Məhkəmə qərarları › İş №2-1(103)-1029/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1029/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1029/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X3, X2, X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-83/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlilər Departamentinə (hazırdaAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin hesablanması barədə” 17 dekabr 2018-ci il tarixli, **********837400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-83/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” 17 dekabr 2018-ci il tarixli, **********837400 nömrəli qərarın ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pulun iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır (hakim Aygün Abdullayeva). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, 17.12.2018-ci il tarixli **********837400 saylı “Vergilərin hesablanması barədə” qərar iddiaçıya elektron qaydada 17.12.2018-ci il tarixdə təqdim edilmiş və qərar iddiaçı tərəfindən 18.12.2018-ci il tarixdə oxunaraq qəbul edilmişdir. Lakin iddiaçı qeyd edilən qərarı ən son 16.01.2020-ci il tarixdə mübahisələndirə biləcəyi təqdirdə 24.01.2020-ci il tarixdə məhkəmədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın ləğv edilməsi üçün heç bir araşdırma aparmamış, sadəcə işin hallarını sadalamışdır. İşin halları ilə bağlı nümayəndə bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin oktyabr ayı üzrə təqdim olunmuş ƏDV bəyənnaməsinin yoxlanılması zamanı müəssisənin ƏDV qeydiyyatında olduğu müddət ərzində 4439430,99 manat məbləğində malların əldə edilməsinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş bəyənnamələrdə idxal edilmiş mallara ticarət əlavəsi tətbiq etməklə 419564,81 manat dövriyyə məbləğinin göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə 05.12.2018-ci il tarixli **********900200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uğursuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin oktyabr ayı ƏDV bəyənnaməsi üzrə 204435,43 (4439430,99 *1.2-4191564,81=1135752,378*18%=204435,43) manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 17.12.2018-ci il tarixli **********837400 nömrəli vergilərin hesablanması barədə qərar göndərilmişdir. Göründüyü kimi iddiaçı vergi qanunvericiliyindən irəli gələn vəzifələrini yerinə yetirməmiş, malların təqdim edilməsini uçotdan gizlədərək 204435,43 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə ödənilməsini keçirməmişdir. İddiaçı isə iddia ərizəsində sadəcə fəaliyyət göstərdiyi müddətdə vaxtlıvaxtında vergilərini gəlirə uyğun bəyan etdiyini və ödədiyini qeyd edərək müəssisəyə vergilərin hesablanmasına səbəb olan və uyğunsuzluq məktubunda göstərilən hallara dair hər hansı əsaslı dəlili nə vergi orqanına, nə də məhkəməyə təqdim edə bilməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X8, X6 və X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 17 dekabr 2018-ci il tarixli, **********837400 nömrəli “Vergilərin hesablanması barədə” qərarının surətindən görünür ki, 2018-ci ilin oktyabr ayı vergi dövrü üzrə 204.481.77 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 11 sentyabr 2020-ci il tarixli, 973 saylı ekspert rəyindən görünür ki, ekspertizanın nəticəsinə əsasən vergi orqanının 17.12.2018-ci il tarixli,**********837400 saylı qərarı ilə müəssisəyə hesablanmış ƏDV-nin (2018-ci ilin oktyabr ayı üzrə) düzgünlüyü müəyyən edilmir. Birinci instansiya məhkəməsinin qəldiyi nəticəyə görə kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığından mübahisəli qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işdən görünür ki, 17.12.2018-ci il tarixli, **********837400 saylı qərar iddiaçıya elektron qaydada 17.12.2018-ci il tarixdə təqdim edilmiş və qərar iddiaçı tərəfindən 18.12.2018-ci il oxunaraq qəbul etmişdir. İddiaçı mübahisələndirilən qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməklə 21.01.2019-cu il tarixdə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü olub-olmamasını aydınlaşdırmamışdır. İddia verilən zaman qüvvədə olan İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-nin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bundan əlavə, iş materiallarından (i.v.21) görünür ki, Bakı şəhər Lokal Gəlirlər Departamenti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 08.02.2019-cu il tarixdə iddianın mümkün sayılmaması barədə vəsatətlə müraciət edərək, iddiaçının iddiasına iddia müddətinin tətbiq edilməsi və iddianın mümkün sayılmamasını xahiş etmiş, lakin birinci instansiya məhkəməsi qeyd edilən vəsatəti müzakirə etməmiş, ona hər hansı hüquqi qiymət verməmiş, bununla belə cavabdehin prosessual hüquqlarını pozmuşdur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İPM-nin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-nin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Həmçinin, birinci instansiya məhkəməsinin qərarında 11.09.2020-ci il tarixli ekspertin rəyini mötəbər sübut kimi qəbul edilməsi əsassızdır. Birinci instansiya məhkəməsinin 29.11.2019-cu il tarixli, 2-1(81)-1157/2019 saylı qərardadında ekspert qarşısında İddiaçı MMC-nin qərarda qeyd edilən dövr üçün ödənilməmiş vergi borcu yaranmışdırmı, yaranmışdırsa əlavə vergi borcunun məbləği nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 11.09.2020-ci il tarixli, 973 saylı rəyin nəticəsinə görə vergi orqanın 17.12.2018-ci il tarixli, **********837400 saylı qərarı ilə müəssisəyə hesablanmış ƏDV-nin (2018-ci ilin oktyabr ayı üzrə) düzgünlüyü müəyyən edilmir. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalıdır. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertin vəzifəsi mübahisələndirılən qərardakı hesablamaların düzgünlüyü ilə bağlı rəyin verməkdir. Lakin ekspert öz rəyində hesablamarla bağlı məsəyə toxunmamış və qarşısında qoyulan suala mahiyyəti üzrə cavab verməmişdir, ekspert ona təqdim edilən sənədlərin heç birinə istinad etməmiş rəyin verilməsi zamanı həmin sənədlər ümumiyyətlə nəzərə alınmamışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Qanunun 13-cü maddəsinə əsasən ekspertin vəzifələrindən biri təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın ləğv edilməsi üçün heç bir araşdırma aparmamış, sadəcə işin hallarını və maddi hüquq normaları sadalayaraq, hesab etmişdir ki, kameral qaydada verginin hesablanması zamanı cavabdeh tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığından mübahisəli qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıdakılara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə inzibati məhkəmə icraatı zamanı yol verilmiş prosessual pozuntuları ilə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(112)-83/2020 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar