Məhkəmə qərarları › İş №2-1(103)-1032/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1032/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1032/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə haqqı üzrə borcun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə haqqı üzrə borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2022 saylı 26 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış 2238 manat məbləğindəki icarə haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 3 ünvanında yerləşən 74,6 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 11371 nömrəli xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2238 manat məbləğində icarə haqqı üzrə borcu yaranmışdır. Cavabdehə müraciət edərək ölkə Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamından irəli gələrək, icarə haqqı üzrə borcun silinməsini xahiş etsə də, cavabdeh imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2022 saylı 26 iyul 2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən görünür ki, onun ünvan 3 ünvanında yerləşən 74,6 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 11371 nömrəli xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 2238 manat məbləğində icarə haqqı üzrə borcu yaranmışdır. Bu borcun yaranması səbəbi isə cavabdeh qurumun qanunsuz hərəkətləri olmuşdur. Cavabdeh orqan onun müraciəti əsasında həmin borcu silmək imkanına malik olsa da, onun tələbini təmin etməmiş və nəticə etibarı ilə hazırkı inzibati mübahisənin əsasını qoymuşdur. Həmçinin cavabdeh qurumun təqdim etdiyi məhkəmə qətnaməsi üzrə aparılmış mülki iş üzrə də məhkəmıə iclasında borc tələbi üzrə iddia tələbinin təmin edilməməsi üçün bu borcun qanunsuz olduğu sübut edilməli və bu halın da inzibati orqanla razılaşdırılması qeyd edilmişdir. Hesab edir ki, qərardad əsassız olduğu üçün ləğv edilməli və iddia tələbi mümkün hesab edilməlidir. Tərəflərin izahatları xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tələbi “xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə dövlət büdcəsinə yaranmış 2238 manat məbləğindəki icarə haqqı üzrə borcun silinməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iddiada silinməsini xahiş etdiyi icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsinin məhkəmə qətnaməsi ilə iddiaçının üzərinə qoyulmasına və iddiaçının həmin icra vərəqəsi üzrə borclu olmasına istinad edərək iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan Sabunçu rayon Məhkəməsinin 2(008)-1856/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X1 qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehdən 2238 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, həmin qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Beləliklə, iddiaçının hazırki iddiada silinməsini xahiş etdiyi icarə haqqı borcunun Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsi vəzifəsi məhkəmə qətnaməsi ilə iddiaçının üzərinə qoyulmuş və iddiaçı həmin icra vərəqəsi üzrə borcludur. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi cavabdeh inzibati orqanla onun arasında inzibati hüquq münasibətinin mövcud olması ilə bağlı olmadığından, hazırkı işə inzibati xarakterli mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2022 saylı 26 iyul 2022-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2155/2022 saylı 26 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar