Məhkəmə qərarları › İş №2-1(103)-1035/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1035/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1035/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı əsas götürülməklə İddiaçı barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4232/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-3561/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı işə cəlb edilməklə) “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair 2-1(103)-2722/2023 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs statusu ləğv edilmiş və həmin inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 2-1(112)-4232/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərarının icrasının təmin olunmaması səbəbi ilə cavabdehin cərimə edilməsini və məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Xidmətinə qarşı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 saylı, 21 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Rabitəsi Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı əsas götürülməklə İddiaçı barəsində yeni məlumat vərəqəsinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir. Məhkəmə qərarı cavabdeh tərəfindən tam və düzgün icra olunmamışdır. Belə ki, onun hazırda aldığı pensiyanın tərkibində göstərilən vəzifə maaşı 422 manat təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə qərarı ilə ona pensiyanın yenidən hesablanması üçün əsas götürülməli olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin Feldyeger Xidməti Baş İdarəsində şöbə rəisinin müavini vəzifəsinin bugünki vəzifə maaşı təxminən 1000-1500 manat təşkil edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2-1(112)-4232/2023 nömrəli qanuni qüvvəyə minmiş qərarı 11 dekabr 2023-cü il tarixində icra edilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinə daxil olmuşdur. Bildiririk ki, qərarın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu edilmiş və ehtiyatda olan d/x polkovnik-leytenantı İddiaçı arxiv şəxsi işinin xidmət siyahısının surəti əldə olunmuşdur. Əldə olunmuş arxiv sənədə əsasən ehtiyatda olan d/x polkovnik-leytenantı İddiaçı xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq tərəfimizdən hazırlanmış məlumat vərəqi 30 dekabr 2023-cü il tarixli 4/699m nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. - 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan qərarın cavabdeh tərəfindən icra edilmədiyini bildirməklə qərarın icra olunması ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməsini xahiş edir. Lakin iş materiallarında olan Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, həmin qərar icra olunaraq hazırlanmış yeni məlumat vərəqi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarı icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4232/2023 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar