Məhkəmə qərarları › İş №2-1(103)-1033/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1033/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1033/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli e-2-1(112)-8324/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 nömrəli BTK tərkibində yerləşən 0,12 hektar “987D” saylı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 980 nömrəli Sərəncamına və həmin sərəncam əsasında verilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş istehsalat idarəsinin Bağlar təsərrüfatı idarəsinin Nardaran bağlar sahəsindəki 96 nömrəli kooperativinin 39 nömrəli orderinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 nömrəli BTK tərkibində yerləşən 0,12 hektar olan 987D saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı torpaq sahəsi ayrıldığı vaxtdan etibarən 30 ilə yaxın müddətdir ki, ona fasiləsiz, qanuni faktiki sahiblik edir. Torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 5.10.2022-ci il tarixində olmaqla 4 (dörd) dəfə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli və xx.xx.2022-ci il tarixli, **********40 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişlərinə əsasən, mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh imtina bildirişində göstərilən uyğunsuzluqlara dair hər-hansı əsaslandırma və ya sübut təqdim etməmişdir. Bu halda, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin, nəzərə alınmalıdır ki, bağların bölgüsünə dair sxematik xəritə Bağlar təsərrüfatının plan xarakterli daxili sənədi olub, özündə hər hansı bir uyğunsuzluğu ehtiva etməsi səbəbilə fiziki və hüquqi şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün hüquqi əsas ola bilməz. Cavabdeh imtina bildirişində torpaq sahəsinin Nardaran mişar yatağının ərazisinə düşdüyünü bildirsə də, Nardaran mişar yatağının ərazisində yataqların işlənilməsi ilə məşğul olan “X11” MMC-nin (VÖEN:**********) xx.xx.2022-ci il tarixli, 06 nömrəli məktubunda iddiaçının qanuni istifadə və sahibliyində olan 987D nömrəli bağ sahəsinin MMC-nin ərazisi ilə üst-üstə düşmədiyi və hər-hansı etirazının olmadığı bildirilmişdir. Cavabdeh həmçinin imtina bildirişində eyni BTK nəznində olan eyni nömrəli bağ sahəsinə başqa üçüncü şəxsin adına orderin mövcud olmasını qeyd etmiş, lakin torpaq sahəsinin ayrılması üçün hüquqmüəyyənedici sənəd və orderin verilməsi üçün əsas olan Bakı şəhər İcra Hakimiyyətinin digər üçüncü şəxsə eyni nömrəli bağ sahəsinin ayrılması barədə Sərəncamın mövcudluğu barədə məlumat verməmiş və hər-hansı əsaslandırma təqdim etməmişdir. Həmçinin, iddiaçı 30 ilə yaxın müddətdə torpaq sahəsinə heç bir maneəsiz qanuni istifadə və sahiblik etmiş, bu müddət ərzində hər-hansı üçüncü hüquqi və fiziki şəxs tərəfindən torpaq sahəsinə dair şifahi və yazılı iddia və ya tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağların bölgüsünə dair sxematik xəritədə “987D” nömrəsi öz əksini tapmamışdır. Həmçinin, idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni nömrəli bağ sahəsinə dair X2 adına order mövcuddur. Bundan başqa, təqdim edilən orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi Nardaran mişar daşı yatağının ərazisinə düşür. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli e-2-1(112)-8324/2023 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağların bölgüsünə dair sxematik xəritədə “987D” nömrəsi öz əksini tapmamışdır. Həmçinin, idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni nömrəli bağ sahəsinə dair X2 adına order mövcuddur. Bundan başqa, təqdim edilən orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi Nardaran mişar daşı yatağının ərazisinə düşür. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadı ilə iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X1 ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -- 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 146.2-ci madəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (maddə 15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (maddə 15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (maddə 15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (maddə 15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (maddə 15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (maddə 15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsindəki 96 nömrəli kooperativinin verdiyi 39 nömrəli orderdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 19 iyun 1996-cı il tarixli 980 saylı qərraına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 nömrəli BTK tərkibində yerləşən sahəsi 0,12 hektar olan 987D saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 980 №-li sərəncamından çıxarışdan görünür ki, Nardarandakı 987d №-li bağ 96 №-li BTK tərkibində İddiaçı istifadəsinə verilmişdir. - Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının ərizəsi təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsi Bağlar Təsərrüfatı İdarəsinin Sabunçu rayonu Nardaran bağlar sahəsindəki 0,12 ha torpaq sahəsinə 96 №-li BTK tərəfindən verilmiş 39 №-li orderin iş üzrə ərizəçi İddiaçı məxsus olması barədə hüqüqi əhəmiyyəti olan faktı müəyyən edilmişdir. - "X11" MMC-nin 06 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "987D" saylı bag sahəsi Nardaran yatağında fəaliyyət göstərən "X11" MMC-nin ərazisinə düşmür. Həmin bağ sahəsinin sənədləşdirilməsinə dair heç bir etirazı yoxdur. - Cavabdehdən alınmış xx.xx.2023-cü il tarixli **********85 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır. İddiaçı istifadəsində olan 987D saylı bağ olması iddia edilən torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətində olub, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və faktiki sahəsi 0.17495 hektardır. Elektron kadastr məlumat bazasında 96 №-li BTK-ya dair məlumatın olmaması səbəbindən iddia olunan torpaq sahəsinin Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.1996-ci il tarixli, 980 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ idarələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı idarəsi Nardaran bağlar sahəsi 96 nömrəli BTK tərəfindən verilmiş 39 saylı orderə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 №-li BTK nəzdində ümumi sahəsi 0.12 ha olan 987D saylı bağ sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan 0.17495 hektar torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən digər bağ sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən “Nardaran” əhəngdaşı yatağının şərti sərhədləri daxilində yerləşir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 nömrəli BTK tərkibində yerləşən 0,12 hektar “987D” saylı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindən ibarətdir. İddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdehin dəlillərinə görə bağların bölgüsünə dair sxematik xəritədə “987D” nömrəsi öz əksini tapmamışdır. Həmçinin, idarənin arxiv məlumatlarına əsasən eyni BTK nəzdində eyni nömrəli bağ sahəsinə dair X2 adına order mövcuddur. Bundan başqa, təqdim edilən orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi Nardaran mişar daşı yatağının ərazisinə düşür. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin “bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması” dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, bağların bölgüsü ilə bağlı sxematik xəritə ilə uyğunsuzluq iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Həmçinin, cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Digər dəlilə münasinətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərə görə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-ci il tarixli, 980 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ idarələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsi 96 nömrəli BTK tərəfindən verilmiş 39 saylı orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 №-li BTK nəzdində ümumi sahəsi 0.12 ha olan 987D saylı bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyətinin sərəncamı və order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Həmçinin, X2 adına orderin mövcudluğu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, arxiv sənədlərindən aydın göründüyü kimi həmin order Bakı şəhəri İcraiyyə Komitəsinin 30 avqust 1989-cu il tarixli 9/333 N-li qərarına əsasən 1912-ci il təvəllüdlü X3 ayrılmışdır. İnzibati işin araşdırılmış hallarından isə aydın olur ki, daha sonralar Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1996-ci il tarixli, 980 saylı qərarına əsasən İddiaçı bağ sahəsi ayrılmış, həmin qərar arxiv məlumatlarında aşkar edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis rəyi ilə də həmin arqumentlərin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri icra Hakimiyyəti Başçısının xx.xx.1996-ci il tarixli, 980 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ idarələrinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Nardaran bağlar sahəsi 96 nömrəli BTK tərəfindən verilmiş 39 saylı orderə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində 96 №-li BTK nəzdində ümumi sahəsi 0.12 ha olan 987D saylı bağ sahəsi elektron kadastr məlumat bazasına əsasən digər bağ sahələri ilə üst-üstə düşmür. Bağ sahəsi faktiki olaraq da iddiaçının istifadəsindədir. Bundan əlavə bağ sahəsinin Nardaran mişar daşı yatağının ərazisinə düşməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, "X11" MMC-nin 06 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "987D" saylı bag sahəsi Nardaran yatağında fəaliyyət göstərən "X11" MMC-nin ərazisinə düşmür, həmin bağ sahəsinin sənədləşdirilməsinə dair heç bir etirazı yoxdur. Göründüyü kimi, Nardaran mişar daşı yatağında fəaliyyət göstərən "X11" MMC bağ sahəsinin yatağın ərazisinə düşmədiyini bildirmiş, müayinə aktından da aydın olur ki, göstərilən bağ sahəsi iddiaçının istifadəsindədir. Hazırki məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququnun yaranmasını təkzib edən hallar müəyyən edilməmiş və iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyinə xələl gətirən hər-hansı hal aşkar edilməmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ümumilikdə qeyd edir ki, bu hallar iddiaçının təqsiri hesab edilə bilməz və formal olmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli e-2-1(112)-8324/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar