Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1031/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 16 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəhərlənməsi ilə bağlı xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2-3235/2023 saylı və xx.xx.2023-cü il tarixli PHŞ-6-2/2- 3649/2023 saylı arayışların verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Cavabdehnə qarşı “arayışın verilməsi” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2023 saylı, xx.xx.2023-cü il qərardadının ləğv edilməsini, iddia tələbinə Bakı İnzibati məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd edilmişdir ki, “Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır”. Bildirmək istəyir ki, İddiaçı İmişli rayonunda qeydiyyatda olsa da, Bakı şəhərində yaşayır və hər 2 zəhərlənmə halında Azərbaycan Respublikası“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Cavabdehnə müraciət etmiş, bu səbəbdən də ona qarşı iddia qaldırmışdır. Özü Bakı şəhərində yaşadığı və şikayət edəcəyi təşkilat Bakı şəhərində yerləşdiyi üçün işə Bakı İnzibati məhkəməsində baxılmalıdır. Hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 8.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin maddəyə xx.xx.2021-ci il tarixli Qanunla edilmiş və xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialara aiddir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşdən görünür ki, iddiaçının hazırkı tələbi sağlamlıq vəziyyəti ilə bağlı arayışların təqdim edilməsindən ibarətdir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərmişdir, hansı ki, həmin hüquqi şəxsin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, yəni bütün ölkəni, o cümlədən İmişli rayonunu əhatə edir. Belə olan halda isə aydın olur ki, hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin, yəni iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, iddiaçının yaşayış yeri İmişli rayonu, İmişli şəhəri, Lətif Vəliyev küçəsi, ev 19-dur. Belə olan halda İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Şirvan İnzibati Məhkəməsi səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən İmişli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir kİ, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1031/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1031/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver