Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1034/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1166/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi 13-cü cənub küçəsindəki sahəsi 600 kv.m. olan 35 nömrəli və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m. olan 36 nömrəli bağ sahələrinə dair adına torpağın plan-ölçüsünün tərtib olunması və çıxarışın veriməsi öhəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21.10.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivində yerləşən 13-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m. olan 35 nömrəli və 14-cü Cənub küçəsində yerləşən sahəsi 600 kv.m. olan 36 nömrəli bağ sahəsinə dair (ardıcıl nömrə 35/36, ümumi sahə 1.200 kv.m) iddiaçının mülkiyyət hüquqları bağ sahəsinin 0,104 ha hissəsində (0.12 ha bağ sahəsinin elektrik xəttinin mühafizə zonasına düşən 0.016 ha hissəsi istisna olmaqla) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır və arxiv məlumatlarına əsasən eyni bağçılıq nəzdində “35-36” nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin 160 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, göstərilən sahə “Ulduz” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir və “Pambıq” bağçılıq yoldaşlığının ərazisinə aiddir. Lakin təqdim olunmuş sənədlər “Ulduz” bağçılıq yoldaşlığına aiddir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İşdə olan, X2 “Azərpambıq” təmizləmə sənayesi Müdiriyyət və Həmkarlar Təşkilatının birgə qərarından çıxarışa görə, təşkilatın 04 nömrəli 04 avqust 1988-ci il tarixli birgə qərarına əsasən iddiaçıya ardıcıl nömrə 35/36 sahəsi 1.200 kv.m. olan Xəzər rayonu Dübəndi qəsəbəsində bağ sahəsi ayrılmışdır. Qərardan çıxarış “Ulduz” Bağçılıq yoldaşlıq təsərüfat birliyi tərəfindən təsdiq edilmişdir. 09 nömrəli bağçının üzvlük kitabçasına əsasən iddiaçı Xəzər rayonu Dübəndi bağ təsərrüfatında “Ulduz” Bağçlıq cəmiyyətinə üzvlərin 04 nömrəli 04 avqust 1988-ci il tarixli qərarına əsasən üzv qəbul edilmiş, üzvlük kitabçası 1988-ci il tarixdə verilmişdir. Üzvlük kitabçasında ayrılan sahənin ünvanı 13-cü Cənub küçəsi 35 və 14-cü Cənub küçəsi 36, bağın ümumi sahəsi 1.200 kv.m. göstərilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin planı “Ulduz” Bağçılıq yoldaşlığı tərəfindən təsdiq edilmişdir. Cavabdehin iddiaçının müraciətinə cavab olaraq 13.06.2018-ci il tarixli **********36 nömrəli imtina məktuna görə, arxiv məlumatlarına əsasən eyni bağçılıq nəzdində “35-36” nömrəli bağ sahəsi digər fiziki şəxslərin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və göstərilən sahə “Pambıq” Bağçılıq Yoldaşlığının ərazisinə aiddir. Lakin, təqdim olunmuş sənədlər “Ulduz” Bağçılıq Yoldaşlığına aiddir. Cavabdehin məhkəməyə ünvanladığı 25.06.2019-cu il tarixli **********41 nömrəli məktubunda göstərilmişdir ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşktar olunmamışdır. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış və məlum olmuşdur ki, göstərilən torpaq sahəsi hasar daxilində 1.000 kv.m təşkil edir (sənəd üzrə isə 1.200 kv.m) və üzərində tikili yoxdur. İdarənin elekron kadastr məlumatlarına əsasən göstərilən sahə “Ulduz” Bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir və “Pambıq” Bağçılıq yoldaşlığının ərazisinə aiddir, bundan əlavə qonşu bağ sahələrinin nömrə ardıcıllığına uyğun gəlmir. Həmçinin, həmin ərazinin 160 kv.m. hissəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2019-cu il tarixli 20033 nömrəli ekspert rəyinə görə, ekspertiza tədqiqatının nəticəsinə əsasən, "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin təyin etdiyi koordinatlar üzrə sahənin “Pambıq” bağçılıq yoldaşlığının ərazisinə aid olduğu və sahənin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi (bağ sahəsindən 0.70-2.80 m aralı məsafədən, şimal tərəfindən, 6.000 Vt-luq YGEX keçir), elektron bazaya əsasən qeydiyyatdan keçmədiyi və “Ulduz” Bağçılıq yoldaşlığın ərazisinə düşmədiyi, “Pambıqçı” Bağçılıq yoldaşlığın ərazisinə düşdüyü müəyyən edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 09.10.2020-ci il tarixli **********47 nömrəli məktubla arxiv qovluğunda olan Azərpambıq təmizləmə sənayesi, “Ulduz” bağçılıq yoldaşlığının üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmiş, əlavə olaraq bildirilmişdir ki, ayrıc aktına əsasən "Pambıqçı” Bağçılıq yoldaşlığı “Ulduz” Bağçılıq yoldaşlığı ilə eyni bağçılıqdır. “Torpaq islahatı haqqında” AR Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə görə, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 25-ci maddəsinə əsasən, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.7-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, əsas hesab olunur. Qeyd olunan Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunması hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab olunsa da, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməyərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan heç birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsi və ya sərəncam yaxud order verilməmişdir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinə əsas şərt kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİHə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Lakin iddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (iş vərəqi 102-104), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçası, “Azərpambıq” təmizləmə sənayesi Müdiriyyət və Həmkarlar Təşkilatının birgə qərarından çıxarış və sair sənədlərdə tarix 1988-ci il göstərilsə də, həmin sənədlər latın qrafikası isə tərtib olunmuş, qeyd olunan illərə dair sənədlər isə təqdim edilməmişdir. Bundan əlavə, 02.11.2013-cü il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışa əsasən, Bakı şəhəri Xəzər rayonu Dübəndi bağ sahəsi “Ulduz” b/y-nın 35-36 saylı bağ sahəsi (0,12 ha, reyestr nömrəsi **********75) X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, şikayət təmin edilməli, qərar ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd olunmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1166/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ massivi 13-cü cənub küçəsindəki sahəsi 600 kv.m. olan 35 nömrəli və 14-cü Cənub küçəsindəki sahəsi 600 kv.m. olan 36 nömrəli bağ sahələrinə dair adına torpağın plan-ölçüsünün tərtib olunması və çıxarışın veriməsi öhəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1034/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1034/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver