Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1029/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12004/2024 saylı, 10 oktyabr 2024-cü il qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 05 iyul 2024-cü il tarixli, NA00029938 nömrəli qərarının ləğv edilməsi və ona Rusiya Federasiyasının Dağıstan Respublikasının Dağıstan Təhsil və Mədəniyyət Akademiyası tərəfindən verilmiş 130505 ******* nömrəli diplomda göstərilən ixtisasın xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında Şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dağıstan Təhsil və Mədəniyyət Akademiyasının hüquqşünaslıq fakültəsini qiyabi formada bitirmişdir. Ölkədən kənarda ali təhsil almağına səbəb hüquq fakültəsinin illik təhsil haqqının ölkədəki universitetlərlə müqayisədə daha aşağı məbləğdə olmasıdır. Həmin ölkənin ərazisində az olmağına səbəb maddi imkanının aşağı olması ilə əlaqədar olmuşdur. Yəni bir neçə günlük yemək və yataq xərclərini qarşılamağa maddi imkanı yox idi. Bu halı 1-ci kursda oxuduğu vaxt ali məktəbin rəhbərliyinə bildirərək ona güzəşt edilməsini xahiş etmiş və rəhbərlik xahişini nəzərə almışdır. Lakin hər il həm qış, həm də yay sessiyalarında qısa müddətdə də olsa iştirak etmişdir. Akademiyanı 2018-ci ildə bitirmişdir. Həmin vaxt xarici diplomların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən həyata keçirilirdi. Diplomun əlavəsini (qiymət cədvəli) itirdiyi üçün ötən müddət ərzində diplomun tanınması ilə bağlı müraciət edə bilmirdi. Lakin onunla eyni müddətdə oxuyanlar, yəni Dağıstan Respublikasının ərazisində onunla eyni saylı günlərdə qalan şəxslər əvvəlki Qaydaların qüvvədə olduğu müddətdə müraciət etmiş və onların təhsil sənədləri nostrifikasiya edilmişdir. Çünki əvvəlki Qaydalarda ərizəçinin təhsil aldığı ölkənin ərazisində olmaqla bağlı hər hansı bir müddətlə bağlı tələblər mövcüd deyildi. Buna görə də hesab edir ki, diplomu 2018-ci ildə aldığı üçün həmin il təhsilini başa vuran digər tələbələr kimi, onun da diplomunun tanınmasında təhsil aldığı ölkənin ərazisində qısa müddətdə olmağı tanınmadan imtinaya əsas olmamalıdır. Ali Məhkəmənin oxşar məsələlərlə bağlı tanış olduğu qərarlarında (xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2284\2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1819/2023 nömrəli) məhkəmənin mövqəyi bundan ibarət olmuşdur ki, tələbənin təhsil aldığı müddət, həmçinin tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid məsələdir. Həmçinin, tələbənin tədris yükünü yerinə yetirdiyi halda Agentliyin diplomun tanınmasından imtina etməsi tələbələrin hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Buna görə də Ali Məhkəmə bir çox qərarlarında Agentliyin oxşar məsələ ilə bağlı diplomların tanınmasından imtina barədə qərarlarını ləğv edib və Agentlik qarşısında xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması haqqında Şəhadətnamə verilməsi öhdəliyini qoymuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2013/2014-cü tədris ili üzrə - 4 gün, 2014/2015-ci tədris ili üzrə - 2 gün, 2015/2016-cı tədris ili üzrə - 1 gün, 2016/2017-ci tədris ili üzrə - 1 gün, 2017/2018-ci tədris ili üzrə - 7 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12004/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, faktiki tədris yükünü yerinə yetirdiyi halda, təhsil aldığı ölkənin ərazisində az müddətdə olmağına görə iddianın təmin edilməməsi onun təhsil hüquqlarının pozulmasına səbəb olmuşdur. Təhsil aldığı müəssisə tərəfindən ona verilmiş diploma əlavədə təhsil aldığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyi, diplom işini yazmağı, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə verməyi öz əksini tapmışdır. Yəni təhsil aldığı ali məktəbin normativləri baxımından tədris proqramının mənimsəməyi və tədris yükünü yerinə yetirməyi ali məktəb tərəfindən məqbul qiymətləndirilmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tədris verən ali məktəbin qiymətləndirilməsini deyil, cavabdeh Agentliyin qiymətləndirilməsini üstün tutmuşdur. Faktiki olaraq ali təhsilli olduğu halda məhkəmə təhsil hüququnu tanımamışdır. Birinci instansiya məhkəməsinin bir mövqeyi də ondan ibarət olmuşdur ki, o, diplomunu alan il qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarına əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olması mənfi rəyin verilməsi üçün əsas sayılır. Bu qayda o halda tətbiq edilə bilərdi ki, Azərbaycanda bakalavr təhsilinin müddəti qiyabi formada 5 il olduğu halda o, xaricdə 4 il təhsil almış olsaydı. Halbuki o, Azərbaycan qaydalarına uyğun olaraq 5 il təhsil almışdır. Buna görə də məhkəmənin mövqeyi ilə razı deyil. Yuxarıda qeyd etdiyi Qərarın tələblərinə əsasən diplomunun tanınması ilə bağlı mənfi rəyin verilməsinə səbəb olan hal yoxdur. Təhsil alınan ölkədə az müddətlə olmaqla əlaqədar cavabdehin imtina qərarları ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin bir neçə qərarları ilə tanış olarkən ona məlum olmuşdur ki, Ali Məhkəmə təhsil verilən ölkədə az müddətdə qalmaqla bağlı cavabdehin qərarlarını əsassız hesab etmiş və cavabdehin üzərinə diplomların tanınması öhdəliyini qoymuşdur. Lakin 1-ci instansiya məhkəməsi Ali məhkəmənin onun qeyd etdiyi qərarlarında göstərilmiş faktiki halları aydınlaşdırmamışdır. Faktiki hallar ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin gəldiyi nəticəyə əsasən tələbənin dərslərə davamiyyətini qiymətləndirmək ali məktəbin müstəsna səlahiyyətlərinə aid məsələdir. Birinci instansiya məhkəməsi qərarında öz mövqeyini qeyd edərək bildirmişdir ki, həmin ölkədə qısa müddət ərzində qalmaqla dərslərə davamiyyət etmədən iddiaçının tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Növbəti cümlədə isə “təhsil proqramının mənimsənilməsini şübhə altına alır” sözlərindən istifadə etmişdir. Halbuki, məhkəmə onun tədrisi qavramaq qabiliyyətinin hansı səviyyədə olduğunu bilmir. Digər tərəfdən, şübhə altına alınmış bir məsələ ilə bağlı sübutedici fakt olmadan məhkəmənin konkret mövqe bildirməsi ziddiyyətlidir. Qısa müddətdə tədrisi qavramaq qabiliyyətinin zəif olması məhkəmə tərəfindən sübut edilmədiyi halda tədris proqramını qısa müddətdə yerinə yetirməyinin qeyri-mümkün olması barədə məhkəmənin mövqeyi əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Rusiya Federasiyası Dağıstan Təhsil və Mədəniyyət Akademiyası tərəfindən verilmiş 22 iyun 2018-ci il tarixli 130505 ******* nömrəli Təhsil və İxtisas haqqında bakalavr diplomuna əsasən İddiaçı hüquqşünaslıq ixtisası üzrə bakalvar proqramını bitirmişdir. - İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət edib və cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “...ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur”. İşdən müəyyən olunur ki, iddiaçı 2013-2018-ci il müddətində Rusiya Federasiyası Dağıstan Təhsil və Mədəniyyət Akademiyasında “Hüquqşünaslıq” ixtisası üzrə təhsil almış və ona 22 iyun 2018-ci il tarixli 130505 ******* nömrəli diplom verilmişdir. Hazırkı iddia ilə bağlı cavabdehin etirazının dəlili iddiaçının tədris aldığı ali təhsil müəssisəsinə qanunvericiliklə tələb edilən müddətdən az getmiş olmasıdır. Bu baxımdan məhkəmə tərəfindən araşdırılmalı olan məsələ iddiaçının hansı müddət ərzində dərslərdə iştirak etmiş olması və qanunvericiliyin tələbinin nə olmasından ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2013/2014-cü tədris ili üzrə - 4 gün, 2014/2015-ci tədris ili üzrə -2 gün, 2015/2016-cı tədris ili üzrə -1 gün, 2016/2017-ci tədris ili üzrə - 1 gün, 2017/2018-ci tədris ili üzrə - 7 gün Rusiya Federasiyası ərazisində olmuşdur. Yuxarıda göstərilən müddətlərin qanunvericiliklə tələb edilən müddətlərin yarısından da az olması onu deməyə əsas verir ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan illik müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmaqla dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyrimümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Halbuki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.13. şərti tanınma – ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilinə) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçiyə ixtisasına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə mövcud əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verən akademik tanınma növü. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 8.1. Tanınmanın nəticələrindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdı. İstər iddiaçının təhsil aldığı müddətdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na əsasən, istərsə də, iddiaçının cavabdehə müraciət etdiyi vaxtdan bəri qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən şəxsin təhsil müddəti Azərbaycan Respublikasında nəzərdə tutulan təhsilin dövlət standartlarına uyğun olmalıdır. Belə ki, qüvvədən düşmüş qaydalara əsasən xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda bu mənfi rəy verilməsi üçün əsas sayılır. Eləcə də qüvvədə olan qanunvericiliyə əsasən bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) nəzərdə tutulur ki, Azərbaycan Respublikasında təhsilin normativ müddəti qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi halları baxımından iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyinə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunmadığına dair cavabdehin imtinası əsaslıdır. Belə ki, iddiaçı 2013/2014-cü tədris ili üzrə - 4 gün, 2014/2015-ci tədris ili üzrə -2 gün, 2015/2016-cı tədris ili üzrə -1 gün, 2016/2017-ci tədris ili üzrə - 1 gün, 2017/2018-ci tədris ili üzrə - 7 gün Rusiya Federasiyası ərazisində olmuşdur. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan illik müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmaqla dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2042/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında iddiaçının kassasiya şikayəti mümkünsüz edilmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2762/2023 nömrəli üç ulduzlu qərarı, habelə 2-1(102)-2946/2023 nömrəli, 2-1(102)-2546/2023 nömrəli qərarları). Beləliklə göründüyü kimi formalaşmış vahid məhkəmə təcrübəsi iddiaçının belə əsaslandırılmamış şikayətlərlə müraciət etməsini mümkün saymır”. Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12004/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12004/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1029/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1029/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver