Məhkəmə qərarları › İş №2-1(103)-1037/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1037/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1037/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı əvvəlki üç ilə görə müavinətin ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2077/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən əvvəlki 3 il müddət üzrə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Müharibə veteranları haqqında” AR Qanununa əsasən “müharibə veteranı” adı və vəsiqəsi hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında müvafiq orqan tərəfindən yaradılmış komissiyanın qərarı əsasında verilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər də veteran vəsiqəsi təqdim edildikdə verilir. İddiaçıya 084747 nömrəli vəsiqə xx.xx.2018-ci il tarixdə verilmişdir. Müavinət təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli 838 nömrəli qərarı ilə həmin müavinət xx.xx.2018-ci il tarixdən (almaq hüququ yaranan gündən) təyin olunmuşdur və ödənilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdən görünür ki, iddiaçıya AR Müdafiə Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə M/V 084747 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə, aşağıdakılar bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələrinə aidddir: - Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən müavinətlərin, təqaüdlərin, kompensasiyaların, ünvanlı sosial yardımların, digər sosial ödəmələrin və sosial xidmət xərclərinin maliyyələşdirilməsi üçün Nazirlik tərəfindən təmin edilən vəsaitlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək (3.1.15-ci bənd); - əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normativ hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək (3.1.20-ci bənd). «Sosial müavinətlər haqqında» AR Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər; 4.0.1-ci maddəsinə əsasən, qanunla aşağıdakı aylıq müavinətlər təyin edilir: dövlət qulluqçularına ömürlük müavinət; yaşa görə müavinət; əlilliyə görə müavinət; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; ailə başçısını itirməyə görə müavinət; müvafiq icra hakimiyyəti orqan tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; üç yaşınadək uşağa qulluğa görə müavinət; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 5-ci maddəsinə görə, bu Qanunun 4.0.1.1-4.0.1.6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər; 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir; 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Sadalanan normaların təhlili göstərir ki, iddiaçıya kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən təyin edilə bilsə də, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilə bilər. Başqa sözlə, müavinəti almaq hüququ daha əvvəlki tarixdə yaransa da, ödənilmə yalnız bu barədə müraciət tarixindən əvvəlki son üç illə bağlı həyata keçirilə bilər. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və onun dəlillərini qanunun səhv təfsirinin nəticəsi hesab edir. Belə ki, iddiaçının müharibə veteranı olması və onun bu hüququnun veteran olduğu dövrdə yaranmaqla, xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsi və bu prosesin Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” xx.xx.2019-cu il tarixli Fərmanından əvvəl baş verməsi işin mübahisəsiz hallarıdır. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona üç il əvvələ görə də müavinətin ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin əsasları apellyasiya şikayətinin dəlilləri ilə eyni olan xx.xx.2019-cu il tarixli **********9 nömrəli imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2077/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar