Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-103/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-612/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 03 iyul 1995-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə qəbul olunmuş və 23 oktyabr 2019-cu il tarixədək həmin Komitədə müxtəlif vəzifələrdə işləmişdir. 23 oktyabr 2019-cu ildə o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1291Ş saylı əmri ilə gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etmək səbəbilə işdən çıxarılmışdır. Cavabdeh tərəfindən ona heç bir iş təklif olunmamış və o, heç bir işdən imtina etməmişdir. Xidmət etdiyi dövrdə 24 il ərzində heç bir ciddi tənbeh tədbirləri olmamışdır. İşlədiyi dövrdə həmişə əmək intizamına, Əmək Məcəlləsinin tələblərinə əməl etmişdir. Yaxşı işlədiyinə görə 14 avqust 2018-ci il tarixdə böyük inspektor vəzifəsinə təyin olunmuş, 2018-ci ilin noyabr ayında keçirilən attestasiya nəticəsində imtahanları müvəffəqiyyətlə vermişdir. Cavabdeh Əmək Məcəlləsini kobud surətdə pozaraq qanunsuz şəkildə onun işdən çıxarılması barədə qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş etiraza əsasən qərar qəbul etmişdir. Həmin etirazda cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə müəyyən olunmuş qaydalara uyğun olaraq guya o, işdən çıxarılmış, eyni zamanda Azərbaycan Respublikasının 768-İB saylı 1999-cu il 7 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati Ştat tədbirləri komitə sədrinin diskresion səlahiyyətlərinə aid olunduğundan işdən çıxarılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz məktubu qanunsuzdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı tələbi “onun işdən çıxarılması barədə cavabdeh inzibati orqanın 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi”ndən ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin əsası kimi istinad edilən halların iş materialları ilə sübut edilməməsinə, cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunauyğun olmasına, həmçinin əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi ilə bağlı əsasların olmamasına istinad edərək iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ № ******* saylı 11.12.1987-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.07.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilmiş, 12.03.1999cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və Gömrük Qaydalarının pozulması ilə Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə, 13.12.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə, 03.11.2007-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə, 15.10.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, 14.08.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, 24.07.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüşdür. 23.10.2019-cu il tarixdə isə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi/Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postu, Böyük inspektor) xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” səbəbi ilə 23 oktyabr 2019-cu il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən 23.10.2019-cu il tarixdə xitam verilmişdir. Apellyasiya baxışı zamanı 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrin verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi cavabdeh orqana təklif olunmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22.09.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı xidmətinə Komitədə təşkilatıştat tədbirləri olaraq xitam verilmişdir. Həmin əmr əsasında təşkilati-ştat tədbirləri olaraq İddiaçı Azərbaycan Respublikasının 768-İQ saylı 07 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada 3 ay müddətinə sərəncamda saxlanılmışdır. Ona sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından ona hər hansı digər vəzifə təklif olunmamışdır. Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 646 saylı 04 iyun 2012-ci il traixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) həmin Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Qeyd edilmiş inzibati aktların qanuniliyi şübhə doğurmur. Həmin inzibati aktlar maddi-hüquqi baxımından da qanunidir, çünki qəbul edildiyi vaxtda qüvvədə olan hüquq normalarının tələbləri Komitə tərəfindən gözlənilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətinə xitam verilərkən bu barədə əmrdə iki əsasa- “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” və “və ya həmin vəzifədən imtina etdikdə” əsasına istinad olunmuşdu. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən xidmətinə xitam verilmiş iddiaçıya münasibətdə qəbul edilmiş əmrdə göstərilən hər iki əsasla bağlı qeyri-müəyyənliyə, yəni iddiaçının xidmətinə xitam verilməsinin hansı əsasla bağlı olduğu məsələsinə aydınlıq gətirilməsi üçün apellyasiya instansiyası məhkəməsində araşdırma aparılmış və müəyyən olunmuşdu ki, iddiaçı Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada 3 ay müddətinə sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından ona hər hansı digər vəzifə təklif olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdə iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən müvafiq 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmr verilərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə istinad olunsa da, iddiaçının xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda”, “və ya həmin vəzifədən imtina etdikdə” səbəblərindən məhz hansı ilə 23 oktyabr 2019-cu il tarixdən xitam verilməsi konkret olaraq göstərilmədiyindən və nəticədə cavabdeh tərəfindən qeyri-müəyyənliyə yol verildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilməsi qərara alınmışdır. 11.01.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubla Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23.10.2019-cu il tarixli 1000/1291ş nömrəli əmrinə dəyişiklik edildiyi bildirilmiş və bununla bağlı Komitənin 29.12.2020-ci il tarixli 1000/666ş nömrəli əmrinin surəti təqdim olunmuşdur. Həmin əmrin məzmunundan müəyyən olunur ki, 23.10.2019-cu il tarixli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Qeyd olunmalıdır ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci bəndinə görə gömrük orqanlarının vəzifəli şəxsləri təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120.3-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyrimümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Həmin normaya görə, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Normanın hüquqi təhlili göstərir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə yalnız bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Belə ki, cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (gömrük orqanının vəzifəli şəxsi olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzubati akt sayıldığı üçün, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Lakin işdən görünür ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23.10.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu mənada, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin, qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmiş, bu qanunazidd hərəkətsizliyini, hətta, İPM-in 14.1-ci maddəsi ilə mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü qanunvericiliklə imperativ qaydada cavabdeh inzibati orqanın üzərinə qoyulmasına baxmayaraq, “İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.” kimi yanlış mövqe ilə bərkitməyə çalışmışdır. Bu kontekstdə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir. İMP-in “Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri” adlı 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Sadalanan normaların təhlili göstərir ki, inzibati mühakimə icraatı qaydasında baxılan mübahisələrdə zəruri sübutları toplamaq birinci instansiya məhkəməsinin tam (istisnasız) borcu olduğu halda, yuxarı instansiya məhkəməsi olan apellyasiya məhkəməsinin bu vəzifəsi nisbi xarakterlidir. Təsadüfi deyildir ki, qanunverici İPM-in 82-ci maddəsində sübutların apellyasiya məhkəməsi tərəfindən toplanmasından yox, bu yeni sübutların ona təqdim olunmasından bəhs etmişdir. Bu da özlüyündə o deməkdir ki, apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi olmasına istinad edərək ona təqdim olunan sübutları qəbul etməkdən, həmçinin, kassasiya instansiyasında olduğu kimi bu sübutları məzmunca müzakirə edib, onlara müvafiq hüquqi qiymət verməkdən imtina edə bilməz. İPM-in 82-ci maddəsində Məcəllənin 12-ci maddəsinə göndəriş edilməsi də apellyasiya instansiyası məhkəməsini zəruri sübutları toplamaq məsələsində birinci instansiya məhkəməsi ilə bərabərləşdirmir. Əgər belə bir halın mövcudluğu fərz olunsa idi, onda bu üç pilləli məhkəmə sistemi prinsipi ilə ziddiyyət təşkil edər, apellyasiya instansiyası məhkəməsinin yuxarı deyil də, növbəti məhkəmə kimi birinci instansiya məhkəməsinin yerinə keçərək, onu əvəz etməsi, sonuncunun isə formallığı anlamına gələrdi. Məhz bu yanlış münasibətin nəticəsidir ki, bir sıra işlərdə birinci instansiya məhkəmələri “apellyasiya instansiyası məhkəməsi ... işə ... sübutlar ... əsasında mahiyyəti üzrə tam həcmdə baxır” müddəasını səhv təfsir edərək, qanunvericiliklə onların bilavasitə əsas vəzifəsi kimi müəyyən edilmiş zəruri sübutları toplamaq borcunu bəzən görüntü üçün, bəzən tələmtələsik yerinə yetirmək, bəzən isə hazırkı işdə olduğu kimi heç yerinə yetirməməklə işin əsl məhkəmə tədqiqatını apellyasiya müstəvisinə köçürməyə cəhd edirlər. Bunun nəticəsində də apellyasiya instansiyası məhkəmələri birinci instansiya məhkəmələrinin əvəzinə onların işini görməyə məcbur edilərək, yuxarı instansiya məhkəmələri kimi öz əsl funksiyalarından uzaqlaşmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində qanunla onların üzərinə düşən əsas vəzifələrin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında mülki işlər üzrə apellyasiya icraatının hədlərinə dair dolğun və müfəssəl şərh verilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, “Apellyasiya institutu əksər dövlətlərin mülkiprosessual qanunvericiliyində öz əksini tapmış və onun iki növü nəzərdə tutulmuşdur: tam və natamam apellyasiya. Tam apellyasiya zamanı (Fransa, İtaliya) mövcud prosessual hüquqda nəzərdə tutulmuş apellyasiya icraatının əhəmiyyəti işə mahiyyəti üzrə yenidən baxılmasından, məqsədi isə məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Natamam apellyasiya zamanı (Avstriya, Almaniya) isə sübutetmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasındakı məhdudiyyətlər ölkəmizdə natamam apellyasiyanın olmasına dəlalət edir. Tam apellyasiyadan fərqli olaraq, natamam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz etmir, onun vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda: Həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə: Məhkəmə kollegiyası qeyd edir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə az yaxud çox ola bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası, həmçinin, bildirir ki, məhkəmə icraatı davam etdirilərkən birinci instansiya məhkəməsinin qərarında istinad etdiyi diskresionluğun nədən ibarət olması da mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.7-ci maddəsində diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi kimi açıqlanmışdır. Odur ki, inzibati orqanın diskresion səlahiyyətlərindən bəhs edə bilmək üçün onun mövcud mübahisə üzrə digər hansı qərarları da qəbul etmək səlahiyyətində olduğu və bu seçimdən sonra qəbul etdiyi yekun qərarın həmin situasiyada məhz ən düzgün qərar olduğu da hüquqi baxımından normalarla, faktiki baxımdan isə mötəbər dəlillərlə sübuta yetirilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-2025/2020 saylı 11.11.2020-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Bundan başqa qeyd olunmalıdır ki, 05.01.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və müddətin iş stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməli, işə birinci instansiya qaydasında təkrar baxılarkən bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə yanaşı, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin də qəbuledilənliyinin mümkünlüyü yoxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-103/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-103/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver