Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1031/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi) və texniki rəy ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və ona qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 13.12.2017-ci il tarixli RX ******* nömrəli çıxarışa görə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,1 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində fəaliyət göstərən İdarələrarası Texniki Komissiyasının 12.09.2019-cu il tarixli 52 nömrəli qəbul aktına əsasən, iddiaçının müraciəti üzrə ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi 79,6 kv.m. təşkil edir. Ümumi sahədəki fərq mənzildə aparılmış təmir-bərpa və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Göstərilənləri nəzərə alaraq, komissiya iddiaçıya məxsus 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir. Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli “İddiaçı mənzilinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” sərəncamının surətinə görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən iddiaçıya məxsus Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, qeyri-yaşayış sahəsinə keçirilmişdir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 16.010.2020-ci il tarixli **********88 nömrəli bildirişində göstərmişdir ki, qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, texniki pasportda göstərilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş sahə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası bildirir ki, “mənzilin ümumi sahəsinin 79,6 kv.m. hesab edilərək, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair hissədə iddianın qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsi təşkil edir. Məhz həmin normada sadalanan sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilən əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı adıçəkilən normada təsbit olunan sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, RX ******* nömrəli çıxarışda əks olunan 52,1 kv.m. ilə hazırda qeydiyyatı tələb olunan 79,6 kv.m-in fərqi, yəni 27,5 kv.m. sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması və kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı belə bir sənəd kimi Nəsimi RİH başçısının 12.09.2019-cu il tarixli 150 nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda da 27,5 kv.m. sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Mübahisənin digər mühüm məqamı isə, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşməsidir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu kontekstdə, məhkəmə kollegiyası bildirir ki, şəxsin hər hansı əmlak hüququnu əldə etməsi yaxud bu hüquqa malik olmasından bəhs etmək üçün bu hüquq ilk növbədə qanunun müəyyən etdiyi hallarda və qaydada əldə olunmalıdır. Bu anlamda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İddianın “mənzilin ümumi sahəsinin 79,6 kv.m. hesab edilərək, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb, yəni “mənzilin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi artıq belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli mənzilin əlavə sahələri üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2921/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi 11 saylı evin 18 saylı mənzilinin ümumi sahəsi 79,6 kv.m. hesab edilərək, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1031/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1031/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver