Məhkəmə qərarları › İş №2-1(103)-103/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-103/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-103/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraj sahəsinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən qaraj sahəsinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 1994-cü il tarixdən istfadəsində olan qaraj sahəsinə texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 26 avqust 2022-ci il tarixli məktubla imtina verərək, göstərmişdir ki, yerləşmə cizgisinə istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin müəyyənləşdirmək mümkün olmadığından texniki pasportun tərtib olunması mümkün olmamışdır. Bildirir ki, 24 aprel 1994-cü il tarixdən həmin qaraj sahəsi hazırkı dövrə qədər istifadəsindədir. Binəqədi Rayon İcra Hakimiyyətinin 12 aprel 1994-cü il tarixli 617 saylı Sərəncamı ilə onun istifadəsinə qaraj sahəsi verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsinin razılığı ilə qeyd edilən qarajın qurulması ilə bağlı yerləşmənin sxemi razılaşdırılmışdır. Həmin qarajın yerləşməsi ilə bağlı sxem Binəqədi Rayon İHB-nın müavini və baş memarı ilə razılaşdırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi qeyd edilən dövrə dair sənədlərin doğruluğunu təsdiq etmişdir. Hesab edir ki, imtina əsassızdır və onun konstusion mülkiyyət hüquqlarına ziddir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Binəqədəi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsin 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşən qaraja dair texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı icraatının iştirakçıları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək olmur. Məlumat üçün qeyd edilmişdir ki, qaraj yaşaış binasının önündə, yaşıllıq ağacları olan ərazidə yerləşəir. Bundan başqa iddiaçının adına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının tikinti altı sahəsi sənəd üzrə 18 kv.m təşkil etsə də, faktiki sahəsi 44.1 kv.m təşkil edir. Tərəflərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, “..., “iddiaçının istifadəsində olan texniki pasport verilməsini tələb etdiyi qaraj ona qanuni əsaslarla ayrılmış və bununla bağlı hüquqmüəyyənedici sənədlərin bir nüsxəsi Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Eləcə də, cavabdeh imtina məktubunda sözügedən qarajın yaşayış binalarının həyətindəki yaşıllıq olan ərazidə yerləşdiyinə və yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənəd üzrə sahənin dəqiq yerləşməsini müəyyənləşdirmək mümükün olmamasına istinad etsə də, məhkəmə araşdırması zamanı sözügedən qarajın razılaşdırılmış cizgi əsasında 1994-cü ildən iddiaçının yaşadığı Binəqədi rayonu, 8-ci m.r N.Nərimanov küçəsi 19 saylı binanın qarşısında yerləşməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı sözügedən qaraja dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə hüquqmüəyyənedici sənədləri təqdim etmişdir ki, həmin sənədlər də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçının qeyd olunan qaraj üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.” Birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçının adına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi, qeyri-yaşayış binasının tikinti altı sahəsi sənəd üzrə 18 kv.m təşkil etsə də, faktiki sahəsi 44.1 kv.m təşkil etməsi ilə bağlıdır. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin obyektiv araşdırılması məqsədi ilə Kollegiyanın 2-1(103)-2135/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında sual olaraq Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 617 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı ayrılmış qaraj yerinin faktiki ümumi və tikinti altı sahəsinin müəyyən edilməsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/4010 nömrəli ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 617 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı ayrılmış qaraj yerinin faktiki ümumi sahəsinin 34,46 kv.m (5.53 x 6.23 m), tikinti altı sahəsinin isə 44,5 kv.m (6.33 x 7.03 m) olduğu müəyyən edildi. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1994-cü il tarixli, 617 saylı sərəncamından və həmin sərəncama əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, həmin sərəncama əsasən 8-ci mkr, 19 nömrəli binanın 73-cü mənzilində yaşayan İddiaçı əlavə edilmiş cizgi əsasında 6,0x3,0m ölçüdə qaraj yeri ayrılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ayrılmış qeyri-yaşayış binasının tikinti altı sahəsi sənəd üzrə 18 kv.m olsada, faktiki olaraq 44,5 kv.m-dir. Eyni zamanda qaraj yerinin faktiki ümumi sahəsinin 34,46 kv.m-dir. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsində yerləşən qaraj sahəsi vahid obyekt olduğundan, həmin obyektin bir hissəsinə, yəni 18 kv.m. hissəsinə texniki pasportun tərtib edilməsi də mümkün deyil. Qeyd edilənlərə əsasən Kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiacının texniki pasportun verilməsini tələb etdiyi faktiki ölcüsü 34,46 kv.m olan tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd olmadığından, cavabdeh haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4-daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəlləsinin; Maddə 14. Sübut etmə vəzifəsi ..... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12162/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar