Məhkəmə qərarları › İş №2-1(103)-1031/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1031/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1031/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X2 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Cavabdeh 0.11.1984-cü ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. O, fərdi sahibkar kimi ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 5241,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı bildirir ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2024-cü il tarixə yaranan 5250,46 manat borcuna görə 16000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 5241,07 manat ödənilməmiş borcu qalmışdır.

4. Cavabdeh birinci intansiya məhkəməsində iştirak etməmiş, iddiaya dair münasibət bildirməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 5241 (beş min iki yüz qırx bir) manat 07 (yeddi) qəpik məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16000 (on altı min) manat məbləğində siyahıya alınmış əmlakı satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğin vergi borcunun ödənilməsinə yönəldilməsi və satışdan artıq qalan məbləğin Cavabdeh qaytarılması barədə qərar qəbul edilmişdir.

6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Elektron məhkəmə” kabinetinin xx.xx.2024-cü il tarixdə yarandığını nəzərə alaraq, keçirilən məhkəmə iclasları, o cümlədən yekun məhkəmə qərarından müvafiq qaydada məlumat almamışdır. O cümlədən, bu barədə xəbərdaredici xarakter daşıyan hər hansı bir məlumat (sms, məktub və sairə) verilməmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilməmiş, cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsində yerləşən 0.0166 ha sahəsində olan torpağın üzərində inşa olunmuş fərdi yaşayış evinin real bazar dəyərinin (200 000 manat) nə qədər təşkil etməsi müəyyən edilməmişdir. Sadəcə olaraq iddia ərizəsində göstərilmiş iddia tələbi təsdiq edilmişdir. Halbuki, qanunvericilikdə məhkəmənin də əmlakı qiymətləndirməsi imkanı nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin iddia ərizəsi üzrə borcu ilə əmlakın real qiymətinin uyğun olmadığı açıq aşkar görünür. Odur ki, iş üzrə müvafiq ekspertizası təyin edilməli, ekspert tərəfindən aydın şəkildə müvafiq ekspert rəyi verilməlidir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası tərəflərin iştrakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2 Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3 Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.10 Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

12.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 14 .Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 16.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 10-12-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 17.Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 5241,07 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 16000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılmasını tələb edir. 18.İş materiallarında olan cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2024cü il tarixinə 6883,20 manat vergi borcu olmuşdur. İddiaçı tərəfindən cavabdehə yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə elektron bildiriş göndərilərək vergi borcunun ödənilməyəcəyi təqdirdə əmlakının siyahıya alınacağı barədə xəbərdarlıq edilmişdir. Daha sonra iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən ********** qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,0166 ha torpaq sahəsi vergi borcunun ödəniməsinin təmin edilməsi məqsədilə iddiaçı tərəfindən siyahıya alınmışdır.

19. Eyni zamanda işin apellyasiya baxışı zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli və 05 fevral 2025-ci il tarixli sorğuya cavab məktublarından görünür ki, əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində araşdırılması məqsədilə əmlaka baxışın keçirilməsi üçün qiymətləndiriciyə şərait yaradılmalı və qiymətləndirmə üçün zəruri ola biləcək sənədlər təqdim edilməlidir. Lakin, sözügedən torpaq sahəsinin nominal dəyərinin müəyyən edilməsi üçün əraziyə baxış keçirilməmişdir. Yəni qeyd olunan torpaq sahəsinin nominal dəyəri müəyyən edilməmişdir. 20.Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə bildiriş göndərilməsinə baxmayaraq, borc məbləği ödənilməmiş və iddiaçı tərəfindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır.

21. Qanunvericiliyin normalarından göründüyü kimi əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 23.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 24.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 25.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10290/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar