Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-103/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı (üçüncü şəxs: "xxxx" MMC) “sərəncamın ləğvi və kompensasiya ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı iş üzrə qəbul etdiyi 10 yanvar 2019cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehə (3-cü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdehin 06.03.2018-ci il tarixli 98 saylı “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının qanunsuz əlverişsiz inzibati akt kimi ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2-1(82)- 136/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, məhkəmə sübutları qərarda göstərmiş, lakin onları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırmamış, onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Azərbaycan Respublikasının mövcud qanunveriliciyinə, o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, yerli icra hakimiyyəti orqanlarının tikinti obyektlərinin sökülməsi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Deməli, Cavabdehin başçısı 06.03.2018-ci il tarixli 98 saylı Sərəncamı ilə normativ aktlarla onun səlahiyyətlərinə aid edilməmiş məsələlərlə bağlı inzibati akt qəbul etmişdir. Lakin inzibati məhkəmə icraatı zamanı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi qeyd olunan halları araşdırmamış, öz qərarının əsaslandırılması baxımından maddi hüquq normalarına düzgün istinad etməmiş, istinad etdiyi normaları isə düzgün tətbiq etməmişdir. Bundan başqa, məhkəmə Cavabdehin başçısının 06.03.2018-ci il tarixli 98 saylı Sərəncamının qanuniliyini əsaslandırarkən formal mülahizələrdən çıxış etmiş və məzmununu səhv izah etmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdehin başçısı tərəfindən 06.03.2018-ci il tarixdə sərəncamın qəbul edilməsi zamanı qeyd olunan razılaşdırmalar olmamışdır. Əslində həmin razılaşdırmaların həyata keçirilməsi "xxxx" MMC-yə həvalə edilsə də, sərəncamda göstərilən məsələlərə nəzarət edilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsi, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsinin, 1.5-ci bəndinə əsasən isə, görülmüş işlər barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilməsinin həyata keçirilməsi rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Həmin sərəncamın müvafiq qaydada qəbul edilməməsi və onun icrasına nəzarətin faktiki həyata keçirilməməsinə səbəb olmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının icra edilməməsi, yaxud lazımi qaydada icra edilməməsi nəticəsində "xxxx" MMC tərəfindən 2018-ci ilin may ayından etibarən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsünə başlanılmışdır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyi tərəfindən rəy (25995 saylı) isə artıq söküntü işlərinin həyat keçirilməsindən sonra 10.09.2018-ci il tarixdə verilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, həmin rəyin alınması söküntü ilə bağlı deyildir və Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyi tərəfindən rəy alınması ümumiyyətlə nəzərdə tutulmamış və tikinti şirkətinə həvalə edilməmişdir. Beləliklə, qəbul edilmiş qanunsuz əlverişsiz intibati akt nəticəsində qanunsuz və əsassız olaraq mülkiyyət hüquqlarını pozmaqla, onlara maddi və mənəvi zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən, habelə prosessual hüquq normalarının da tələbləri pozulmuşdur. Belə ki, məhkəmə öz qərarında onların iddiaçı olaraq əsaslandığı halları, gətirdiyi dəliləri qeyd etməklə kifayətlənmiş, onların araşdırılmasını təmin etməmiş, qiymətləndirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03.06.2019-cu il tarixli 2-1(103)-924/2019 saylı qərarı ilə iddiaçıların apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı 10 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçılar tərəfindən kassasiya şikayəti verilərək Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-924/2019 saylı 03 iyun 2019-cu tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.11.2019-cu il tarixli 2-1(102)-2741/2019 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-924/2019 saylı 03 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09.09.2020-ci il tarixli, 2-1(103)-278/2020 saylı qərarı ilə iddiaçıların apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı 10 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.02.2021-ci il tarixli 2 2-1(102)- 315/2021 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 09 sentyabr tarixli, 2-1(103)- 278/2020 nömrəli qərarı ləğv edilmiş, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin (qarajların) sökülməsinə aid hissədə ləğv edilmişdir. İş qalan hissədə təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, təkrar apelyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin qərarının “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, bu mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçılara kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə yoxlanılması olmuşdur. Sonradan təkrar apelyasiya baxışı zamanı iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə icraata qəbul edilərək, iddia tələbi “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması, hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkdiyimiz bütün xərclərə (vəkil xərcləri 1200 manat, ekspertiza xərci 501 manat, bu müddət ərzində keçirilmiş 35 iclas üçün nəqliyyat xərcləri 350 manat, rüsumlar 16 manat, printer xərcləri 100 manat, ümumilikdə 2167 manat) və qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh tərəfindən hər bir iddiaçıya 10.000 (on min) manat (ümumilikdə 20.000 manat) ödənilməsi” kimi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 20.04.2022-ci il tarixli 2-1(103)-103/2022 saylı qərardadı ilə iddia tələbi “qanunsuz əlverişsiz inzibati aktın nəticələrinin yaratdığı mənəvi zərərə görə cavabdeh tərəfindən hər bir iddiaçıya 10.000 (on min) manat (ümumilikdə 20.000 manat) ödənilməsi” hissəsində mümkünsüz sayılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsində rədd edilməli, “hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkdiyimiz bütün xərclərə görə cavabdeh tərəfindən hər bir iddiaçıya müvafiq məbləğin ödənilməsi” hissəsində isə qismən təmin edilməlidir. İddia tələbinin “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsində rədd edilməsilə bağlı mövqeyini aşağıdakılarla əsaslandırır. İşdən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2008-ci il 31 may və 2016-cı il 10 mart tarixli texniki pasportlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 1956-cı məhəllədəki qarajlar sırasında 9 nömrəli qaraj (sahəsi 17,9 kv.m, tikinti altı sahəsi 23 kv.m) İddiaçı2, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19 saylı binanın arxasında, 2 saylı qaraj (sahəsi 15,6 kv.m, tikinti altı sahəsi 20,4 kv.m) isə İddiaçı1 qanuni istifadəsində olmuşdur. Hər iki iddiaçının adına tərtib edilmiş texniki pasportlara qeyri-yaşayış sahələrinin situasiya planları əlavə edilmişdir. Bakı şəhəri Cavabdehin 2018-ci il 06 mart tarixli, 98 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin tapşırıldığı nəzərə alınaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq bəndlərinin tələbləri rəhbər tutulmaqla aşağıdakılar qərara alınmışdır: - rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılmasi məqsədilə 1,422 ha torpaq sahəsi "xxxx" MMCnin daimi istifadəsinə verilsin; -rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yeni çoxmənzilli yaşayış və qeyriyaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilsin: "xxxx" MMC ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etsin; ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıqplanlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırsın; tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma əsaslandırılması və çoxmərtəbəli yaşayış binalarının memarlıq hissəsini razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınsın; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, baş plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətləri köçürülsün; rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsün. – Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Əliyar Əliyev küçəsi 22 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri sökülsün; - sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-ə müraciət edilsin; - bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Daha sonra Bakı şəhəri Cavabdeh tərəfindən 15.10.2018-ci il tarixli, 31 nömrəli icazəyə əsasən ünvan 1 ünvanında yerləşən 16 və 18 mərtəbəli yaşayış binalarının tikintisinə icazə, həmçinin tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. İş materiallarına Bakı şəhər Cavabdeh tərəfindən "xxxx" MMC-nin adına istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 2018-ci il tarixli ayrıc aktı əlavə edilmişdir. 2018-ci ilin may ayında iddiaçıların qanuni istifadələrində olan 2 və 9 saylı qarajlar "xxxx" MMC tərəfindən iddiaçılarla razılıq əldə edilmədən sökülmüş, lakin iddiaçılara bununla bağlı hər hansı kompensasiya məbləği ödənilməmişdir. İşdən göründüyü kimi, AR Ali Məhkəməsinin 2-1(102)-315/2021 saylı qərarı ilə Bakı şəhər Cavabdeh başçısının 06.03.2018-ci il tarixli, 98 nömrəli sərəncamı iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin (qarajların) sökülməsinə aid hissədə ləğv edilmişdir. İddiaçı isə ləğv edilmiş qanunsuz əlverişsiz inzibati aktın icrasının nəticələrinin aradan qaldırılmasını tələb edir. Məhkəmə kollegiyası ləğv edilmiş sərəncamın nəticələrinin aradan qaldırılması növündə iddia tələbinin mahiyyətini iddianın təmin ediləcəyi təqdirdə sökülmüş qarajların bərpa edilməsi kimi nəzərə alır. Apelyasiya baxışı zamanı əlverişsiz inzibati aktın qəbulu və icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasının düzgün təmin olunması baxımından iddiaçıların sahib olduğu qeyri-yaşayış sahələrinin (qarajlar) yerləşmiş olduğu koordinatların hazırda "xxxx" MMC tərəfindən tikintisinin aparıldığı binaların hüdudları daxilində yerləşib-yerləşməməsi, əgər yerləşirsə tam olaraq hansı hissədə yerləşməsi dəqiq müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, 1.11.2021-ci il tarixli, 10/4165 saylı ekspert rəyində qeyd edilmişdir ki, “... iddiaçıların adına tərtib edilmiş Texniki pasportlarda qeyd olunmuş qarajların "xxxx" MMC-nin adına tərtib edilmiş 02/18 №-li 2018-ci il tarixli Ayrıc Aktın cizgisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. ... sözügedən qeyri-yaşayış sahələrinin Bakı şəhəri Nərinamov Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 02/18 №-li 2018-ci il tarixli Ayrıc Aktında göstərilən ərazidə, "xxxx" MMC tərəfindən tikintisi aparılan binaların konkret hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmamışdır.” AR ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mütəxəssis rəyində isə qeyd edilmişdir ki, “İddiaçı2 adına və İddiaçı1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 2008- ci il 31 may tarixli və 2016-cı il 10 mart tarixli texniki pasportlara əlavə edilmiş qeyri-yaşayış sahələrinin (qarajların) situasiya planiarı miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməməsi,hündürmərtəbəli binaların tikilməsi səbəbindən və ərazinin situasiyası dəyişdiyindən sözügüdən plana əsasən ərazinin yerləşmə mövqeyini tam dəqiqliklə naturada təyin etmək mümkün deyildir. Lakin, 2008-ci ilin ortofoto görüntüsünə əsasən (sxem əlavə olunur) Bakı şəhər Cavabdeh Başçısının 06.03.2018-ci il tarixli, 98 saylı sərəncamı ilə "xxxx" MMC-yə "Yaşayış binasının tikintisinin layihələndirilməsi" məqsədilə ayrılmış 1.422 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ayrıc aktında göstərilən ərazdə tikinti işləri aparıldığına görə, iddia olunan qeyriyaşayış tikintilərinin (qarajların) "xxxx" MMC tərəfindən tikintisi aparılan binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı.” Digər tərəfdən, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-102/2020 saylı 04.03.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş əsas zərərin naturada, digər zərərin isə kompensasiya şəklində ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat digər hazırki inzibati işlə bağlı icraat yekunlaşana qədər dayandırılmışdır. Həmçinin, iş materiallarında olan Nərimanov rayon İcra Şöbəsinin 10.03.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14957/2019 saylı, 18.12.2019-cu il tarixli icra sənədinə əsasən, tələbkar İddiaçı2 "xxxx" MMC-nin ünvan 2 ünvan 1956-cı məhəllə) inşa etdiyi ilkin tikintisi başa çatacaq binalardan hər hansı birində sahəsi 23 kv.m-dən az olmayan qaraj verilməsi borclu "xxxx" MMC-nə həvalə edilmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş və iş materiallarında olan sənədlər əsasında iddiaçılara məxsus sökülmüş qarajların üçüncü şəxsə məxsus binaların tikildiyi ərazidə yerləşmiş olması müəyyən edilsə də, həmin qarajların məhz hansı hissədə yerləşmiş olmasını müəyyən etmək mümkün olmamışdır. Belə bir qeyri-müəyyənlik isə iddia tələbinin təmin edilməsi nəticələrinin realizəsini qeyri-mümkün etdiyindən, qanunsuz inzibati aktın icrasının nəticələrinin aradan qaldırılmasına aid hissədə iddia təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən vəkil xərcləri ilə əlaqədar - 054356 saylı qəbz (100 AZN), 054407 saylı (100 AZN), BPM**********65 saylı qəbz (151 AZN), BPM**********33 saylı qəbz (151 AZN), 10559 saylı qəbz (110 AZN); mütəxəssis rəyinin alınması ilə əlaqədar 23089 saylı qəbz (501 AZN) olmaqla, cəmi 1113 AZN ödəniş edilmişdir. İddiaçı1 tərəfindən isə 054408 saylı qəbz (100 AZN), 11788 saylı qəbz (101 AZN), **********14 saylı qəbz (101 AZN) və digər qəbzlərə əsasən cəmi, cəmi 402 AZN hüquqi müdafiə xərcləri üzrə ödəniş edilmişdir. Qeyd edilən xərcləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılar tərəfindən hüquqi müdafiə ilə bağlı çəkdilən xərclərə görə cavabdeh inzibati orqandan 1515 AZN tutularaq, İddiaçı2 1113 AZN, digər İddiaçı1 402 AZN ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçıların apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı iş üzrə qəbul etdiyi 10 yanvar 2019cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq, iddia tələbi “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsində rədd edilməli, “hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkilən bütün xərclərə görə ümumilikdə 2167 manat ödənilməsi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-136/2019 saylı iş üzrə qəbul etdiyi 10 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi “hüquqi müdafiə ilə bağlı hazırkı vaxtadək çəkilən bütün xərclərə (vəkil xərcləri 1200 manat, ekspertiza xərci 501 manat, bu müddət ərzində keçirilmiş 35 iclas üçün nəqliyyat xərcləri 350 manat, rüsumlar 16 manat, printer xərcləri 100 manat) ümumilikdə 2167 manat ödənilməsi hissəsində qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia tələbi “inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” hissəsində rədd edilsin. Bakı şəhəri Cavabdehdən 1515 (min beş yüz on beş) AZN tutularaq, İddiaçı2 1113 (min yüz on üç) AZN, digər İddiaçı1 402 (dörd yüz iki) AZN ödənilsin. Ekspert tədqiqatına görə 100 (yüz) manat xərc Bakı şəhər Cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-103/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-103/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver