Məhkəmə qərarları › İş №2-1(103)-1033/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1033/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1033/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2- 1(112)-11262/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı ona məxsus olan “Mersedes Benz-320” markalı, **-XG-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı ünvanın ərazisində parklamaq üçün ona Fərdi parklanma talonunun verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11262/2024 saylı qərardadı ilə iddiaçının “iddiaçıya məxsus olan Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələrlə əlaqədar olaraq 1993-cü il tarixdə Zəngilan rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanda məskunlaşmışdır. Ona məxsus olan avtomobilini yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə Fərdi parklanma talonunun verilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmişdir. AYNA iddiaçının müvəqqəti məskunlaşdığı ünvanda deyil, işğaldan yeni azad olunmuş Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olduğunu əsas gətirərək ona Fərdi parklanma talonunun verilməsindən imtina etmişdir. Qeyd edir ki, iddiaçı Zəngilan rayonu, Vənətli kəndində daimi qeydiyyatda olmasına baxmayaraq, Hökumət portalında yaşayış yeri olaraq ünvan 1 ünvan qeyd edillmşdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. Bu səbəbdən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda olmayan şəxslərə fərdi parklanma talonun verilməsi qanunaziddir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2-1(112)-11262/2024 saylı qərarı ilə (hakim C.Ə.Quliyev) iddiа tələbi təmin еdilmiş, İddiaçı məxsus olan “Grand Cherokee” markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın (məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanının) ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2-1(112)-11262/2024 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinin Vİİ hissəsinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda heç bir bənddə “qeydiyyatda olan şəxslər” anlayışı öz əksini tapmamasına münasibətdə bildirilir ki, Qaydanın 2 nömrəli Əlavəsi olan ərizə nümunəsindən görünür ki, şəxs şəxsiyyət vəsiqəsində olan məlumatları qeyd etməklə yalnız qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun alınması üçün müraciət edə bilər. Göründüyü kimi, Qaunverici müvafiq qanunda birbaşa fərdi parklanma talonlarını məhz yaşayış yeri üzrə qeydiyyata olan şəxslərə verilməsi ilə şərtləşdirmiş, müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Nazirlər Kabineti də qeyd edilən Qanuna uyğun olaraq sözügedən Qərarı qəbul etmişdir. Lakin, məhkəmə özünün qəbul etdiyi qərarının məhkəmə əsaslandırması hissəsində iddiaçının ünvan 1 ünvanında müvəqqəti məskunlaşmasını qeyd etsə də və heç bir hüquqi aktda müvəqqəti məskunlaşmanın şəxsin yaşayış yeri kimi qəbul edilməsi kimi göstərilməməsinə baxmayaraq, AYNA-nın üzərinə İddiaçıya ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi öhdəliyini qoymuşdur. Digər tərəfdən də məhkəmə, məhz hansı hüquqi aktla iddiaçının məskunlaşdığı yerin onun yaşayış yeri kimi qəbul etməsini də, qərarda qeyd etməmişdir. Məhkəmə öz qərarında həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1 və 12-ci maddələrinə də istinad etmişdir. Qanunun 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəd sayılır. Göründüyü kimi, Qanunverici qeyd edilən Qanunla məhz qaçqınlara qaçqın vəsiqəsinin verilməsini və həmin vəsiqə ilə o cümlədən onların yaşayış yerinin müəyyənləşdirilməli olmasını qeyd etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd edildiyi kimi, iddiaçı qaçqın deyil, məcburi köçkündür. Yuxarıda qeyd edilən qanunlardan da göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşı olan, hal-hazırda məcburi köçkün olan iddiaçıya münasibətdə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanunu 12-ci maddəsinin hakim istinad etdiyi hissəsi tətbiq edilə bilməz. Yaşayış yerinin müəyyən edilməsi zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsi tətbiq edilməlidir və həmin hissəyə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hakimin qərarında qeyd etdiyi iddiaçının məcburi köçkün kimi müvəqqəti yaşadığı yer bina, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən onun olduğu yerdi. İddiaçının şəxsiyyət vəsiqəsindən görünür ki, onun yaşayış yeri Zəngilan rayonu, Vənətli kəndidir. Bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq vətəndaşa haqlı olaraq fərdi parklanma talonunun verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, məsələnin yeganə həlli - iddiaçının məcburi köçkün düşdüyü yerdən qeydiyyatdan çıxaraq, faktiki olaraq yaşadığı yer üzrə qeydiyyata düşməsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AA seriyalı 396581 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildə Zəngilan rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malik olmuş və Nəsimi rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhəri Nərimanov rayonu sektorunun 793 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Zəngilan rayonu, Vənətli kəndindən məcburi köçkün İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur və həmin şəhadətnamədə İddiaçı müvəqqəti olaraq ünvan 3 ünvanında qeydiyyatda olması göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11262/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “iddiaçıya məxsus olan Grand Cherokee markalı, **-SB-*** dövlət nömrə nişanlı avtomobilin yaşadığı ünvanın ərazisində parklamaq məqsədilə ödənişsiz əsaslarla parklanma yerinin ayrılması və fərdi parklanma talonunun verilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir. Cavabdeh tərəfindən qərardadın icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktub məhkəməyə göndərilmişdir. Həmin məktubda göstərilmişdir: “... Məlumat üçün bildiririk ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 14, mənzil 1 ünvanına 100 metr məsafədə P10447, P10448, P10449, P10461, P10462 və P10463 nömrəli ödənişli parklanma məntəqələri təşkil olunmuşdur. Lakin iddiaçının şəxsiyyət vəsiqəsində Zəngilan rayonu, Vənətli kəndi ünvanı qeyd edildiyindən və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən, İddiaçı fərdi parklanma talonunun verilməsi qeyri-mümkündür.” Göründüyü kimi, cavabdeh iddiaçının müraciətini təmin edilməsindən imtina edərkən, onun Zəngilan rayonu, Vənətli kəndindən məcburi köçkün olmasını, həmin ststusun hazırda qüvvədə olmasını və şəxsin Bakı şəhərinin Nərimanov rayonunun ərazisində müvəqqəti məskunlaşdığının Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmasını nəzərə almamışdır Məcburi köçkünlərin hüquqları Azərbaycan Respublikasının Konstitusiyası, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericilik fərdi parklanma talonlarının verilməsini şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyat ünvanı əsasında tənzimləyir. Lakin məcburi köçkünlərin qeydiyyat ünvanı onların faktiki yaşadıqları yeri əks etdirmədiyindən, bu tənzimləmə onlara münasibətdə qeyri-məntiqli və ədalətsiz nəticələrə gətirib çıxarır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Faktiki yaşadığı Bakı şəhərində fərdi parklanma talonu ala bilməyən məcburi köçkün üçün bu qayda Konstitusiyaya ziddir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşayış yeri onun şəxsiyyət vəsiqəsində göstərilən ünvandır. Lakin məcburi köçkünlər üçün bu norma real vəziyyəti nəzərə almır. Məcburi köçkünlərin faktiki yaşayış yeri Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən müəyyən olunur, lakin parklanma qaydaları bu reallığı tanımır. Bu yanaşmanın məcburi köçkünlərə tətbiqi onların gündəlik həyatında çətinliklər yaradır. Belə ki, Bakı şəhərində yaşayan məcburi köçkün olan iddiaçı avtomobilini burada saxlamalı olduğu halda, ona yalnız Zəngilanda – qeydiyyat ünvanı üzrə parklanmaq üçün talon verilməsi nəzərdə tutulur. Halbuki, Zəngilan, Laçın və digər işğaldan azad olunmuş rayonlara məcburi köçkünlərin tam miqyasda qayıdışı hələ reallaşmadığı üçün, bu rayonlarda avtomobil parklanması da real deyil. Belə olduğu halda, məcburi köçkünlərə yalnız bu ərazilərdə parklanma talonu vermək onların hüquqlarına ziddir və mənasızdır. Məcburi köçkünlərə tətbiq edilən qeyri-mütənasib yanaşma onların dövlət xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırır. Əgər məcburi köçkün Bakı şəhərində yaşayırsa, onun digər Bakı sakinləri kimi fərdi parklanma hüququ olmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətinə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin müvafiq bəndinin tətbiq edilməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız etmir. Belə ki, məcburi köçkünlərin yaşayış yeri, onların xüsusi hüquqi statusları nəzərə alınaraq müəyyən edilir. Azərbaycan Respublikasının qanunvericiliyi məcburi köçkünlərin yaşayış yerini həm faktiki məskunlaşma, həm də hüquqi qaydalar əsasında müəyyən edir. Məcburi köçkünlərin məcburi köçkün düşdükdən sonra dislokasiya yeri üzrə müvəqqəti qeydiyyata alınmaları mövcuddur və həmin qeydiyyat Dövlətin məcburi köçkünlərin sosial müdafiəsinin daha da gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması və s. istiqamətində apardığı siyasətin tərkib hissəsi olaraq işğal nəticəsində ölkə daxilində öz yaşayış yerlərini dəyişən şəxslərin – məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində uçot və qeydiyyatının aparılması məqsədilə Qaçqınların və X2 Dövlət Komitəsinin şəhər və rayonlardakı nümayəndəlikləri tərəfindən aparılır. Yəni, məcburi köçkünlərin qeydiyyatı dedikdə, işğal tarixindən sonra onların faktiki olaraq, hal-hazırda harada yaşaması, dislokasiyası nəzərdə tutulur. Beynəlxalq hüquq çərçivəsində məcburi köçkünlərin bərabər hüquqlara malik olması əsas prinsiplərdən biridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri də göstərir ki, məcburi köçkünlərin mənzil, təhsil və sosial təminat hüquqları bərabər əsaslarla qorunmalıdır. Avropa Məhkəməsi bu sahədə bir çox mühüm qərarlar qəbul etmişdir. Məsələn, "M.S.S. Belçika və Yunanıstana qarşı" iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi məcburi köçkünlərin insan ləyaqətinə yaraşmayan şəraitdə saxlanılmasının və hüquqlarının məhdudlaşdırılmasının Avropa Konvensiyasına zidd olduğunu qərara almışdır. Məhkəmə vurğulamışdır ki, dövlətlər məcburi köçkünlərə bərabər şərait yaratmaq və onların hüquqlarını qorumaq üçün effektiv tədbirlər görməlidir. "Hirsi Cama və digərləri İtaliyaya qarşı" iş üzrə qərarında Məhkəmə, dövlətlərin məcburi köçkünlərin yaşamaq, sığınacaq almaq və qeyri-bərabərliyə məruz qalmamaq hüquqlarını təmin etməli olduğunu bildirmişdir. Beləliklə, məcburi köçkünlərin qeyri-bərabərliyə məruz qalmamaları insan hüquqlarının qorunması baxımından vacibdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, dövlətlərin bu sahədə üzərinə düşən öhdəlikləri müəyyən edir və məcburi köçkünlərin hüquqlarının bərabər əsaslarla təmin edilməsinin vacibliyini vurğulayır. Qeyd olunanlar nəzərə alınarsa, inzibati orqanın bu cür yanaşması ağlabatan deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2-1(112)-11262/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il, 2-1(112)-11262/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar