Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1029/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən güzəştli şərtlərlə aldığı pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9892/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 01.01.2006-cı il tarixdən etibarən 6 ildən çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində toplanmış sığorta pensiya kapitalına əsasən təyin edilmiş güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə ona pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edildikdən sonra 6 ildən çox işləmiş, 01.01.2006-cı il tarixdən halhazıradək fərdi hesabının sığorta hissəsində toplanan kapitalı 161.121.18 AZN manat (yüz altmış bir min yüz iyirmi bir manat on səkkiz qəpik) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxdıgı 2008-ci il tarixdən hal-hazıradək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana iddiaçının əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalı nəzərə alaraq, aldığı əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan 22.07.2021-ci ildə müraciətini icraata qəbul etsə də, bu günə kimi cavablandırmamışdır. İddiaçı hesab edir ki, iddiası 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 9.6-cı maddələrinə əsasən təmin olunmalıdır. Nəticə etibarilə, iddiaçının aldığı əmək pensiyası, sığorta və yığım hissələrindən ibarətdir. Hərbi qulluqçulara yuxarıda sadalanan hüquqların şamil edilmədiyi ilə bağlı hər hansı maddi hüquq norması mövcud deyil. Həmçinin, hərbi qulluqçuların yaşa görə aldığı əmək pensiyasının yalnız təminat xərcliyindən ibarət olması barədə hər hansı maddi hüquq norması mövcud deyil. Hesab edir ki, iddiaçının əmək pensiyasına çıxdıqdan sonra işləyib əldə etdiyi sığorta pensiya kapitalı hazırkı pensiya məbləğinin hesablanmasında nəzərə alınmalıdır və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edilən maddələrdən göründüyü kimi hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı onların müvafiq qurumlar tərəfindən tərtib edilmiş “Məlumat vərəqi”indəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.3 və 37.3.1 maddələrində qeyd edilən sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinə aid deyil və şamil edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanır. Bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsində qeyd edildiyi kimi hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyindən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Eyni zamanda Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nin aidiyyəti rayon şöbəsinə müraciət etməlidir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9892/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus sosial arayışdan görünür ki, 2006-2018-ci və 2019-2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən, 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən sığortaedən kimi iddiaçının fərdi şəxsi hesabına sığorta haqqı ödənilmişdir. Cavabdehin 18.08.2021-ci il tarixli **********1 saylı qərarından görünür ki, iddiaçıya 01.01.2007-ci il tarixdən pensiya təyin edilmiş, sonuncu dəfə 18.08.2021-ci il tarixdə 3698.70 manat məbləğində təminat xərcliyi əsasında 3069.92 manat məbləğində pensiya yenidən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25.10.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 22.022,01 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 161.121,13 manat olmaqla, cəmi pensiya kapitalı 183.143,14 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığorta olunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq iddiaçının 1 yanvar 2006-cı il tarixinədək olan 28 il 10 ay 24 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 22.022,01 manat müəyyən edilmişdir. Həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 161.121,13 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçıya məxsus “pensiyaçının uçot vərəqi”ndən görünür ki, ona ilk dəfə 11.07.2007ci il tarixdə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya məxsus 20.09.2000-ci il tarixdə doldurulmuş əmək kitabçasına əlavə vərəqədən görünür ki, iddiaçı 19.09.2000-ci il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələləri şöbəsinin müdiri vəzifəsində (əmr №92 19.09.2000-ci il), 25.07.2003-cü il tarixdən təşkilat-təminat şöbəsinin müdiri vəzifəsində (əmr №128K 25.07.2003-cü il), 08.06.2004-cü il tarixdən aparat rəhbərinin müavini (əmr №68k 08.06.2004-cü il) işləmiş, 11.09.2009-cü ildə aparat rəhbərinin vəzifə səlahiyyətləri 2009-cu il sentyabr ayının 11-dən müvəqqəti olaraq həvalə edilmişdir (əmr №309 11.09.2009-cu il), 04.03.2010-cu il tarixdən öz vəzifəsinə qayıtmış hesab edilmişdir. 11.07.2021-ci il tarixə qədər həmin vəzifədə işləmişdir. İddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan hərbi qulluqçuların pensiya təminatının yığım hissəsində yığılan pensiya kapitalı ilə deyil, təminat xərcliyindən hesablanması əsası ilə müraciəti təmin etməkdən imtina etmişdir. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Birinci instansiya məhkəməsi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 37.3, 37.3.1 və 45-ci maddələrinin əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (İşləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Beləliklə, cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi qanunazidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalıdır. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02.02.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və İV hissələri, 38-ci maddəsinin İ və İİİ hissələri, 149-cu maddəsinin İ və İİİ hissələri ilə ziddiyyət təşkil etmir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9892/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1029/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1029/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver