Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1036/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgi sxeminin təsdiq edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12547/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsinin ərazisində M.Hadi küçəsində ayrılmış torpaq sahəsinin cizgi sxeminin təsdiq edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayon Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində məntəqə tikintisi məqsədilə 150 kv metr torpaq sahəsi iddiaçıya ayrılmışdır. Bu barədə qərar qəbul edilmişdir və o, torpağın alqı-satqı dəyəri olan 3000 manat məbləğini Əhmədli bələdiyysinin hesabına ödəmişdir. Torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək təsdiq edilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Sözügedən torpaq sahəsi qanuni əsaslarla ona yerində təhvil verilmişdir. Hazırda həmin torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydə alınması üçün torpaq sahəsinin cizgi sxeminin Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Torpaq ayrılan zaman cizgi sxemi tərtib edilmişdir, lakin Xətai rayon İcra Hakimiyyəti onu təsdiq etməkdən imtina edir. Bununla bağlı, tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət olunmuş, bütün lazımi sənədlər təqdim edilmiş, lakin müraciəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12547/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, “araşdırma zamanı müəyyən olunmuşdur ki, Xətai rayonu Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 saylı sərəncamı ilə sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədilə (cizgidə göstərilən) 150 kv.m torpaq sahəsi vətəndaş İddiaçı adına sənədləşdirilmişdir. Bildiririk ki, qeyd olunan sərəncamın qərar hissəsinin 3-cü bəndinə uyğun olaraq məntəqə tikintisi işləri Rayon İcra Hakimiyyətinin memarı tərəfindən razılaşdırılmış eskiz layihə əsasında aparılmadığından uzun illər əvvəl inşa olunmuş məntəqənin təqdim olunmuş lahiyyəsinin razılaşdırılması mövcud qanunvericiliyin tələblərinə ziddir. - Bakı şəhəri Xətai rayon Əhmədli Bələdiyyəsinin 18 iyul 2007-ci il tarixli, 134 nömrəli “Sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında” Qərardan çıxarışda qeyd olunur ki, M.Hadi küçəsində, sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə (cizgidə göstərilən) 150 (yüz əlli) kv.m torpaq sahəsi vətəndaş İddiaçı adına sənədləşdirilsin. Əhmədli Bələdiyyəsi ərazi mülkiyyəti idarəetmə şöbəsi torpaq sahəsinin naturada vətəndaş İddiaçı-na təhvil verilməsini təmin etsin. Tikintinin layihə-smeta sənədlər İddiaçı-in hesabına hazırlansın və rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinə göndərilsin. Bələdiyyə vergi müfəttişliyi torpağın kadastr qiymətinin, yəni hər kv.m üçün 20 (iyirini manat) AZN olmaqla 150 x 20= 3000 (üç min manat) vəsaitin Bələdiyyə büdcəsinə ödənilməsi təmin edilsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, sahibkarlıq fəaliyyəti üçün məntəqə tikintisi məqsədi ilə İddiaçı ayrılmış M.Hadi küçəsində yerləşən torpaq sahəsinə dair eyniləşdirməyə imkan verən yerləşmə cizgisi mövcuddur, yəni Əhmədli Bələdiyyəsi vaxtilə torpaq sahəsini naturada müəyyən edərək hüquq sahibinə təhvil verimişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi müvafiq tələblə Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsinə müraciətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2.Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5.Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin: 1.3. DƏDKR bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12547/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1036/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1036/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver