyini bildirmiş, bundan əlavə iddiaçının mənəvi iztirablar çəkməsi ilə bağlı heç bir sübut məhkəmyə təqdim etmədiyini bildirərək iddiaçının apellyasiya şikayətinə etirazını bildimişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçının iddia ərizəsi və onun apellyasiya şikayəti üzrə istinad etdiyi hallardan göründüyü kimi, cavabdeh tərəfindən ona 500.000 manat məbləğində mənəvi ziyan vurulmasını onunla əsaslandırır ki, əmək pensiyası təyinatı ilə bağlı cavabdeh tərəfindən onnun müraciətinin təmin olunmasından qanunsuz imtinası və həmin imtina birinci instansiya məhkəməsinin qərarı ilə də qanunsuz hesab olunsa da, cavabdehin həmin qərarı prosessual hüquqlarından sui-istifadə etməklə bir daha apellyasiya və kassasiya qaydasında mübahisələndirməklə, onda mənəvi sarsıntı və iztirablara səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan əsaslarla cavabdehə qarşı mənəvi ziyan tələbində haqlı hesab edilə bilməz. Birincisi, ona görə ki, cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını ehtiva edən təqsirli hərəkətlərinin mövcudluğu müəyyən olunmur. Çünki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Həmi Nizamnamənin 2.1.4-cü bəndinə əsasən əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərindən biridir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifəsidir. Göründüyü kimi, əhalinin əmək pensiaları ilə təmin edilməsi üçün tədbirlər görmək Fondun əsas fəaliyyət istiqaməti və vəzifələrindən biridir. Bu zaman Fond Azərbaycan Respublikasının qanunverictiliyi ilə müəyyən olunan qaydaları rəhbər tutur, pensiyaların qanunauyğun və düzgün təyin olunmasını həyata keçirilməsini təmin etmək öhdəliyini daşıyır. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İPM-in 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçılarıyalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir Prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdeh pensiya təyinedicisi prosessual hüquq normalarına uyğun hərəkət etmiş, iddiaçıya yaşa görə əmək pensiyası, o cümlədən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edərkən “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci ildən qüvvəyə mişmiş normasının tətbiq olunması barədə hüquqi mövqeyində israrlı olmuş, Ali Məhkəməyə qədər məsələni mübahisələndirmişdir ki, bütün bunlar həmin qurumun qanunsuz hərəkətləri kimi qiymətləndirilə bilməz. Hər bir halda, onlar arasındakı qeyd olunan məhkəmə mübahisəsi başa çatmış və məhkəmə qərarları ilə cavabdeh orqanın hərəkətlərinin qanuniliyinə qiymət verilmiş, o cümlədən, iddiaçının dövlət qulluqçusu kimi pensiya hüququ cavabdeh inzibati orqan tərəfindən təmin olunaraq, qanuni qüvvəsini almış qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər tam yerinə yetirilmiş, bununla da mübahisə öz hüquqi həllini tapmışdır. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası cavabdehin adıçəkilən məhkəmə qərarları ilə razılaşmayaraq, həmin qərarları mübahisələndirməklə, öz hüquqi mövqeyini müdafiə etməsi onun tərəfindən prosesual qanunvericiləklə müəyyən edilən hüquqlarından sui-istifadə etməsi anlamını vermir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2002-ci il 31 may tarixli Qərarında qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında qeyd olunmuşdur ki, A məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər) Məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı işin isə qeyd olunan konkret hallarından isə göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mənəvi zərər vuran təqsirli hərəkətləri müəyyən olunmur. Beləliklə də, İPM-in 14.3-cü maddəsinin tələbi baxımından, iddiaçıya mənəvi ziyan vurulduğunu təsdiq edən faktiki şərtlərinin mövcudluğu sübuta yetirilmir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10540/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10540/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.