Məhkəmə qərarları › İş №2-1(103)-1032/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1032/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1032/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 20.05.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək,ona 57 yaşı tamam olduğu tarixdən, yəni 13.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonunda doğulmuşdur. O, 02.10.1978-ci ildən 01.06.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti işləmişdir. 21.11.1979-cu ildən 28.11.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra 15.01.1982-ci ildən 21.12.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə, 04.02.1983-04.12.1990-cı ilə qədər RSFSR-nin “Kirovzavodu” İstehsalat Birliyində işləmişdir. Həmin zavodda 04.02.1983-cü ildən 01.03.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, 01.03.1984-cü ildən 13.05.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, 13.05.1988-ci ildən 23.06.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), 23.06.1988-ci ildən 10.10.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, 10.10.1989cu ildən 12.04.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, 12.04.1990-cı ildən 04.12.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi işləmişdir. RSFSR-dən qayıtdıqdan sonra isə 22.12.1990-cı ildən 31.08.1991-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində mədəni-kütləvi işçi vəzifəsində işləmişdir. Daha sonra ali təhsil almaq üçün Bakı Musiqi Akademiyasına daxil olmuş və 1991-ci ildən 1996-cı ilə qədər solo oxuma ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə ixtisasına uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, 12.04.1993-cü ildən 26.08.1999-cu ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra X2 artisti vəzifəsinə işləmişdir. 07.06.2000-ci ildən hazırkı vaxta qədər isə Azərbaycan Dövlət Filarmoniyasında X2 artisti vəzifəsində işləyir.01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də, daxil olmaqla 25 il 8 ay 10 gün ümumi iş stajı, 13 il 10 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajının bir qismini təsdiq edən Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən müvafiq arayış verilmişdir. “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrə dair isə güzəştli arayışın əldə edilməsi mümkünsüzdür. Belə ki, həmin Zavod sovet dövründə və RSFSR ərazisində fəaliyyət göstərmişdir. Lakin, zavodun fəaliyyəti əlvan metallurgiya sənayesinə aid olduğundan işlədiyi vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci bölməsinin 7.1-ci yarımbölməsinin “doğrayıcılar”, 7.2-ci yarımbölməsinin “qazanxana maşinistləri (ocaqçıları)” və “təmir çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşələrinə uyğunlaşdırılmalıdır. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni 13.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi 06.06.2020-ci il tarixli, **********53 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, yuxarıda sadaladığı kimi bütün hallarda ümumi və güzəştli iş stajı ona pensiya təyin olunmasına əsas verir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni 13.03.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh 24.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı isə 01.01.2006-cı il tarixinədək ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyildir. Belə ki, iddiaçının işləmiş olduğu peşələr güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir. 01.02.2021-ci il tarixində məhkəmənin dəftərxanası vasitəsilə iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə dair etirazı daxil olmuş, etirazda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş 03 may 1979-cu il tarixli, ИТ-İ seriyalı, № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü, orta təhsilli, İddiaçı 02.10.1978-ci ildən 01.06.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti, 15.01.1982-ci ildən 21.12.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə, 1991-1996-cı il tarixədək Bakı Musiqi Akademiyasında ali təhsil almış, 12.04.1993-cü ildən 26.08.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə X2 artisti vəzifəsində işləmiş, 07.06.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında X2 artisti vəzifəsində işləyir. - AB-İ seriyalı, 057964 nömrəli, 10 yanvar 1997-ci il tarixində, qeydiyyat 447, verilmiş diplomun ksero surətindən görünür ki, İddiaçı 1991-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş və 1996-cı ildə həmin Akademiyada solo oxumaq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 19 iyun 1997-ci il tarixli qərarı ilə ona musiqili teatr artisti ixtisası verilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Dövlət İmtahan Komissiyasının qərarının verilmə tarixi ilə iddiaçıya diplomun verildiyi tarix arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Dövlət İmtahan Komissiyasının qərarının verilmə tarixi 19 iyun 1997-ci il göstərilmişdir, diplomun verildiyi tarix isə 10 yanvar 1997-ci il göstərilmişdir, yəni qərarın verilmə tarixi diplomun verilmə tarixindən sonrakı dövrə aiddir. - M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş 160/10-k nömrəli, 09 oktyabr 2020-ci il tarixli izahlı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarından irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İncəsənətin xüsusi bölməsi olaraq, İddiaçı 12 aprel 1993-cü il tarixindən 14 sentyabr 1994-cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmiş və 07 iyun 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. Qanunvericilikdə nəzərdə tutulmuş İncəsənətin xüsusi sahəsində Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləməsi nəzərə alınaraq, həqiqətən o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 20 fevral 2020-ci il tarixli və 06 mart 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakılar qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Belə ki, iddiaçının 13.05.1988-ci ildən 23.06.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrikmontyoru), 23.06.1988ci ildən 10.10.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, 10.10.1989-cu ildən 12.04.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahının Vİİ bölməsi - Metallurgiya istehsalatı (əlvan metallurgiya) “, “Bişirmə velsləmə” adlanan 2-ci yarımbölməsində və “Xammalın və xəlitənin hazırlanması, Mis-kükürd zavodlarında və fabriklərində briketləşdirmə” adlanan 1-ci yarımbölməsində göstərilsə də, iddiaçının çalışdığı peşələrin qeyd edilən Bölməyə və yarımbölməyə aid olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı 12.04.1993-cü ildən 26.08.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə X2 artisti vəzifəsində işləmiş, 07.06.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında X2 artisti vəzifəsində çalışmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının çalışdığı xor artisti, X2 artisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş müvafiq Siyahısında isə yalnız peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu tarixdən, yəni 13.03.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar