Məhkəmə qərarları › İş №2-1(103)-1031/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1031/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1031/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvana (evin nömrəsində) dəyişiklik edilməklə iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3491/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3491/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvana (evin nömrəsində) dəyişiklik edilməklə iddiaçının adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv eidlməsi və iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvana dəyişiklik edilməsi və yeni dövlət reyestrindən çıxarış verilməsi məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla İddiaçı (3 otaq) və X3 (3 otaq; ü/s - 94,1 kv.m, y/s - 62,8 kv.m, k/s - 31,3 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Bu səbəbdən də mövcud qanunvericiliyin tələblərinə əsasən fərdi yaşayış evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Bundan əlavə, İdarənin arxiv əsaslarında olan texniki pasporta əsasən paylı mülkiyyətdə olan yaşayış evinin iddiaçıya məxsus hissəsi digər payçı (X5) ilə eyni dam altında yerləşir və arakəsmə divarları ortaq divardan ibarətdir. İdarənin arxivində olan texniki pasportla bağlı əlaqəli sənədlər təqdim olunur. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış, iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, iddia tələbinin mümkünlüyü araşdırılmamış, İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsiziliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş, evin digər paylı mülkiyyətçisi X5 məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməmiş, qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf şikayəti müdafiə edərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı ünvan 1 ünvana dəyişiklik edilməsi və yeni dövlət reyestrindən çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin ona məxsus hissəsi ilə digər payçıya məxsus hissə bir dam altında yerləşir; yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir; konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvana (evin nömrəsində) dəyişiklik edilməklə iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın iddiaçı ilə digər şəxsin hal-hazırda paylı mülkiyyətində olması, həmin şəxslər arasında əmlak üzərində payların müəyyən edilməsi kimi hallar müəyyən edilməmiş, əksinə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla digər şəxs X6 mülkiyyətində olan daşınmaz əmlak yanaşı yerləşən müxtəlif daşınmaz əmlak sahələridir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin hallarından müəyyən olunur ki, X2 tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 30/1564 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, ev nömrə 7 İddiaçı və X6 xüsusi paylı mülkiyyətindədir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 1638 saylı arayışına əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 7 ünvanı şəxsi mülk kimi X4 məxsusdur, ünvan başqa ünvanlarla üst-üstə düşür. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli K-01 saylı məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 7 saylı fərdi yaşayış evi bələdiyyənin “Yerli vergilərin, ödənişlərin qeydiyyatı və yığımı İddiaçı adına açılmış şəxsi hesab kodunda sənədli kimi qeydiyyata alınmışdır. Şəxsi hesab kodunda əmlakın 100 kv.m., torpaq sahəsinin ölçüsü isə 175 kv.m kimi uçota alınmışdır. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 7 ünvanda yerləşən ev 1988-ci ildə paylı mülkiyyət kimi İddiaçı və X6 adlarına qeydiyyatdan keçmişdir. İddiaçı həmin ünvanın digər mülkiyyətçinin ünvanı ilə eyni olduğunu, faktiki olaraq ona paylı mülkiyyət hüququ üzrə məxsus olan evə ünvan verilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını mübahisələndirir. Cavabdeh isə sözügedən ünvanda yerləşən evin konstruktiv cəhətdən vahid olan bina olmaqla iki müstəqil əsas tikiliyə bölünə bilinmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 214.2-cü maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (mad. 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (mad. 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (mad. 220.3). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən qeyd edir ki, paylı mülkiyyətdə olan əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam bir qayda olaraq bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Paylı mülkiyyətçilərdən biri öz payının ayrılması üsulu və şərtləri haqqında digər payılı mülkiyyətçi ilə razılığa gələ bilmədikdə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Hazırki iş üzrə iddiaçının tələbi bilavasitə paylı mülkiyyətdə olan əmlaka dair öz payına münasibətdə yeni ünvanın verilməsi və oniun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, iddiaçının tələbi paylı mülkiyyətdə olan əmlaka dair sərəncam hüququnun həyata keçirilməsindən ibarət olmaqla digər paylı mülkiyyətçinin hüquqlarına toxunan hüquqdan irəli gələn tələbdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən məhkəmə tərəfindən yerində baxış protokoluna istinadən müəyyən etmiş və bu nəticəyə gəlmişdir ki, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 7 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyətçilər arasında faktiki bölünmüşdür. Halbuki, qanunvericilik hər bir paylı mülkiyyətçi ilə razılaşdırılmış və imzaları ilə təsdiq edilən əmlakın bölgüsü sxeminin təqdim edilməsini və ya payın naturada bölgüsü ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğunu tələb edir. Hazırki iş üzrə iddiaçı tərəfindən əmlakın real bölgüsünə dair hər hansı sübut cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş, istinad olunan maddi hüquq normalarının tələblərinə zidd nəticəyə gəlmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1.) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2.) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3.) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4.) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5.) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6.) bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə qənaətə gəlir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin paylı mülkiyyətçilər arasında real bölgüsü aparılmadığından və iddiaçının adına ayrıca çıxarışın verilməsi üçün zəruri olan sənədlər cavabdehə təqdim edilmədiyindən, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Cavabdeh apellyasiya şikayətində iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarına iddiaçıların məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə müvafiq ünvana dəyişiklik edilməsi və yeni dövlət reyestrindən çıxarış verilməsi ilə müraciət etməsini və həmin müraciətlər iddia tələbinin eyni olduğunu nəzərə alaraq şikayətin dəlili ilə razılaşmır və hesab edir ki, iddianın göstərilən səbəbdən mümkün sayılmaması üçün əsaslar mövcud deyil. Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və müvafiq fərdi yaşayış evinin digər payçısı X3 üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə qərarı maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3491/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvana (evin nömrəsində) dəyişiklik edilməklə iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar