Məhkəmə qərarları › İş №2-1(103)-1033/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1033/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1033/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı tutduğu vəzifəyə bərpa edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-611/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-611/2020 saylı qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən xx xxxxxxx 2019-cu il tarixli, 1000/1287Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Cavabdeh isə iddiaçının 16 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır. Həmçinin 2018ciilinaprelayındaattestasiyaimtahanındanda uğurla keçmişdir.İddiaçı xx xxxx 2019-cu il tarixdə üç ay müddətinə müəssisənin sərəncamına verilmiş, lakin təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, iddiaçını gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduğunu bəhanə edərək işdən əsassız çıxarılmışdır. İddiaçının öhdəsində yetkinlik yaşma çatmayan uşaqlarının olması, 16 ildən çox gömrük orqanlarında fasiləsiz, qüsursuz işləməsini, həyat yoldaşının məcburi köçkün olmasını və sair halları nəzərə alaraq ona üç ay müəssisənin sərəncamında oluğu müddətdə ixtisasına uyğun heç bir başqa iş təklif edilməmişdir. İddiaçı xidmətinə xitam verilərkən iddiaçıya işinə xitam verilməsi səbəbi deyilməmiş, hansı səbəbdən isə iddiaçını başqa vəzifəyə keçirilməsi mümkün olduğu halda işdən səbəbsiz və əsassız olaraq xx xxxxxxx 2019-cu il tarixli. 1000/1287Ş №-li əmr qəbul edilmişdir.Eyni zamanda iddiaçıya sərəncama götürüldüyü dövrdə başqa vəzifə təklif edilməmiş, iddiaçının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləməsi üçün heç bir şərait yaradılmamışdır. Qeyd edilən struktur bölmə üzrə vakant yerin olmaması səbəbini əsas gətirərək iddiaçının xidmətinə xitam vermişlər. İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır.İddiaçı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-611/2020 №-li qərarının ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsin əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. İş materialları müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru olmuşdur, cavabdehin 2019-cu il 23 oktyabr tarixli 1000/1287Ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Hazırda iddiaçı işdən azad olunmasının qanunsuz hesab edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsini, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab etmişdir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin preambulasına əsasən bu Əsasnamə Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydalarını və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətdiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İşdən göründüyü kimi, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinə görə, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin maddənin müddəlarına görə gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyrimümkün olmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi. Belə ki, cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DGK) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (gömrük orqanlarında xidmətə xitam verilməsini) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanlandığı şəxs (gömrük orqanının vəzifəli şəxsi olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (gömrük orqanlarında iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Lakin işdən görünür ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən xx.xx.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Eyni Məcəllənin 48.1-ci maddəsinə görə, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu mənada, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin, qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmiş, bu qanunazidd hərəkətsizliyini, hətta, İPM-in 14.1-ci maddəsi ilə mübahisələndirmə haqqında iddialarda sübutetmə yükü qanunvericiliklə imperativ qaydada cavabdeh inzibati orqanın üzərinə qoyulmasına baxmayaraq, cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi nəticəsinə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində öz (subyektiv) hüquqların AR Dövlət Gömrük Komitəsinin xx.xx.2019- cu il tarixli, 1000/1287Ş nömrəli əmri nəticəsində pozulduğunu göstərsədə, iddia tələbində onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə bərpa edilməsi və s. tələblər irəli sürmüşdür. Lakin iddiaçı onu əlverişsiz vəziyyətə salan həmin inzibati aktın ləğv edilməsinə dair tələb etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Yəni iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Hüquqların həqiqətən də pozulub-pozulmamadığı iddianın əsaslığı ilə bağlıdır. Mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsin əsasən sərəncama götürülməsi barədə xx.xx.2019-cu il tarixli 1000/805Ş nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi, həmin Əsasnamənin 120-ci maddəsinə əsasən işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli,1000/1287Ş saylı əmrin ləğv edilərək, əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqını, büdcədənkənar əlavələr fonduna yığılan yığımlardan aldığı əlavələrin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əvvəl tələb etdiyindən fərqli tələblər irəli sürmüşdür və onun tələbi əvvəlki ilə ehtiva olunmadığından apelyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilib baxıla bilməz. Həmin ərizəyə inzibati məhkəmə icraatı qaydasında birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-611/2020 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar