Məhkəmə qərarları › İş №2-1(103)-1030/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1030/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1030/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 27 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra cavabdeh) 860 saylı, xx.xx.1995-ci il tarixli Sərəncamı ilə 3 ədəd fərdi ev tikmək üçün hər biri 600 kv.m olmaqla torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam əsasında 5 №-li İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin xx.xx.1995-ci il tarixli, 6 saylı məktubuna və həmkarlar təşkilatının 6 saylı protokolunda göstərilən siyahı Səbail Rayon İH başçısının 1029a №-li, xx.xx.1995ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Sərəncamın 1.1- ci bəndinə əsasən Məcidov Mövlama fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən Sərəncam əsasında Səbail RİH-nin Təsərrüfat Şöbəsinin müdiri və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1666 №-li torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Daha sonra Səbail RİH başçısının xx.xx.1998-ci il tarixli, 1384 №-li Sərəncamı ilə xx.xx.1995-ci il tarixli 1029a saylı Sərəncama dəyişilik edilərək Mövlam Məcidova ayrılmış 600 kv.m torpaq sahəsi X1 adına sənədləşdirilmişdir. Sərəncama dəyişiklik edilməsinin əsası kimi Mövlam Məcidovun razılıq ərizəsi və Gülşən Vəliyevanın torpaq sahəsinə tələbatının olması göstərilmişdir. Bundan sonra qeyd edilən torpaq sahəsinə dair Gülşən Vəliyevanın adına mülkiyyət hüququnu əks etdirən Şəhadətnamə verilmişdir. Yuxarıda qeyd edilən Sərəncamın mövcudluğu barədə Mövlam Məcidov məlumat əldə etdikdən sonra X2, Cavabdehnə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi Səbail RİH-nin xx.xx.1998-ci il tarixli Sərəncamının və xx.xx.2004-cü il tarixli JN seriyalı 16665D saylı torpağın mülkiyyətə verilməsinə dair Gülşən Vəliyevaya məxsus Şəhadətnamənin etibarsız hesab edilməsindən ibarət olmuşdur. Səbail rayon Məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Səbail RİH-nin xx.xx.1998-ci il tarixli Sərəncamı və xx.xx.2004-cü il tarixli İN seriyalı, 16665D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, Mövlam Məcidovun pozulmuş hüquqları məhkəmə aktlarına əsasən bərpa edilmişdir. Daha sonra Gülşən Vəliyeva Bakı İnzibati Məhkəməsinə adıçəkilən Sərəncam əsasında qeyd edilən torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Daha sonra 3cü şəxslərin ərizəsi əsasında Bakı İnzibati Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarını ləğv etmiş və işə yenidən baxılan zaman iddia ərizəsi geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilmişdir. Bütün bu məhkəmə mübahisələrindən sonra Mövlam Məcidov xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bundan sonra iddiaçı Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək Mövlam Məcidovun vərəsəsi olmasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Şəhadətnamə əldə edildikdən sonra qeyd edilən torpaq sahəsinə dair atasının mülkiyyət hüququnun məxsusluğu barədə arayış əldə edilməsi üçün DƏDRX-ə müraciət edilmişdir. Həmin müraciət təmin edilməmiş və imtina cavabından Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi verilmişdir. İşə Bakı İnzibati Məhkəməsində baxılan zaman xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Gülşən Vəliyeva tərəfindən məhkəməyə Səbail RİH başçısının xx.xx.2011-ci il tarixli 27 №li Sərəncamı təqdim edilmişdir. Həmin sərəncama əsasən Səbail RİH başçısının 1029a saylı xx.xx.1995-ci il tarixli Sərəncamının 1-ci bəndinin 1.1-ci yarımbəndi (Mövlam Məcidova aid hissə) ləğv edilmişdir. Hesab edir ki, Səbail RİH başçısının xx.xx.2011-ci il tarixli, 27 saylı Sərəncamı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, həmin Sərəncamda qeyd edilən torpaq sahəsinin ayrılması göstərilsə də, ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilib faktiki olaraq verilməməsi qeyd edilmişdir. X7 Səbail Rayon Məhkəməsində xx.xx.2009-cu il tarixində keçirilmiş məhkəmə iclasında izahatında qeyd etmişdir ki, 1995-ci ildə Səbail RİH-nin Sərəncamı ilə ona fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Həmin vaxt iş icraçısı işləyərkən onunla birlikdə işləyən Ədalət adlı fəhləyə onun xahişi əsasında həmin sərəncamı vermiş, sonra torpaq və sərəncam ilə maraqlanmamış, torpağın harada yerləşməsi barədə məlumatı olmamış, ondan istifadə etməmiş, hasara almamışdır. Cavabdeh belə qənaətə gəlmişdir ki, mülki mübahisəyə baxan apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən məhkəmə aktları qəbul edilən zaman 1995-1995-ci illəri ərzində Mövlam Məcidovun torpaq sahəsinin faktiki olaraq olmadığı məsələsi nəzərə alınmamışdır. Həmçinin Badamdar qəsəbə nümayəndəliyinə edilmiş müraciətlə əlaqədar verilmiş 09 saylı xx.xx.2011-ci il tarixli məktubda müəyyən olunmuşdur ki, vətəndaş Mövlam Məcidova ayrılmış torpaq sahəsinə eskiz cizgisinin çəkilməsi barədə qəsəbə nümayəndəliyində hər hansı bir sənəd yoxdur. Qeyd edilənlərin və torpaq sahəsinin faktiki olaraq olmadığı nəzərə alınaraq belə bir Sərəncam qəbul edilmişdir. İlk növbədə adıçəkilən sərəncamın 2-ci bəndində qəbul edilmiş sərəncamın vətəndaşa da göndərilməsi nəzərdə tutulsa da həmin sərəncamdan yalnız xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında məlumatı olmuşdur. Daha sonra Sərəncamın həqiqiliyini araşdırmaq üçün tərəfindən Dövlət Arxivinin Bakı Filialına müraciət edilmiş və həmin müraciətə verilmiş xx.xx.2024-cü il tarixli məktub əsasında Sərəncamı rəsmi olaraq əldə etmişdir. Bu əsasdan hesab edir ki, iddiaçı tərəfindən inzibati akt mübahisələndirilən zaman iddia müddəti ötürülməmişdir. Buna görə də hazırkı iddia mümkün sayılmalıdır. Torpaq sahəsinin mövcud olmaması və cizgisinin mövcud olmaması ilə əlaqədar olaraq iddia ərizəsində qeyd etdiyi kimi Səbail RİH başçısının Badamdar qəsəbə nümayəndəliyinin 136 №-li, xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, belə bir cizgi həqiqətən də mövcuddur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-9704/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Mövlamoviç iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli, 09 saylı Sərəncamının ləğv edilməsinə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı hesab edir ki, adıçəkilən qərardad ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin aparıpması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə iddianı qeyri-mümkün sayarkən hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üzrə tələb irəli sürüldüyündən həmin tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan sərəncamın iddiaçının mərhum atasına təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, iddiaçı (və ya atası) qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, yuxarıda sadalanan hallardan görünür ki, iddiaçının atasına 1995-ci ildə torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin üzərində sahiblik hüququnu həyata keçirmək üçün Səbai RİH və Gülşən Vəliyeva tərəfindən müxtəlif formada maneələr mövcud olmuş və iddiaçının atası demək olar ki, bu zaman kəsiyində öz pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi ilə məşğul olmuşdur. Bütün məhkəmə mübahisələri bitdikdən sonra iddiaçının atası vəfat etmiş və onun oğlu tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün DƏDRX-nə müraciət edilmiş, həmin mürcaiətin təmin edilməsindən imtina edilmiş və bundan sonra hazırkı iş üzrə iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDRX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin işə baxılan zaman iddiaçının atasına torpaq sahəsinin ayrılması ilə əlaqədar verilmiş Sərəncamın ləğv edildiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən hazırkı tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, hazırda mübahisə predmeti olan Sərəncamın qəbul edilməsi zamanı istər iddiaçı, istərsə də iddiaçının mərhum atasının həmin inzibati aktdan məlumatı olmamışdır. Lakin işə baxan məhkəmə bu halı nəzərdən qaçırmşdır. Bundan başqa, işə inzibati məhkəmə icraatı qaydasında baxılan zaman iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə də verilmişdir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, həmin ərizə də təmin edilməməlidir. Ümumiyyətlə, hesab edir ki, pozulmuş mülkiyyət hüquqlarının bərpasına dair iddiaların verilməsi üçün qanunvercilikdə iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır. Bu prizmadan yanaşılsa, qaldırılmış hazırkı iddianın mümkün sayılmaması qanunauyğun olmamışdır. Həmin torpaq sahəsi üzərində hüquqların həyata keçirilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəyə dair qeyd olunmalıdır ki, adıçəkilən torpaq sahəsi halhazırda boş olmaqla heç kim tərəfindən istifadə olunmur. İddiaçıya və onun atasına münasibətdə torpaq sahəsindən istifadə etməmə ona görə baş vermişdir ki, Səbail RİH-nin və Gülşən Vəliyevanın davamlı şəkildə qanunazidd hərəkətlərinə qarşı iddiaçının mərhum atası məhkəmə qaydasında öz hüquqlarının bərpası ilə məşğul olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Cavabdeh başçısının «Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə» xx.xx.1995-ci il tarixli 1029a nömrəli sərəncamı ilə Mövlan Məcidova fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin sonradan Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 27 nömrəli sərəncamı ilə Bakı şəhəri Cavabdeh başçısının «Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə» 1029a saylı 06 aprel 1995-ci il tarixli sərəncamının İ bəndinin 1.1-ci yarımbəndi (Mövlan Məcidova aid olan hissə) ləğv edilmişdir. İddiaçı hazırda Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 27 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, «Mübahisələndirilən sərəncam 2011-ci ilin 31 yanvar tarixində qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli, 27 saylı Sərəncamı iddiaçının mərhum atasına təqdim edilməsi tarixi dəqiq müəyyən edilməsə də, iddiaçı (və ya atası) qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin sərəncamın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.». Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 27 nömrəli sərəncamının 2-ci bəndində sərəncamın surətinin Mövlan Məcidova göndərilməsi qeyd olunsa da, həmin sərəncamın Mövlan Məcidova təqdim edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərardadında da qeyd olunur ki, Cavabdeh Başçısının xx.xx.2011-ci il tarixli, 27 saylı Sərəncamının iddiaçının mərhum atasına - Mövlan Məcidova təqdim edilməsi tarixi dəqiq müəyyən edilmir. Ümumiyyətlə, xx.xx.1995-ci il tarixli sərəncam xx.xx.2011-ci il tarixdə ləğv edilərkən və bununla əlaqədar Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 27 nömrəli sərəncamı qəbul edilərkən Bakı şəhəri Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraatın aparılması, bu barədə Mövlan Məcidovun məlumatlarındırılması, onun dinlənilmə hüququnun təmin edilməsi və qəbul edilmiş qərarın ona təqdim edilməsi (və ya qəbul edilmiş qərar barədə məlumatının olması) hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarından isə görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-48- 2F/2-M-2316-8-2421/2024 nömrəli məktubla Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 27 nömrəli sərəncamı iddiaçıya təqdim edilmişdir. Bundan əvvəlki tarixlərdə iddiaçıya və ya onun atasına qeyd olunan sərəncamın təqdim edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2024cü il tarixdə hazırki iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqəlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, mübahisələndirilən sərəncam iddiaçıya və ya onun atasına təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının (və ya atasının) qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilməsini, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməməsini qeyd etsə də, iddiaçının (və ya atasının) qeyd olunan sərəncamın mövcud olmasından məlumatının olması, öz hüquqlarının pozulduğunu bilməsi və ya bilməli olması ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı mübahisələndirilən sərəncamdan məlumatı olduqdan sonra 30 gün keçməmiş hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən sərəncamın ləğv edilməsi tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün iddiaçı tərəfindən müddət ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qərardadda qeyd olunan əsasla iddianı mümkün saymamaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Eyni zamanda iş materiallarında olan X3 tərəfindən verilmiş üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə ilə bağlı ərizəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılarkən həmin ərizəyə baxılmalı olması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9704/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar