Məhkəmə qərarları › İş №2-1(103)-1033/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1033/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1033/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2021 10.11.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçının imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2021 saylı, 10.11.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2021 saylı, 10.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi , R.Allahverdiyev küçəsi, 7-ci döngədə yerləşən 2 mərtəbli , 5 otaqlı yaşayış sahəsi 101,2 kvadrat metr olan 4 otaqlı evdə 3 nəfərdən ibarət ailə tərkibi ilə yaşayır. İddiaçı ailə tərkibi ilə birgə həmin evdə qeydiyyatdadırlar. Həmin mənzilin sahəsi 101.2 kvadrat metr olmaqla yaşayış sahəsi üçün tam yararlıdır və iddiaçı yalnız ailəsi ilə birgə həmin evdə yaşayır. Bu səbəbdən iddiaçının müraciətinin müsbət həlli rayon İvra Hakimiyyəti tərəfindən mümkün olmamışdır. Həmçinin Binəqədi rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli qətnaməsi ilə “X4” Şirkətinin hazırki iş üzrə iddiaçı olan İddiaçı qarşı iddiası təmin edilərək, iddiaçının yaşadığı, özbaşına tikilmiş evin onun hesabına sökülməsi və evin yerləşdiyi torpaq sahəsinin Şirkətə qaytarılması qərara alınmışdır. Bu halda da, məhkəmə qətnaməsi icra edilməyənədək iddiaçının ərizəsinin müsbət həlli mümkün ola bilməz. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2021 saylı, 10.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali İxtisas Təhsilinin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “V.S.Çernomırdin adına X6 Universiteti”nin 9117 nömrəli, 27.09.2013-cü il tarixli arayışında qeyd olunmuşdur ki, 2011-ci ildə ali ixtisas təhsilinin dövlət təhsil müəsisəsi “X6 universiteti” adını ali ixtisas təhsilinin federal dövlət büdcə təhsil müəssisəsi “V.S.Çernomırdin adına X6 Universiteti”nə dəyişdirilmişdir. BRİHB-nin Xocasən İƏD tərəfindən verilmiş 289 nömrəli, 12.02.2021-ci il tarixli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 7-ci döngə, 4 saylı evdə yaşayır. Ailə tərkibi: 1965-ci il təvəllüdlü həyat yoldaşı X2 və 15.08.2003-cü il təvəllüdlü oğlu X1 ibarətdir. ƏƏSMN Dövlət Sosial Təminat Xidməti Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 03 dekabr 2015-ci il tarixli, 1666 nömrəli arayışına əsasən İddiaçı ÇAES İİ-ci qrup əlilliyə görə 11.03.2015-ci ildən ömrlük 130 manat Prezident təqaüdü alır. İddiaçı 28.01.2021-ci il tarixli ərizəsinə əsasən, O, Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək 3 nəfərdən ibarət ailəsinin yaşayış mənzili ilə təmin etmək üçün müvafiq ev növbəsinə qoyulmasını xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9-068 nömrəli, 19 fevral 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda qeyd olunmuşdur ki, yekun qanuni qüvvəyə minmiş məhkəmə qərarı rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra yenidən baxılacaqdır. ünvan 2.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X4” Şirkətinin iddiası təmin edilmiş, X2 və İddiaçı şirkətin saziş ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarlımaları, torpaq sahəsinin boşaldılaraq iddiaçı “ X4” Şirkətinin qanuni istifadəsinə qaytarılmağı qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9-068/3 nömrəli, 04 may 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulu Təpə yaşayış sahəsi, R.Allahverdiyev küçəsi, 7-ci döngə, ev 4 ünvanında iddiaçı və ailəsinə məxsus yaşayışa yararlı və adam sayına görə uçot normasından artıq fərdi yaşayış evi mövcuddur. Qanunsuz tikintinin sökülməsi barədə məhkəmədə araşdırma aparılması və bununla əlaqədər məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi icra olduqdan sonra baxılacağı bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyətinin 03/09-11-11/Ş-9/4-068/4-t/2 nömrəli, 10 iyun 2021-ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda ünvan 2.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı “X4” Şirkətinin iddiası təmin edilmiş, X2 və İddiaçı Şirkətin Saziş Ərazisi hüdudları daxilində 3 saylı mədənin 6-cı sahəsində inşa edilmiş özbaşına tikilidən çıxarlımaları, torpaq sahəsinin boşaldılaraq idiaçı “X4” Şirkətinin qanuni istifadəsinə qaytarılmağı qərara alınmış və qətnamə qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarının aidiyyəti qrum tərəfindən icra olunduqdan sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. Binəqədi rayon İcra Hakimiyyətinin 02/09-11-11/Ş-9/5-068/4-t/3 nömrəli, 17 iyul 2021ci il tarixli iddiaçıya ünvanladığı cavab məktubunda ünvan 2.2021-ci il tarixli məhkəmə qərarının aidiyyəti qrum tərəfindən icra olunduqdan sonra müraciətə yenidən baxılacağı qeyd olunmuşdur. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin 11.06.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi ilə Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)- 42/2021 saylı, 04.03.2021-ci il tarixli qətnaməsinin icraatına başlanılmışdır. ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçıya ünvanladığı **********3 nömrəli 04 oktyabr 2021-ci il tarixli, məktubda göstərilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 09 fevral 2021-ci il tarixli 01/09-11-31/169 nömrəli məktublarda İddiaçı adı qeyd edilməmişdir Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikasının Konstitusiyasının 43, 60,71-ci maddələrini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 48.1, 49.5, 50.1, 51.3, 53-cü maddələrini, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndini,6-cı maddəsini, «İnzibati icraat haqqında» AR Qanununun 1,15, 24.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı imtiyazlı kateqoriyalı müvafiq mənzil növbəsinə götürülməsi vəzifəsi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş İİ qrup əlilliyi müəyyən edilmiş şəxsdir.İddiaçı mənzilə ehtiyacı olduğundan onun müvafiq mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Sözügedən Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanun Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur Həmin Qanunun 6-ci maddəsinin 5-ci bəndində göstərilmişdir: “Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər: ... 5. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq.” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1. –ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz . Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olanvətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.” Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı yaşadığı evin mülkiyyətçisi deyil, nə onun nə də ailə üzvlərinin mülkiyyətində və ya qanuni istifadəsində torpaq sahəsi və ya yaşayış sahəsi yoxdur (iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdiklərinə görə, həmin evi qardaşı tikdirmiş və iddiaçı orada ailəsi ilə birlikdə sığınacaq tapmışdır). Belə olan halda iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilməlidir. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Yəni cavabdehin imtina məktublarında göstərilən əsaslar işin faktiki halları ilə təsdiqlənmir .Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9399/2021saylı, 10.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar