Məhkəmə qərarları › İş №2-1(103)-1030/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1030/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1030/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)- 3645/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-3645/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 748 kvm torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin sahəyə aid plan və ölçünün tərtib edilməsini və daşınmaz əmlaka ünvan verilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaya dəqiqləşmə ərizəsi verərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində iddiaçı Huseynau Karamatın mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Belarus Respublikasının vətəndaşı Huseynau Karamat (17.05.2012-ci ilədək Azərbaycan Respublikasının vətəndaşı X4) 1972-ci ilin oktyabr ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi, 1991-ci ildən 2002-ci ilin iyun ayınadək isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 may 1988-ci il tarixli 189 saylı Fərmanına əsasən dövlət tərəfindən bəzi dövlət qurumlarına torpaq sahələri ayrılmışdır. 10 iyun 1988-ci il tarixdə tərkibində iddiaçının da olduğu daxili işlər orqanları əməkdaşı olan 110 nəfərlik şəxsi heyətə ümumi ərazisi 7,9 ha olan torpaq sahəsi ayrılmaqla bağçılıq təsərrüfatı təsis edilmişdir. 27 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hövsan qəsəbəsindəki “Abşeron” Bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri verilmiş bağçılıq üzvlərinin adlı siyahısında 8-ci sırada mənə 9 saylı 748 kvadratmetr sahəsində torpağın ayrıldığı bir daha təsdiq edilmişdir. Buna dair iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti üzvlərinin üzvlük kitabçası verilmişdir. Sözügedən torpaq sahəsi 1988-ci ildən etibarən iddiaçının faktiki sahibliyində olmaqla maneəsiz istifadəsində olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. 2012-ci ildə Belarus Respublikasının vətəndaşlığına qəbul edənədək artıq qüvvədə olan Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bağ sahəsinə dair hüquqlarının qeydə alınması üçün təqdim edilməsi tələb edilən sənədlər mövcud olmuşdur. Bununla cavabdeh tərəf iddiaçının mülkiyyət hüququnu və bunların əsasında verilmiş dövlətin sənədləri ilə yaranmış münasibətləri iddiaçının xeyrinə tanımalıdır. Digər tərəfdən işin faktiki hallarından biridə odur ki, mülkiyyət baxımından yanaşanda mülkiyyətin toxunulmaz olduğunu, məhkəmə qərarı olmadan heç kəsin mülkiyyətindən məhrum ola bilməyəcəyini AR Konsititusiyasından və Mülki Məcəlləsindən bilinir. Ancaq heç kəs avtomatik mülkiyyətindən məhrum ola bilməz. Belə olan halda isə iddiaçının sözü gedən torpaq üzərindəki mülkiyyət hüququ ləğv edilməyənə kimi dövlət tərəfindən tanınmalıdır və beləliklədə bu münasibətlər qeyri müəyyən qala bilməz. Həmçinin AR İXMnin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmçinində bu Məcəllənin 13-cü maddəsinə görədə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Aşağıda qeyd olunanlara əsasən iddiaçı hesab edirik ki, cavabdehin 28.01.2020-ci il tarixli imtinası əsassızdır və cavabdehin üzərinə İddiaçıya məxsus torpaq sahəsinə plan və ölçünün tərtib edilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair öhdəlik qoyulmalıdır. İddiaçının sözügedən bağa aid olan sənədlərindən aydın olur ki, bağ sahəsi iddiaçının faktiki qanuni istifadəsindədir və sərhədləri məlumdur. İddiaçıya ayrılmış sahə naturada ayrılaraq ona təhvil verilib və onun faktiki istifadəsindədir, döngə nöqtələri bəllidir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilikdə bağ sahəsinə dair hüquqların qeydə alınması üçün lazımi sənədlər mövcuddur ki, iddiaçı məhz bu sənədlər əsasında cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, cavabdehin əcnəbi olduğu üçün hüquqların qeydə alınmasından imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı müvafiq ünvanda yerləşən bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı 06.12.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı əcnəbi (Belarus vətəndaşı) olduğundan qanunvericiliyin tələblərinə əsasən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alına bilməz. Bundan əlavə, müvafiq torpaq sahəsi sənəd üzrə 748,0 kv.m qeyd edilsə də, faktiki olaraq 677,0 kv.m təşkil edir. Bundan başqa, İdarəyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsi daxil olmuşdur, lakin mübahisənin yekunlaşması barədə məhkəmə aktı İdarəyə daxil olmamışdır. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan sənədlər: -BLR BM ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Belarusiya Respublikasının vətəndaşıdır, 01.08.1955-ci il təvəllüdlüdür. -Abşeron şəhər X6 İcrayyə Komitəsi tərəfindən qəbul olunmuş 30 oktyabr 1987-ci il tarixli, 242.20 nömrəli qərarı ilə, kollektiv bağçılığın təşkili üçün Türkan üzümçülük sovxozundan 7.9 ha torpaq sahəsinin Azərbaycan SSR Daxili İşlər Nazirliyinə ayrılması qərara alınmışdır. -Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki “Abşeron” bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri ilə bağlı tərtib olunmuş 27 may 2011-ci il tarixli siyahıdan görünür ki, həmin siyahıda 8 nömrəsi altında 748 kv.m topraq sahəsi ünvan 2 ünvanında qeydiyyatda olan X3 ayrılmışdır. Həmin siyahı Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki “Abşeron” bağçılıq yoldaşlığının möhürü ilə təsdiqlənmişdir. Azərbaycan Respublikasının DİN Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti Üzvlərinin 1988-ci ilə aid üzvlük kitabçasından görünür ki, 1955-ci il təvəllüdlü X4 “Abşeron” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona № 9 sahədə 748 m2 həcmində torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatının “Abşeron” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib olunmuş 1989-cu ilə aid sxematik xəritədə 9 № sahə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Huseyinau Karamata ünvanlanmış 28 yanvar 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi sənədlə 748 kv.m göstərilsə də, faktiki olaraq 677 kv.m təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahəsini yalnız icarə hüququ əldə edə bildiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə İdarəyə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsi daxil olub, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində iddiaçının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası DİN-in tərəfindən torpaq sahəsinin ayrılmasını təsdiq edən 27 may 2011-ci il tarixli siyahı, Azərbaycan Respublikası DİN Mərkəzi Aparatı “Abşeron” Bağçılıq Cəmiyyəti üzvlərinin 1988-ci ilə aid üzvlük kitabçasını, 1989-cu ilə aid bağların sxematik xəritəsini və cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş təqdim edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmış, həmçinin, Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən müvafiq üzvlük kitabçası belə əsaslar sırasında nəzərdə tutulmuşdur Cavabdeh iddiaçının müraciətinə imtina edərkən 3 əsas gətirmişdir: Sənədlə göstərilən torpaq sahəsinin faktiki göstərilən sahə ilə fərqlilk təşkil etməsi; İddiaçı qismində çıxış edən İddiaçı əcnəbi vətəndaş olması səbəbi ilə mülkiyyət hüququn olmaması; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Suraxanı rayon məhkəməsinə iddia ərizəsinin daxil olması. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər (müvafiq üzvlük kitabçası və torpaq sahəsinin ayrılması ilə bağlı siyahı) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir və həmin sənədlərdəki qeydlər (məlumatlar) onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Bu qənaət həm də ondan irəli gəlir ki, iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 № bağ sahəsinin ayrılması Azərbaycan Respublikası DİN-in “Abşeron” bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri ilə bağlı tərtib olunmuş siyahıda və müvafiq üzvlük kitabçasında öz əksini tapmışdır. Sözügedən massivdə yerləşən 9 № bağ sahəsinin mövcudluğu isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi Aparatının “Abşeron” Bağçılıq Yoldaşlığı tərəfindən tərtib olunmuş sxematik xəritədə göstərilənlər əsasında təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının birinci hissəsinə münasibət bildirirək qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmetini təşkil edən bağ sahəsinin sənəddə göstərilən ölçülərin faktiki ölçüləri ilə ziddiyyət təşkil etdiyi bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri – kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirdikdə mərzçəkmə işləri aparılır. Birinci instansiya məhkəməsi qənaətinə görə, iddiaçının iddia etdiyi bağ sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüyə nisbətən az olması ilə bağlı cavabdeh tərəfindən mərzçəkmə işlərinin aparılması və ya elektron kadastr uçotu informasiya sisteminə daxil olmuş məlumat əsasında bağ sahəsinin ölçüləri ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda bağ sahəsinin ölçüləri ilə bağlı ziddiyyətliyinin sübuta yetirilməməsi səbəbi ilə, cavabdehin mülahizələrini əsassız sayılır. Məhkəmə bir məqadama da toxunur ki, hətta, bağ sahəsinin faktiki ölçüsü sənəddə göstərilən 748 kv.m-dən fərqli olaraq 677 kv.m təşkil etsə belə, iddiaçı tərəfindən həmin hal mübahisələndirilmir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasının ikinci hissəsinə münasibətdə bildirmişdir ki, yaranmış mübahisənin həlli məqsədi ilə, ilkin olaraq iddiaçının bağ sahəsi üzərində hüquqlarının hansı tarixdən yaranması halını müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, hüquq subyektliyi şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır. Hüquq subyektliyi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin məcmusunu təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Hazırki mübahisə üzrə, iddiaçı qismində çıxış edən İddiaçı hal-hazırda əcnəbi vətəndaş olsa da islahat aparılan zaman, o, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 2002-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyində işləmiş və işlədiyi dövrdə ona üzvlük kitabçası verilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçının bağ sahəsi üzərində ilkin hüquqları, onun Belarusiya vətəndaşlığını əldə etməmişdən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 4-cü bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Birinci instansiya məhkəməsinin qənaətinə görə xarici fiziki şəxslərin torpaq sahələri üzərində mülkiyyət hüquqları vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində əmələ gələ bilər, bu əqdlər nəticəsində onların hüquqları qeydiyyata alınmalı lakin qeydiyyat anından bir il müddətində özgəninkiləşdirilməlidir, iddiaçının əcnəbi fiziki şəxs olmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsi onun sahibliyinə və istifadəsinə Azərbaycan Respublikası vətəndaşı olduğu zaman verildiyindən, cavabdehin imtinasında göstərilən ikinci dəlili də əsassızdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasında göstərilən üçüncü dəlil ilə bağlı isə bildirmişdir ki, ümumiyyətlə həmin məsələnin hazırki mübahisə ilə səbəbli əlaqəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdeh inzibati orqan həm etirazda, həmçinin də, imtina məktubunda yalnız Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Suraxanı rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin olmasını qeyd edir. Halbuki, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı dəfələrlə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Suraxanı rayon Məhkəməsində qaldırılmış iddia üzrə proses iştirakçıları barəsində, həmçinin mübahisənin mülki, cinayət və ya inzibati xəta ilə bağlı olmasına dair məlumat verilməsi cavabdehə həvalə edilsə də, bununla bağlı mötəbər dəlil məhkəməyə təqdim olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinə əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 9 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir, cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi isə formal mülahizələrə əsaslanaraq iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşmır. İşdə olan 17.05.2012-ci il tarixdə verilmiş BLR BM ******* saylı pasportun surətindən görünür ki, 01.08.1955-ci il təvəllüdlü İddiaçı Belarusiya Respublikasının vətəndaşıdır. Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. “Torpaq islahatı haqqında” Qanunun 4-cü maddəsinə görə, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Göründüyü kimi, qanunvericilik torpağın xüsusi mülkiyyətə verilməsi üçün şəxslərin dairəsini konkret müəyyənləşdirmişdir. Xarici vətəndaşlar torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-3645/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94, 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2-1(112)-3645/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi barədə iddia tələbi rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar